Ölkədə gündəmdə olan msəsələrdən biri də qida təhlükəsizliyi və qida keyfiyyətliliyi məsləsidir. Xüsusən yay ayrlarında qidaların tez-tez xarab olması, keyfiyyətinin aşağı düşməsi halları artır. SİA mövzuyla bağlı ekspertlərin fikirlərini öyrənib.
Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qida keyfiyyətliliyi və qida təmizliyi dedikdə ən əsası Azərbaycan vətəndaşlarının uzun ömürlülüyü əsas götürülməlidir. Azərbaycan uzunömürlülük şkalasında 198 ölkə arasında 115-ci yerdədir. Çünki Hipokratın dediyi kimi: "Biz nə yeyiriksə, oyuq".
O, qeyd edib ki, ümumilikdə Qida Təhlükəsizliyi Agentliyi yarananda biz çox sevindik ki, bizim ən fəal dövlət stukturumuz, partnyorumuz yaranır: "Cənab Prezident həmin qurumun yaradılması üçün göstəriş verəndə ölkədə qida təhlükəsizliyinin təmin olunması üçün çox əhəmiyyətli bir addım atdı. Buna görə biz hamımız ona təşəkkür edirik. Lakin Qida Təhlükəsizlik Agentliyi yarandıqdan sonra biz vəziyyətin ciddi mənada dəyişdiyini görməmişik.Nə küçədə heyvan kəsilməsi halları azalıb, nə də qida təhlükəsizliyi tam təmin olunub. Zəhərlənmə halları, ölümlər gizlədilir. Keyfiyyət məsələsi kənarda qalıb. Qida Təhlükəsizliyi Agentliyinin əsasında qidanın təhlükəsizliyinin təmin olunması durur. Lakin təhlükəsiz qida , eyni zamanda keyfiyyətsiz ola bilər. Dəfələrlə keyfiyyət məsələsinə diqqət çəkməyə çalışmışam, amma hər kəs öz əsasnaməsinə uyğun işləyir və keyfiyyət məsələsi kənarda qalıb. Ya əsasnamələrdə dəyişiklik olunmalıdır, ya da keyfiyyət məsələsi başqa qurumların səlahiyyətinə verilməlidir. İnsanlar keyfiyyətsiz qida ucbatından apteklərdə, klinikalarda növbəyə dururlar. Bunlar hamısı qidaların keyfiyyətsiz olmasından qaynaqlanır. Xüsusən xaricdən gətirilən ət və ət məhsulları bazarından Azad İstehlakçılar birliyi çox intizarlıdır. Çünki başqa ölkələrdən, Rusiyadan, Belarusiyadan gətirilən ət və ət məhsulları Azərbaycan məhsullarından çox geri qaldığı halda yaxşı etiketlənmə, tərkiblərindəki dadverici, iyverici, rəngvericilər sayəsində marketlərdə onlara geniş yer ayrılır. Əhali də səhvən o cür qidalara üstünlük verirlər. Əfsus ki əhali arasında genişçaplı maarifləndirmə təbliğatları aparmaq çətindir.
Ona görə də biz yerli mallara üstünlük verilməsinin tərəfdarıyıq. Yerli və keyfiyyətli istehsal olunan ət məhsullarımız çoxdur.
Biz tez-tez metro çıxışlarında etiketləşməmiş qırmızı kolbasa satışlarının şahidi oluruq. Qida Təhlükəsizliyi Agentliyi belə halların qarşısını almağa ya qadir deyil, ya da qarşısını almaq istəmir.
Bir sözlə, bizim ömrümüzün qısa olması, apteklərin, xəstəxanaların dolub daşması məhz qida təhlükəsizliyimizin necə təmin olunmasının göstəricisidir".
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova da məsələylə bağlı fikirlərini bildirib: “Doğrudur, ölkəmizdə keyfiyyətli qidalar var, amma keyfiyyətsiz qidalar da satışda həddən artıq çoxdur. Nə qədər standartlar mükəmməlləşdirilməyə çalışılsa da, yenə də keyfiyyətsiz məhsullar insanların ən çox qəbul etdiyi qidalar sırasındadır. Çünki keçmişdə bəzi xəstəliklər var idi ki, daha çox 50 yaşdan yuxarı insanlarda rast gəlinirdi. Bugünkü gündə isə keyfiyyətsiz qidaların sayəsində 18-20 yaşlı gənclərin əksəriyyətində mədə-bağırsaq sistemində pozğunluqlar, yara, qastrit, xora xəstəlikləri, maddələr mübadiləsinin pozulması, qəbizlik, eyni zamanda yeniyetməlik dövründə inkişafın doğru şəkildə getməməsi, dünyaya gələn körpələrə xromosom balanslı xəstəliklərin olması müşahidə olunur. Hər birinin qaynağı düzgün şəkildə qidalanmamaqdır.
Normalda süd məhsulları tez xarab olur. Ona görə də bu məhsulların rəf ömrü az olmalıdır. Bu gün həmin məhsulların üzərində iki aydan altı aya qədər ömrü olduğu qeyd olunur. Bu onu göstərir ki, o süd məhsulları təbii deyil və tərkibində kifayət qədər qatqı maddələrindən istifadə olunur. Belə məhsullar da insan orqanizmi üçün faydalı hesab olunmur. Eyni zamanda, Azərbaycanda 9 iqlim qurşağı yerləşir. İlin istənilən fəslində meyvə-tərəvəzlərimizin bol olmasına baxmayaraq yenə də xaricdən gətirilən məhsullar satılır ki, bunların da əksəriyyəti sağlamlıq baxımından insan orqanizminə fayda vermir. Çünki həmin meyvə-tərəvəzlərin özünə də qabığına da müəyyən müdaxilələr olunur.
Sular belə tam şəkildə standarta uyğun istehsal olunmur. Bəzi markalar var ki onların istehsalı düzgün şəkildə həyata keçirilir. Bunu biz bütün məhsullara aid edə bilərik. Son vaxtlar aidiyyatı üzrə qurum olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəticələri belə göstərir ki, ölkəmizdə kifayət qədər keyfiyyətsiz məhsul istehsal edən şirkətlər var. Bu halların qarşısını almaq üçün ilk növbədə nəzarət sistemi gücləndirilməlidir. Təbii ki, aradan qaldırıla bilən və ya bilinməyən aşkar olunan nöqsanlar insan sağlamlığına zərər verə biləcək amillərdisə, həmin müəssisələr ciddi şəkildə cəzalandırılmalıdır. Hər satışa buraxılan məhsulların yoxlanılması aparılmalıdır. Çünki istehlakçılar nə qədər maariflənsə də, heç də hər biri keyfiyyətli məhsulu seçəcək qədər maarifli deyil. Mütləq şəkildə satış yerləri və istehsal müəssisələrində monitorinqlər aparılmalıdır”.
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB