Restoranda əşyanın itməsinə görə məsuliyyəti kim daşıyır? - HÜQUQŞÜNAS AÇIQLADI

Restoranda əşyanın itməsinə görə məsuliyyəti kim daşıyır? - HÜQUQŞÜNAS AÇIQLADI

"Restoranda itən əşyaya görə vətəndaş özü məsuliyyət daşıyır. Bu şərtlə ki, restoranla saxlama müqaviləsi bağlamayıb. Yəni, əgər siz əşyanı saxlamaq üçün qarderoba verirsinizsə, bu halda onların məsuliyyəti var və sizin aranızda faktiki saxlama müqaviləsi bağlanılır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, bu yazılı yox, şifahi müqavilədir: "Məsələn, hər gün gedib mağazadan alış-veriş edirik. Bu da şifahi alqı-satqı müqaviləsidir. Yaxud da hansısa ictimai nəqliyyatla yol gediriksə, onunla daşıma müqaviləsi bağlayırıq. Restoranda qidalananda da ictimai iaşə xidmət müqaviləsi bağlayırıq".

Əkrəm Həsənov sözlərinə belə davam edib: "Məsələn, teatra gəlmişik və üst geyimimizi qarderoba vermişik. Onlar da bizə plastikdən kiçik bir nişan verib. Bu o deməkdir ki, bizim aramızda saxlama müqaviləsi var. Yəni, onlar əşyanı saxlamağı üzərinə götürdü və sabah əşya itsə məsuliyyət daşıyırlar. Əgər bu əşya itsə ya onu tapıb geri verməli, ya da məbləğini ödəməlidir. Amma başqa hallarda heç bir məsuliyyət yoxdur. Yəni, siz restorana gedib əşyanızı stolun üzərinə qoyur və əlinizi yumağa gedirsiniz. Qayıtsanız ki əşyanız yoxdur, buna restoran məsuliyyət daşımır. Restoranın sizin əşyalarınızı qorumaq kimi vəzifəsi yoxdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə