Çimərlik mövsümünə hazırıqmı? - ARAŞDIRMA

Çimərlik mövsümünə hazırıqmı? - ARAŞDIRMA

Dəniz çirklənməsi insan tərəfindən dəniz ekosisteminə zərər vuran, insan sağlamlığına təhlükə yaradan, balıq ovu ilə bağlı fəaliyyətin qarşısını alan, dənizdən istifadənin keyfiyyətinə təsir edən və onun təsirini azaldan maddələrin və ya enerjinin birbaşa, yaxud dolayı yolla dəniz mühitinə buraxılması kimi müəyyən edilir. Müxtəlif yollarla baş verən dənizlərin çirklənməsi təbii ehtiyatların davamlılığı və insanların gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də dənizin çirklənməsi və sahillərlə bağlı problemlər xüsusi əhəmiyyət kəsb edir. Dünyada sənaye, dəniz nəqliyyatı, urbanizasiya, turizm və tullantıların atılması ilə yanaşı, dəniz qəzaları səbəbindən dənizlər hər keçən gün daha da çirklənməyə başlayıb.

Bildiyimiz kimi, ölkəmizdə də çimərlik mövsümünə çox az bir zaman qalıb. Bəs, çimərliklərin çirklənməsinin qarşısını necə almaq lazımdır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Neft törəmələrinin sənaye üsulu ilə geniş şəkildə istehsalı və istifadəsi nəticəsində tullantılar, dəniz nəqliyyatı və qəzalar dənizlərin çirklənməsində mühüm rol oynayır.

Dənizin çirklənməsi dedikdə, insanlar tərəfindən birbaşa və ya dolayı yolla dəniz mühitinə buraxılan maddələr (tullantılar da daxil olmaqla) və enerji nəzərdə tutulur. Dənizdə bioloji həyatın səmərəliliyi və davamlılığı suyun tərkibindəki oksigen və istiliyin miqdarından, həmçinin suyun temperaturundan asılıdır.

Günəş işığının dənizə daxil olması üçün nə qədər az maneə varsa, günəş işığı bir o qədər dərinə nüfuz edə bilər. Başqa sözlə, dəniz səthi nə qədər təmiz olarsa, günəş işığı bir o qədər dərinə çata bilər.

Dəniz suyunun temperaturu da eko-balans baxımından çox mühüm faktordur. Dəniz suyu istiliyini həm günəş işığından, həm də atmosferdən alır. Atmosferlə təmasda olan dəniz səthi atmosferin istiliyini udur. Bu istilik mübadiləsinin miqdarı dəniz səthinin ilk millimetrlərinin təmizliyindən asılıdır. Dənizlərdə çirklənmə ən çox dəniz səthində olur. Yuxarıda izah edilən səbəblərdən bu bölgədə həddindən artıq çirklənmə dənizlərin soyutma qabiliyyətini zəiflədir, hava və günəşlə təmasda olmayan dənizdə eko-tarazlıq pozulur. Beləliklə, dənizlərin gələcək potensialı itirilir. Bunların nəticəsi olaraq da canlı qaynaqları zədələnir, insan sağlamlığı təhdid edilir, balıqçılıq kimi dəniz fəaliyyətləri təsirlənir, istifadə edilən dəniz suyunun keyfiyyəti pisləşir və dəniz növləri azalır.

Dənizlərdə çirklənmə səbəbləri:

1-Dəniz sahillərində salınmış yaşayış məntəqələri və sənaye obyektləri,
2- Hava yolu nəqliyyat vasitələrindən,
3- Dənizlərdə qurulan platforma və boru kəmərlərindən,
4-Gəmi və dəniz vasitələrindən.

Dünya ölkələrində çimərliklərin vəziyyəti hansı durumdadır?

Yeddi ölkədə aparılan araşdırmaya görə, Qərbi Avropalılar dəniz plastik tullantılarını ən böyük ekoloji problem olaraq görürlər. Tədqiqat “YouGov” ictimai rəyi araşdırma şirkətinin Almaniya bölməsi və okeanlarda həyatı dəstəkləyən “Orange Ocean” təşkilatı tərəfindən aparılıb.

Braziliya və Misirdə içməli suyun çirklənməsi, Çində isə havanın çirklənməsi ən mühüm ekoloji problemdir. Sorğuda iştirak edən almanların yüzdə 49-u, ingilislərin isə yüzdə 55-i okeanların və dənizlərin çirklənməsini ən mühüm ekoloji problem olaraq gördüklərini bildiriblər.

Avstraliyalıların yüzdə 40-ı dənizlərin çirklənməsindən şikayət edərkən, yüzdə 43-ü qlobal istiləşməni daha böyük təhlükə olaraq gördüklərini bildirib.

Tədqiqatda iştirak edən amerikalılar isə okeanlar və dünya dənizlərindəki plastik tullantıları üçüncü ən böyük ekoloji problem olaraq görürlər. Amerikalıların 45 faizi qlobal istiləşməni, 38 faizi içməli suyun çirklənməsini, 34 faizi isə okeanları çirkləndirən plastikləri təhlükə adlandırıb.

Çinlilərin 59 faizinin fikrincə, ən mühüm ekoloji problem havanın çirklənməsidir. Okeanlarda və dənizlərdə plastik tullantılar çinlilər üçün böyük problem deyil.

Misir əhalisinin yalnız 7 faizi bu məsələdən narahat olduğunu bildirib. Misirlilərin 72 faizi içməli sularının artan çirklənməsindən narahat olduqlarını bildiriblər.

Braziliyalıların fikrincə, ekoloji problemlər arasında dənizlərin çirklənməsi altıncı yerdədir. Onların 57 faizi içməli suyun çirklənməsini, 47 faizi dünyanın istiləşməsini, 41 faizi isə ətraf mühitin çirklənməsini ən mühüm ekoloji problem hesab edir.

Bakı Şəhər Xidmət Ticarət və Xidmət Departamentindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Abşeron yarımadasında mövcud olan çimərliklər sayı çoxdur: "İstər özəl, istərsə də dövlət çimərliklərində yay mövsümünə hazırlıq işləri gedir. Bu çimərliklər təmir olunur, əlavə təmiz qum səpilir, ətraf ərazilər təmizlənir, mövcud olan istirahət guşələri rənglənib, təzələnib, duş kabinaları təmir olunub.

Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq İctimai Birliyinin yaratdığı çimərliklər digər çimərliklərdən xidmətin pulsuz olmasıyla fərqlənir. Vətəndaşlar bu çimərliklərdə heç bir dəyər ödəmədən istirahət edə bilirlər və onların istirahəti üçün "İDEA" ictimai birliyinin rəhbərliyi tərəfindən tam şərait yaradılıb. Artıq 5 ildır ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb. Artıq bir neçə aydır yenidənqurma və təmizlik işləri aparılır. Bununla yanaşı sözügedən çimərliklərə təzə zibilqabları, söhbətgahlar, voleybol torları, futbol qapıları qoyulub. Həmçinin avtomobillərin park etməsi üçün böyük sahələr yaradılıb.

Çimərlik mövsümü elan edildikdən sonra tullantıların çimərliklərdən daşınması xüsusi qrafiklə həyata keçiriləcək. Bununla yanaşı işçi personalı tərəfindən çimərliklər ciddi nəzarətə alınacaq və çimərliklərə yeni avtobus xətləri açılacaq".

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov: "Məlumdur ki, Xəzər dənizində çirklənmə var. Yəni, bu hamı tərəfindən qəbul olunmuş bir faktdır. Bu çirklənmə bütün mənbələrdən gəlir. Beş ölkənin çirkləndirici maddələri Xəzər dənizinə axır və biz Abşeron yarımadasında çalışırıq. Yəni Abşeron yarımadasında Hövsan aviasiya stansiyası var. Bakı şəhərindəki tullantı sularının böyük bir hissəsi orada təmizlənərək Xəzərə atılır. Amma elə ərazilər var ki, orada bu təmizlənmə getmir. Məsələn, Novxanı, Pirşağı, Bilgəh istiqamətində bir çox obyektlər var ki, onların suyu birbaşa Xəzər dənizinə axıdılır. Əlbəttə ki, bu ərazilərdə üzmək kimi fəaliyyətlər qətiyyən ola bilməz. Ən yaxşı yol isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasını gözləməkdir. Onlar dəqiq olaraq deyirlər ki harada çimmək olar, yaxud olmaz. Buna əməl etmək lazımdır.

Qeyri-rəsmi məlumatlara görə, hər il 300 min tona yaxın bərk tullantılar Xəzər dənizinə atılır. Vətəndaşlardan xüsusi olaraq xahiş etmək lazımdır ki, çimərliyə gedəndə təmizliyi qorusunlar və özləri ilə hər hansı bir iz qoymasınlar. Yəni, onlar gələndə çimərlik hansı vəziyyətdə idisə, gedəndə də həmin vəziyyətdə olmalıdır. Qətiyyən plastik torbaları, plastik butulkaları, plastik qabları, ümumiyyətlə, atmaq olmaz və mümkün qədər çalışmaq lazımdır ki, az zibil yaradılsın.

Çimərliyə gedəndə elə yemək və qab aparın ki, orada tullantı yaranmasın. Bu, çox yaxşı olardı. Suyu termosda aparsanız yaxşı olar, nəinki plastik butulkada. Əlbəttə, siz plastik butulkanı zibil qabına atacaqsınız, amma yenə də əlavə yük yaranacaq. Çalışın sizdən sonra heç bir yük yaranmasın. İnkişaf etmiş ölkələrdə, ümumiyyətlə, turistlər belə ərazilərə gedəndə, hətta orada zibil qabı olsa belə, onu ora atmırlar. Özləri ilə plastik qablardı, torbalardı nəsə yaranıbsa, onu yenidən evlərinə gətirirlər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə