İnsan duyğularını necə idarə edir ? - PSİXOLOQ DANIŞDI

“Əslində həyatımızda baş verən bir çox şeylər əhəmiyyətli dərəcədə duğularımıza təsir edir. İnsan sosial varlıq olsa da, hər şeydən öncə bioloji, duyğusal varlıqdır və duyğuları, düşüncələri var. Duyğu, düşüncə və davranışımız bir-biri ilə əlaqəlidir, harmoniya təşkil edir. Buna bəzən “3D model” də deyirlər”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, duyğularımız düşüncələrimizi formalaşdırır, düşüncələrimiz isə öz növbəsində davranışlarımıza birbaşa təsir edir: “Bir insanın davranışını analiz edərək, əslində müəyyən dərəcədə də olsa onun duyğularını bilmək olar. Bütün bunlar da öz təsirini gündəlik yaşamımızda, həyatımızda göstərir. Burada duyğularımızla, davranışlarımızla barışıq şəkildə olmağımız önəmlidir, çünki davranışlarımızın da qaynağı duyğularımızdır.

Məsələn, aqressiv davranış sərgiləyən, ailə üzvləri ilə yaxşı münasibəti olmayan yeniyetmənin davranışını analiz etsək görərik ki, ailəsi ilə pisdir, hər xırda bir şeydə əsəbiləşir, ana-atası ilə davamlı fikir ayrılığı yaşayır. O düşünür ki, “valideynlərim məni başa düşmür”, “anam məni keçmiş zamanı ilə müqayisə edir” və s. Həmin yeniyetmənin duyğularına enib, analiz etsək onun dəyərsizlik duyğusu yaşadığını görə bilərik. Bu da kiçik yaşlardan davamlı müqayisə olunan uşaqlarda daha çox özünü göstərəir və zamanla duyğularına da yansıyır. Belə olduqda, yəni onlar özlərini dəyərsiz hiss etdikdə ətrafına qarşı aqressiv davranışlar sərgiləyir.

Əsas məqamlardan biri də insanların duyğularını kontrol edə bilməsidir. Bunu edə bilən, yəni sağlam şəkildə duyğularını idarə edən, hər zaman hisslərinə qapılmayan insanlar öz qorxu və travmalarını da müəyyən mənada korreksiya edə bilər. Ona görə də mən hər zaman qeyd edirəm ki, insanın necə davrandığından daha çox nə hiss etdiyini, necə hiss etdiyini öyrənmək, analiz etmək lazımdır. Bəzən özümüz özümüzlə danışmalıyıq, aynanın qarşısına keçib özümüzə sual verməliyik. “Nə üçün bu davranışı etdin? Bu davranışı edərkən nə düşündün? Mən indi nə hiss edirəm?” və s. kimi suallar verməli, davranışımıza səbəb olan o duyğunu tapmalıyıq. İnsan həmişə ağlı, beyni ilə hərəkət edə, düşünə bilməz. Əks halda bizim elm adamlarının yaratdığı bir robortdan fərqimiz olmazdı. Biz əvvəldə də, qeyd etdiyim kimi, həm də duyğusal bir varlığıq və duğularımız da həyatımıza, qərarlarımıza təsir edir. Bizi duyğularımız idarə edir və onlar həyatımızda əhəmiyyətli bir yerə sahibdir.”

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə