Bildiyimiz kimi, hər yay bir çox gənclər təşkilatları gəncləri düşünürək onlar üçün maraqlı düşərgələr və müxtəlif planlar təşkil edir. Bütün bunlar gənclərin inkişafı ilə yanaşı onların asudə vaxtını daha səmərəli keçirməsi üçün müsbət şərait yaradır. SİA mövzu ilə bağlı təşkilat sədrləri və müavinlərinin fikirlərini öyrənib.
"İRƏLİ" İctimai Birliyinin sədri Şahin Rəhmanlı: "İRƏLİ üçün yay fəsli xüsusi önəm daşıyır. Əsas səbəb ondadır ki, əsas auditoriyamız məhz gənclərdən ibarətdir. Həm havanın isti olması, həm də gənclərin asudə vaxtının çoxluğu bizi daha çox düşərgə tipli layihələri icra etməyə istiqamətləndirir.
Hər il olduğu kimi bu ildə ənənələrimizə sadiq qalaraq bir çox düşərgə həyata keçirməyi hədəfləyirik. Bu layihələr sırasında indiyədək gənclər arasında olduqca sevilən "Marş İrəli", "Gənclər Kuboku" və "Gənclər Davamlı İnkişaf üçün" layihələrinin növbəti mövsümü, habelə gənclərin hərtərəfli inkişafı, regionlarda aktiv vətəndaşlıq, icma quruculuğu, gənc təlimçilərin formalaşdırılması, informasiya texnologiyaları istiqamətləri üzrə ölkəmizin müxtəlif bölgələrində fəaliyyətlərin təşkili nəzərdə tutulur. 2023-cü ilin "Heydər Əliyev İli" olmasını nəzərə alaraq, paytaxt və bölgələrimizdə Ulu Öndər irsinin gənclərə aşılanması sahəsində də tədbirlərimiz həyata keçiriləcək.
Bu kimi layihələrin bizim üçün üstün tərəflərindən biri də gənclərimizlə birgə vaxt keçirərkən onları daha yaxından tanıyır, onları maraqlandıran mövzu və problemləri öyrənə bilirik. Bu da növbəti fəaliyyətlərin təşkili üçün xasusi əhəmiyyət daşıyır".
NAYORA-nın sədri Azər Əliyev: "Danılmaz faktdır ki, dövlətin, həmçinin gənclər siyasətinin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətimizin avanqard qüvvəsinə çevrilirlər. Yay düşərgələri gənclərin şəxsi, sosial inkişafına və rifahına böyük təsir göstərərək onların şüurunda xüsusi yer tutur. Bu düşərgələrin əsas üstünlükləri şəxsi inkişaf və sosial qarşılıqlı əlaqə imkanıdır ki, gənclər təşkilatları bunun fərqində olaraq yay ayları ərzində düşərgələr vasitəsilə minlərlə gənci öz ətraflarında toplayır.
NAYORA olaraq biz düşərgələr mövsümünü Şəki şəhərində keçirdiyimiz Gənclər Təşkilatlarının Strateji Planlaşdırma düşərgəsi ilə açıq elan etdik. "Heydər Əliyev İli" çərçivəsində AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən və 100-ə yaxın gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirak etdiyi layihənin əsas məqsədi gənclər təşkilatlarının birgə fəaliyyət strategiyalarının müzakirə edilməsi, aidiyyəti istiqamətdə görüş, müzakirə, vörkşopların keçirilməsi və fəaliyyət strategiyası ilə bağlı birgə sənədin hazırlanmasından ibarət idi. Ümumilikdə 5 gün davam edən düşərgə komanda işləri, uzun müddətli əməkdaşlıqlar və dəyərli təcrübələrlə yadda qaldı.
Yay düşərgələri deyəndə hər kəsin ağlına ilk növbədə əyləncə və istirahət gəlsədə əslində düşərgələr daha çox yeni bilik və bacarıqların əldə olunması, təcrübə mübadiləsi, şəbəkələşməni özündə cəmləşdirir.
Qeyd edim ki, iyun ayı ərzində AR Gənclər Fondunun dəstəyi ilə həyata keçirməyi planlaşdırdığımız daha bir düşərgə Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı çərçivəsində təşkilatların Baş katibləri və idarəedici şəxsləri üçün olan layihədir. Əslində bu proqram NAYORA üçün ənənə halını alıb deyə bilərəm, çünki 2022-ci ildən etibarən proqrama start vermişik. Düşərgələrə aldığımız geri dönüşlər çox məhsuldar və öyrədici oldu ki, biz bu il də davam etmək qərarına gəldik. Düşərgə keçən il 35 nəfərin iştirakı ilə baş tutsada bu il sayı 50 etməyi hədəfləmişik. Proqramın əsas məqsədi iştirakçıların idarəetmə bacarıqlarının artırılması, gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, onların birgə fəaliyyətlərə təşviq edilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi, seminar və sessiyalar vasitəsilə yeni biliklərin əldə edilməsindən ibarətdir.
Düşərgələrimizdə yerli kontekslə yanaşı beynəlxalq təmsilçilik istiqamətində də bir sıra fəaliyyətlər nəzərdə tutmuşuq. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirəcəyimiz "Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik" layihəsi belə layihələrdən biridir. Layihənin ümumilikdə 50 təşkilat nümayəndəsinin iştirakı ilə 3 modulda həyata keçirilməsi planlaşdırılıb. Gənclər təşkilatlarının nümayəndələrinin beynəlxalq tərəfdaşlarla əlaqə və əməkdaşlıq imkanlarının artırlması, beynəlxalq platformalı gənclər təşkilatlarının şəbəkələşməsinin təmin edilməsi, beynəlxalq inteqrasiya, təmsilçiliklə bağlı bilik və təcrübələrin təkmilləşdirilməsi layihənin əsas məqsədləri sırasına daxildir.
Həmçinin Danimarka Milli Şurası ilə həyata keçirəcəyimiz təşkilat nümayəndələri üçün beynəlxalq layihələrin yazılması təlimləri də bu qəbilədəndir. 40 nəfərədək iştirakçı ilə baş tutacaq layihənin məqsədi xarici donorlarla layihə təkliflərinin effektiv formada yazılması və idarə edilməsindən ibarətdir.
Son olaraq isə qeyd etmək istədiyim layihələrdən biri "Azərbaycanın regionlarında gənc təlimçilərin, fasilitatorların və multiplayerlərin bacarıqlarının inkişafı proqramı"dır. İlkin olaraq proqramın təlimlərinin hər birində 40 gənc təlimçi olmaqla Lənkəran və gənclər paytaxtı Mingəçevirdə keçirilməsini planlaşdırmışıq. Layihənin əsas məqsədi Azərbaycanın regionlarında qeyri-formal təhsilin cəlbediciliyini və keyfiyyətini artırmaqdan ibarətdir.
Yekun olaraq qeyd etmək istəyirəm ki, yay düşərgələri gənclərin inkişafında mühim rol oynayır, onlara şəxsi inkişaf, sosial qarşılıqlı əlaqə, təhsil də daxil olmaqla geniş imkanlar təklif edir. Düşərgələrin mühiti gənc fərdləri potensiallarını kəşf etməyə və hərtərəfli fərdlər olmağa təşviq edir, həmçinin onlara gələcəyə hazırlayan yaddaqalan və dəyişdirici təcrübə təqdim edir".

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) İcraçı direktoru Rafael Hacıbəyli: “Bu il yay ayları ərzində ASAP tərəfindən müxtəlif layihələr keçiriləcək. İlkin olaraq, bir neçə gün sonra Fransanın Strasburq şəhərində keçiriləcək Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev: Azərbaycan-Avropa Şurası münasibətlərinə tarixi baxış" tədbirini vurğulamaq istərdim. Həmçinin, xaricdə təhsil alan və təhsilini başa vurmuş gənclərimizin iş və karyera imkanlarının artırılması məqsədilə Karyera Akademiyası layihəsi təşkil olunacaq. Karyera Akademiyası gəncləri şirkətlər tərəfindən müxtəlif təlim və biliklər ilə təmin edən platforma rolunu oynacaq. Gənclərə karyera imkanları vermək məqsədi ilə gənclər təşkilatlarının və qabaqcıl şirkətlərlə əməkdaşlıq çərçivəsində onların birgə şəbəkələşməsi baş tutacaq. Bundan başqa "Yay Dayanıqlıq Düşərgəsi" -nin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda xaricdə təhsil alan və məzun olan gənlərimizin iştirakı ilə keçirilən "Ənənə Xeyriyyə" layihəsi çərçivəsində müxtəlif istiqamətlərdə xeyriyyə tədbirləri baş tutacaq”.
"Davam" Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfilli: "Yay mövsümü gənclər üçün istirahət mövsümü olduğuna görə onlar bu müddət ərzində gənclər təşkilatlarının fəaliyyətində daha yaxından iştirak edə bilirlər. Buna görə də gənclərin asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə "Davam" Gənclər Hərəkatı tərəfindən qarşıdakı 3 ayı əhatə edən fəaliyyət planı hazırlanıb. Hərəkat olaraq "Kəşf et və yetişdir" texnologiyasına uyğun 3 yay düşərgəmiz baş tutacaq. Bunlardan biri olan "Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi" 18-23 iyun tarixlərində Gənclər Paytaxtı Mingəçevir şəhərində keçiriləcək. Layihə ilə bağlı artıq qeydiyyat başlayıb və qoşulmaq istəyən gənclərimiz qeydiyyat linki (https://shorturl.at/chkBM) vasitəsilə müraciət edə bilərlər.
Növbəti 2 ay ərzində regionlarda yaşayan və indiyədək ümumiyyətlə düşərgələrdə iştirak etməyən gənclərimizin iştirakı ilə "Region Gəncləri üçün Yay Məktəbi" və karyera qurmağı hədəfləyən gənclər üçün "BACAR! - karyera quruculuğu məktəbi"nin təşkil olunması gözlənilir.
Bunlarla yanaşı, "Davam" Gənclər Hərəkatı tərəfindən yay boyunca mütəmadi olaraq gənclərin maraq dairəsində olan və şəxsi inkişafına töhfə verən müxtəlif mövzularda təlim, görüş, layihə, idman və intellektual yarışlar, yaradıcı gənclərlə iş və digər istiqamətlərdə tədbirlərin keçirilməsi planlaşdırılır".

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Surayə Rzayeva: "Yay ayları, gənclər üçün maraqlı layihələrdə iştirak etmək üçün mükəmməl bir zamandır. "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən də yay aylarında gənclərin asudə vaxtını dəyərləndirmək və "Əylənərək öyrənmək" konsepsiyası ilə müxtəlif fəaliyyətlər təşkil olunur. Burada düşərgələri, kvest yarışlarını, debat yay məktəblərini, natiqlik üzrə master-klassları, gənclər üçün sahibkarlıq proqramını, gənclər evlərində debat fəaliyyətlərini xüsusi qeyd edə bilərik.
Bu yay üçün ilk düşərgələrimizdən biri də elə 8-13 iyunda Gənclər paytaxtı Mingeçevirdə keçiriləcək "Gənclərin Sosial Şəbəkə Akademiya"sıdır. Layihə çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi və DVC təşkilatçılığı ilə Akademiyada gənclər sosial şəbəkələrdən düzgün istifadə, trendlərə uyğun paylaşımlar, "Sosial şəbəkələrdən necə istifadə edə bilərik?" sualını cavablayacaq və potensiallarını kəşf edəcəklər. Həmçinin, bu gənclərdən ibarət yaradılacaq bir qrup daha sonra informasiya müharibəsində fəal iştiraka cəlb olunacaqdır.
Həmçinin, yay ərzində gənclər Youth Inc. Sahibkarlıq Proqramının yeni layihəsi olan "Yeni nəsil 3.0" layihəsinə, ucqar kəndlər və işğaldan azad olunmuş bölgələrdə yeni salınan kəndlərin şagirdləri üçün "Təhsil Avtobusu – Gələcəyə doğru" layihəsi, məktəbli debatları, karyera, debat, natiqlik, sahibkarlıq mövzulu düşərgələrin və beynəlxalq debat turnirlərinin iştirakçısı olmaq imkanı əldə edəcəklər.
Azərbaycan gəncləri üçün yaradılan imkanlar və gənclər təşkilatlarının bu istiqamətdə fəaliyyəti sağlam, savadlı, bacarıqlı, vətənpərvər gənc nəslin yetişməsinə və inkişafına xüsusi töhfə verir. İnanırıq ki, gənclərimiz bu imkanlardan istifadə edərək öz gələcəyini ən yaxşı şəkildə qurur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB