Xəzərdə suyun azalması hansı təhlükələri yarada bilər? - EKOLOQ AYDINLIQ GƏTİRDİ

Xəzərdə suyun azalması hansı təhlükələri yarada bilər? - EKOLOQ AYDINLIQ GƏTİRDİ

"Xəzər dənizində suyun səviyyəsinin getdikcə aşağı düşməsi sahil regionlarında çox ciddi fəsadlara səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, elə qurğular var ki, dənizdən su götürüb dəniz suyunu müxtəlif məqsədlər üçün istifadə edirlər: "Azərbaycanda da belə bir hal olmuşdu. Şimal Dövlət Rayon Elektik Stansiyasında soyutma qurğuları dənizdən su götürürdü. Bununla bağlı problem yaranmışdı.

Portlarda problem yarana bilər. Yəni, dənizin dayazlaşması baş verir və gəmilərin portlara yananması getdikcə çətinləşir. Bu da başqa bir problemdir".

Rövşən Abbasov sözlərinə belə davam edib: "Həmçinin, turizm və rekreasiya müəssisələrində problemlər yarana bilər. Bəzən görürsən ki, dənizin sahili çimərlikdir, amma elə yerlər var ki, 300-400 metrə geriyə çəkilib. Qazaxıstanda bu çəkilmələr daha çoxdur. Elə yer var ki, 10 km qədər çəkilmə var. Çünki orada dəniz dayazdır və dənizin dayaz olması səviyyənin düşməsi zamanı böyük ərazilərin qurumasına səbəb olur. Bu Azərbaycanda Qazaxıstandakı kimi yox, bir qədər yüngül olacaq. Amma bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Təcili dəniz səviyyəsinin aşağı düşməsinə görə sahil zonalarının idarəetmə mexanizmlərini və adaptasiya planlamasını aparmalıyıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə