Məzunlar "Son zəng" günü neqativ hallardan özlərini necə qorumalı? - SORĞU
Bildiyimiz kimi, 14 iyun "Son Zəng" gününə çox az bir zaman qalıb. Həmin gün məzunlar arasında yol qəzaları, bir sıra mübahisələr və davaların olması da hamıya məlumdur. Bəs, bu halların qarşısı necə alınmalıdır? Şagirdlərə hansı tövsiyyələr verilməlidir. Mövzu ilə bağlı SİA Bakı şəhər DYP-nin baş inpektoru, polis mayoru Araz Əsgərli və Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikirlərini öyrənib.

Bakı şəhər DYP-nin baş inpektoru, polis mayoru Araz Əsgərli: "Yol polisi olaraq bildirmək istəyirik ki, ötən illərdə “Son zəng” günü müxtəlif formalarda xoşagəlməz hadisələrin baş verdiyinin cəmiyyət olaraq şahidi olmuşuq. Çox təəssüf ki, bəzi valideynlər övladlarına avtomobil həvalə edirlər ki, həmin avtomobillərlə də müxtəlif qəzalar, bədbəxt hadisələr baş verə bilər. Belə hadisələrin olmaması üçün bir daha valideynlərə xəbərdarlıq edirik ki, idarəetmə hüququ olmayan şəxslərə sükanı həvalə etməsinlər. Bu inzibati xətadır. Belə hallarda bəzən ictimai asayişin pozulması halları da müşahidə olunur. Qəzaların və bədbəxt hadisələrin baş verməməsi üçün bu əməldən çəkinməyi xahiş edirik.
“Son zəng” tədbiri ilə əlaqədar bütün təhsil müəssisələrinin ətrafında gücləndirilmiş qaydada polis tərəfindən xidməti fəaliyyət davam etdiriləcək. Bir daha vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, qanunsuz əməllərə yol verməsinlər. “Son zəng” kimi tədbir hər hansı bir bədbəxt hadisə fonunda tamamlanmasın”.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi: "Hər il Son zəng" günü məzunlar arasında bəzi neqativ hallar baş verir. Bura avtomobil qəzaları və bəzi kədərli sonluqla bitən münaqişələr aiddir. Bunların baş verməməsi üçün ilk növbədə valideynlər diqqətli olmalıdır. Daha sonra müvafiq təhsil müəssisəsi məsələni ciddi şəkildə diqqətdə saxlamalıdır.
"Son zəng" mərasimi konkret olaraq təhsil müəssisəsinin həyətində keçirilməli və ondan sonra şagirdlər özləri hansısa istiqamətdə tədbirin davamını təşkil edə bilərlər. Amma bu mərhələdə müəyyən təhlükəsizlik qaydalarına mütləq riayət olunmalıdır. Düzdür, bu gün onların həyatında bir dəfə yaşanır və qeyd edirlər. Amma neqativ hallardan qorunmaq üçün müvafiq tədbirlər almalı mübahisəli məsələlərdən qaçmalı, kiməsə qarşı aqressiya olmamalı, maksimum günü daha xoş keçirməlidirlər.
14 İyun ölkədə 100 mindən çox şagird məzun olacaq. Burada daha çox bəzi neqativ hallar əsasən paytaxt Bakıda və böyük şəhərlərimizdə baş verir. Bu məsələ ilə bağlı maksimum diqqətli olmalıyıq. Mən burada həm valideyni, həm məktəb rəhbərliyini, həm də şagirdləri ciddi şəkildə diqqətli olmağa çağırıram”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB