Şəhər sakinləri yay tətilini harada keçirəcək? - SORĞU

Şəhər sakinləri yay tətilini harada keçirəcək? - SORĞU

Artıq yay aylarına keçid etmişik və bir çoxlarının tətili harada keçirəcəkləri barədə planı artıq hazırdır. Bu dövrdə bəziləri xaricə, bəziləri isə öz bölgələrimizdə dincəlməyə üstünlük verir. SİA olaraq şəhər sakinləri arasında yay tətillərini necə keçirəcəkləri ilə bağlı sorğu keçirdik.

Şəhər sakini Orxan Mirzəyev: “Bəli, yayda istirahət etməyi düşünürəm. Yəqin ki dostlarıma baş çəkəcəm. Bu il Gürcüstanda, Qazaxıstanda, Azərbaycanda isə Şamaxı, Qəbələ, İsmayıllı rayonlarında olacam. Bir aylıq istirahət kifayətdir deyə düşünürəm. Daha sonra yenidən işimin başına dönəcəm”.

Şəhər sakini Leyla Vəlibəyova: “Mən yay tətilimi öz doğma vətənimdə, yəni Naxçıvanda keçirəcəm. Ən gözəl tətil budur. Xaricə getməyə üstünlük vermirəm. Elə öz ölkəmiz daha qəşəngdir. Ailəmlə birgə gedib böyüklərimizi ziyarət edirik”.

Şəhər sakini Ümid Kərimov: "Hazırda işləyirəm. Amma gələn ay məzuniyyət götürəcəm və cənub zonasına getməyi planlaşdırıram. Ümumilikdə Azərbaycanın hər yeri ayrı-ayrılıqda gözəldir. Amma o zonanın rayonlarını bir başqa bəyənirəm. Ona görə istirahət günlərimi də elə Lənkəran, Astara və ya Lerikdə dəyərləndirəcəm".

Şəhər sakini Elnarə Xəlilova: “Yay tətilini əsasən ölkə ərazisində keçirməyin tərəfdarıyam. Bu yay tətilində də bölgələrimizdə istirahət etməyi düşünürəm. Çox güman ki, yayda İsmayıllıda olacağam. Uşaqlarım oranı çox sevdiyi üçün ildə iki dəfə gedirik. Ola bilər ki, daha sonra başqa bir-iki rayona da baş çəkək”.

Şəhər sakini Kərim Kərimli: "Bu yay xeyir işim olacağı üçün başım ona qarışıqdır. Hər hansı bir tətil planı etməmişik. Allah qoysa, toydan sonra payızda ölkə xaricinə çıxmağı nəzərdə tutmuşuq. Yəqin ki seçimimiz Misirdən yana olacaq. Çünki ikimiz üçün də çox maraqlı yerdir".

Şəhər sakini Ruhəngiz Mehdiyeva: "Doğrusu, yay hələ təzə başlayıb. İstirahət haqqında düşünməyə bir o qədər də vaxtım olmayıb. Amma yəqin ki hər il olduğu kimi bu il də Gədəbəyə gedib nənəmgili ziyarət edəcəm. Ora həm də dincəlmək üçün yaxşı yerdir. Səs-küylü yer deyil. Ona görə də başqa bölgələrə bir-iki günlük getsəm belə yay tətilimin çox hissəsini Gədəbəydə keçirdirəm".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə