Qayıtdıq “Təbiət”ə... FELYETON

Qayıtdıq “Təbiət”ə... FELYETON

Deməli, belə, hörmətli Molla Nəsrəddin, çox sağ olun, illər öncə min bir zəhmətlə insanları elmə, təhsilə çağırışınız bu gün bəhrəsini verir. Hələ xəbəriniz varmı, yoxmu, bilmirəm, nə yeniliklər əlavə olunur təhsil sisteminə, saymaqla nə bitəndi, nə də tükənən. Hər gün bir yenilik, hər dərs ilinin əvvəli daha bir yenilik, hər dərs ilinin sonu daha bir dəyişiklik.

Baxdıqca adamın ürəyi açılır. Əslində bu, təqdir olunası haldır. Məktəblərdə bu gün belə, sabah elə, o biri gün daha başqa bir dəyişikliyin olması uşaqların xeyrinədir. Beyinləri sürətlə çalışır, inkişaf edir, dəyişikliklərə, yeniliklərə alışırlar. Ümumilikdə tez-tez olan dəyişikliklərə hazır olurlar.

Allah sizə rəhmət etsin, Molla baba, kaş ki, yaşayıb bu günləri də görə bilərdiniz. Görərdiniz ki, müasir təhsil sistemində nələr var. Fəxr edib, qürur duyardınız ki, bugünkü nəsil bu qədər müasirləşdirilmiş sistemlə elmin sirlərinə yiyələnir.

Bax elə bu dərs ilinin sonlarına doğru da gözəl bir yenilik həyata keçirilib. Elm və Təhsil Nazirliyində fənlərə baxılması istiqamətində müzakirələrə başlanılıb, hansı fənnin tədris prosesindən çıxarılması məsələsinə baxılıb və

belə bir qənaətə gəlinib ki, növbəti tədris ilində 6-cı siniflərdə “Təbiət” fənni tədris ediləcək, əvəzində isə 6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq.

İndi əziz Molla, sual verə bilərsən ki, bu, nə deməkdir? Nə üçün əvvəl vardı, indi yoxdur. Bilirəm ki, bu sualı verəcəksən. Verməkdə də haqlısan. Çünki hər kəsin haqqıdır ki, ötən il olub, bu il olmayanla bir maraqlansın.

Belə isə mən deyim, sən də dinlə. Dəqiq deyə bilmərəm, xeyli vaxt idi ki, məktəblərimizin 6-cı siniflərində “Təbiət” fənni ixtisara salınıb, əvəzində “Biologiya” və “Fizika” fənləri tədris olunmağa başlanmışdı. Burada pis olan nə var ki? Heç nə. İstəmişdilər ki, uşaqlar birinci pillədən ayaqlarını qaldırıb 5-ci, 6-cı pilləyə qoysunlar da. Burada həqiqətən pis nə isə yoxdur. Bu gün hələ məktəbə getməyən uşaq smartfon telefonların altını üstünə çevirirsə, valideynləri ilə birlikdə səhərdən gecə yarıyadək televizor qarşısında əyləşib, onlar nəyə baxırlarsa, ona baxırsa, elə 6-cı sinfə qədər uşaqlar “plesteyşın” oyunlarının qəhrəmanına çevrilirsə, sosial şəbəkələri biz böyüklərdən daha sürətlə gəzə bilirlərsə və bütün bunların hamısına biz valideynlər şərait yaradırıqsa, onda nə üçün 6-cı sinif şagirdi fizika və biologiyanı öyrənməsin?

Belə, Molla baba, bu səbəblərdən uşaqlara fizika və biologiya elə bil bir az vaxtından əvvəl tədris edilməyə başlandı. Lakin yəqin sən də “Bir qalanın sirri” filmini xatırlayarsan. Filmin qəhrəmanı Elşən təbiəti-gül-çiçəyin, ağacların, quşların dilini öyrənməyincə, istəyinə nail ola bilmirdi. Bu səbəbdən də “həkim babası” ona xüsusilə təbiətlə bağlı kitabları oxumasını tövsiyə etmişdi. Elşən də gecəsini gündüzünə qatdı, oxudu və sonda istəyinə nail oldu.

İndi də bizim bu müasir təhsil sistemində yəqin gördülər ki, təbiəti öyrənmədən təbiət hadisələrinin əks olunduğu fizikanı, biologiyanı öyrənmək bir qədər çətindir, ona görə bir də başa döndülər. Yəni “Təbiət” fənninə qayıtmaqla bu dərs ilinin yeniliyini etdilər.

Məncə sən də bu yeniliyə ürəkdən razılaşarsan, Molla baba. Deyərsən ki, əlbəttə, 6-cı sinfin uşağı əvvəl bilməlidir ki, su nə üçün qaynayır, ildırım nə üçün çaxır, külək nə üçün əsir, yarpaq necə olur ki, yaşıl rəngdən sarıya çevrilir. Ot nə üçün saralır, nə üçün yağış yağır, günəş doğur. Nə üçün insan dünyaya gəlir, böyüyür, yaşlanır, xəstələnir, ölür. Deyərdin ki, hə, bunlar haqqında gərək “Təbiət” fənnindən ilkin olaraq məlumat alasan ki, sonra fizika və biologiya ilə daha dərindən dərk edəsən.

Buna görə də, Molla baba, Təhsil Nazirliyinin bu addımı həqiqətən alqışalayiqdir. Həm də çox böyük addım, böyük yenilikdir. Bax bu yeniliklərin qarşısında uşaq sabah yaxşı oxumayacaqsa, yaxşı göstərici nümayiş etdirməyəcəksə, deməli, günah özündədir. Bu yeniliklərlə gərək uşaqlarımız elmin sirlərinə elə bələd olalar ki, xaricilər başqa planetləri gəzərkən biz buradan məəttəl-məəttəl baxmayaq.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə