Bildiyimiz kimi, 14 iyun Son Zəng gününə çox az zaman qalıb. Həmin gün məzunlar arasında yol qəzaları, bir sıra mübahisələr və davaların olması da hamıya məlumdur.
Bəs, Azərbaycanda hansı Son Zəng ənənələri var? Ümumiyyətlə, ölkəmizdən Son Zəng necə qeyd olunur?
Ölkəmizdə Son Zəng günü məzunlar arasında xüsusi təntənə ilə qeyd olunur. Üstəlik, bu təntənə yalnız məktəbdaxili ilə də məhdudlaşmır. Belə ki, məktəbdə keçirilən Son Zəng tədbirindən sonra məzunlar əylənmək üçün xüsusi restoranda Məzun Gecəsi qeyd edir, xüsusi geyimlər geyinir, mahnılar bəstələyir və bolca əylənirlər. Hətta Son Zəng günündən bir ay filan öncə də rəqsə yollanıb rəngarəng rəqslər öyrənirlər. Bu günün insanın həyatında cəmisi bircə dəfə yaşandığını, onların da gənc olduqlarını nəzərə alaraq məzunların sevinc və həyəcanını normal qarşılamaq lazımdır. Lakin bu sevinc və həyəcan heç kimə zərər verməməlidir. Hamıya məlumdur ki, əksər hallarda Son Zəng günü gənclər arasında yol qəzaları, avtoxuliqanlıq, içki içib dava etmək və s. kimi neqativ hallar yaşanır. Bəs, bu halların qarşısı necə alınmalıdır?
Son Zəng günü ölkəmizdə hansı bədbəxt hadisələr baş verib?
14 iyun 2017-ci il: Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşmüşdü. Qəza nəticəsində minik maşınlarında olan sürücü və sərnişinlər XI sinif məzunları idi və onlar müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar.
2022-ci il 15 iyun: Masallı rayon Mollaoba kənd sakini olan 2004-cü il təvəllüdlü Məhəmmədəli Əzizli Yasin oğlu ehtiyatsızlıqdan çaya düşmüş və ətrafındakılar onu xilas edə bilməmişdilər. Kənd sakinləri M.Əzizlinin cansız bədənini sudan çıxarmışdılar. Bədbəxt hadisə Mollaoba kənd tam orta məktəb məzunlarının istirahət gəzintisi zamanı baş vermişdi.
2018-ci il 14 iyun: Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş vermişdi. Belə ki, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşmiş, ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmamışdı.
2012-ci il 14 iyun: Qobustanda şagirdlər arasında mübahisə olmuş və 10-cu sinif şagirdi bıçaqlanmışdı. Hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş vermişdi. Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.
2014-cü il 30 iyun: Ağdaş-Qaravəlli yolunda Ləkiyə yaxın ərazidə dəhşətli qəza baş vermişdi. Məzunlar olan mikroavtobusla "SACHMAN" markalı yük maşını toqquşumuş və qəzada 3 nəfərin öldüyü bildirilmişdi. 8 nəfər isə ağır xəsarət almışdı.
Bəs, dünyada Son Zəng, yaxud Məzun Günü necə qeyd olunur?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
- İsveçdə universitet məzunları ənənəvi məzun papağı - kalpanın yerinə,“studentmössa” adlandırılan qara və yuvarlaq papaqlar taxırlar. Papağın rəngi tələbənin hansı ixtisas üzrə təhsil aldığını göstərir. Məzun günü tədbiri başa çatdıqdan sonra tələbələr və onların ailələri şəhərlərdə təşkil olunan çoxsaylı paradlara qatılır və mahnılar oxuyurlar.
- Filippində hər məzun səhnəyə yaxınlaşıb üzünü izləyicilər istiqamətinə çevirməlidir. Diplomunu aldıqdan sonra hər məzunun boynuna çələng taxılır.
- İspaniyada məzun geyimləri tamamilə fərqlidir. Bir çoxları bu libasları Roma Papasının geyiminə bənzədirlər. Məzunlar mavi rəngdə yuvarlaq formada böyük papaqlar taxırlar.
- Yapon məzunlar yürüşə qatılır və diplomlarını almaq üçün sıraya düzülüb, mahnı oxuyurlar.
Hətta Yaponiyada “Kanazava” kollecinin Məzun günü “ifritələr bayramı”na bənzədilir. Tələbələr Yaponiyanın milli geyimi - kimonolardan tutmuş karton qutulara qədər hər şey geyinirlər.
- Argentinada tələbələr Məzun günü bitdikdən sonra yemək yeyirlər. Məzunların ailələri və dostları ketçap kimi yapışqan sousları onların üzərinə atırlar. Bu ənənə İtaliyada da mövcuddur.
- Tailandda diplomlar tələbələrə kral ailəsinin üzvləri tərəfindən təqdim olunur. Məzunlardan başqa heç kimin salona daxil olmasına icazə verilmir. Qadınların saçlarını xüsusi formalara salmağı qadağandır. Onlar düz qara ayaqqabı və corab geyinməlidirlər. Oğlanlara həmin gün saqqal saxlamağa və saçlarının uzun olmasına imkan verilmir.
- Çində qızlar Məzun günü geyinmək üçün gəlinlik sifariş verirlər. Ənənəvi tədbirlər çox vaxt reallaşmır və tələbələr xoş günlərini valideyn və qohumları ilə birgə qeyd edirlər.
- Rus xanım məzunlar Amerikada olduğu kimi bəyaz önlüklü qara paltarlar geyinirlər.
İngilislər də önlüklü xüsusi paltar geyinsələr də, papaq taxmırlar.
- Oksford və Kembric Universitetlərinin məzunları isə örtüklü paltarla yanaşı, papaq da taxırlar. Tədbir latın dilində həyata keçirilir. Geyimin rəngi tələbəyə verilən dərəcəyə görə müəyyənləşdirilir.
Amerikada tələbələrə diplom cəmiyyətin sayılıb-seçilən fərdləri tərəfindən təqdim olunur.
Hərbi akademiyalardan məzun olanların tədbirləri futbol stadionlarında təşkil olunur.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə