Heyvanları gücü çatmayan işlərə qaçaraq yormaq, döymək, üzünə vurmaq, işgəncə vermək, ac-susuz qoymaq insanlığa yaraşan addım deyil. Belə bir hərəkət dərdini deyə bilməyən canlılara qarşı zülmdür. Allahdan başqa heç bir himayədarı olmayan bu dilsiz canlılara qarşı amansız olmağın cəzası çox ağırdır.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Müsəlmanın qəlbi insanlara və digər canlılara qarşı sevgi və şəfqət hissləri ilə doludur. O, heç kimə zərər verməməli, ehtiyacı olanlara kömək etməlidir. Allah da belə insana rəhm edər.
Peyğəmbərimiz (s) buyurur: “Allah rəhm edənlərə qarşı mərhəmətlidir. Yerdəkilərə rəhm et ki, göydəkilər də sənə rəhm etsinlər". “Rəhm etməyənlərə mərhəmət yoxdur”.
Müsəlman təkcə insanlara deyil, digər canlılara da şəfqətlə yanaşmalıdır. Allah yaratdığı məxluqlara rəhm edənlərin günahlarını bağışlayar.
Peyğəmbərimiz (s) buyurur: “Bir gün bir adam yolda gedərkən çox susamışdı, axırda bir quyu tapıb su içdi. Bu vaxt bir it dilini çıxarıb susuzluqdan nəmli torpağı yaladı. Sonra o adam “Bu it də mənim kimi susuzdur” dedi. Bundan sonra quyuya endi və itə su içdirdi. Allah onun bu davranışından razı qaldı və onu bağışladı.
Dinimiz təkcə insanların deyil, heyvanların da haqqına hörmət edilməsini, onlara mərhəmət göstərməyi əmr edir. Hər bir heyvandan yaradılış məqsədinə uyğun bəhrələnməli və ondan başqa məqsədlər üçün istifadə edilməməlidir. Bacarıqlı heyvanların vaxtında qidalanmasına diqqət etməli, onları ac və susuz qoymamaq lazımdır.
Peyğəmbərimiz aclıqdan qarnı yapışmış bir dəvəyə rast gələrək, “Bu lal heyvanlar barəsində Allahdan qorxun, onlara tox minin, ətlərini tox yeyin” buyurdu.
Müsəlman heyvanlara işgəncə verməkdən çəkinməlidir. Bəzi bölgələrdə heyvanları döyüşdürmək kimi çox pis bir adət var. Heyvanların bir-biri ilə vuruşmasına baxmaq heyvanlara qarşı amansızlığın başqa bir formasıdır. Peyğəmbərimiz heyvanları bir-biri ilə döyüşdürməyi qadağan etmiş və heyvanlara işgəncə verənləri lənətləmişdir.
Hər canlının yaşamaq hüququ var. Hər bir canlı müqəddəsdir. Hər canlının bir ruhu var. Hər canlı ağrı hiss edir. Hər canlı xoşbəxt ola bilir. Bu xoşbəxtlik olmasa, pişik və itin balasını qucaqlamasını necə izah etmək olar?
Heyvanların döyüşməsi mərhəmətsizliyin nəticəsidir. Heyvanlarla döyüşdürmək qumar etmək halıdır ki, bu da haramdır. Buğa, it, xoruz, dəvə və digər heyvanları döyüşdürmək dini zülm və haramdır. Bu döyüşdən pul qazanmaq da başqa bir günahdır.
Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: "Ümumiyyətlə, zülm ifadəsi dinimizə uzaq bir anlayışdır. Zülmü heç bir canlıya etmək olmaz, nəinki hansısa bir heyana.
İslam dinində bəzi heyvanları saxlayıb məişət həyatında ondan qida kimi istifadə edirlər. Dinimizdə halal qidalar var ki, onlardan biri də heyvan, yəni quş ətindən istifadə etməkdir. Həzrət Əli Əleyissalamın gözəl bir sözü var: "Bətnlərinizi heyvan qəbiristanlığına döndərməyin". Yəni, səhər-axşam ət yeməyə özünüzü alışdırmayın. İnsan ətlə qidalana bilər, amma buna hər gün ehtiyac yoxdur. Ayın müəyyən günlərində ətlə qidalanmaq kifayətdir.
Qurban bayramında "İsmayıl qurbanı" kəsilir və həmin qurbanın əti yoxsullar arasında bölünür. Dinimizdə buyrulur ki, qurban heyvanını kəsməmişdən öncə ona su içirin, sonra onu qurbanlığa aparın. Bıçaq küt bıçaq olmamalı, heyvana əziyyət verilməməlidir. Hətta qurban kəsilən heyvana belə mərhəmətlə yanaşılmağı İslam dini bizə əmr edir.
Əgər həyət-bacanda bir heyvan saxlayırsansa, onların qidasını vaxtı-vaxtında verə bilməsən günahkar olarsan. Onlara qarşı mütləq diqqətli və mərhəmətli olmalısan. Dinimizdə heyvanları ac saxlamaq günahdır.
Elə heyvanlar var ki, insanlar onlardan məişət həyatında minik vasitəsi kimi istifadə edir. Heyvana elə yük vurulmalıdır ki, ona əzab verməsin. Bu heyvanlara nə qədər yük vurulacağı, onların neçə saat işlədiləcəyi dəqiqləşdirilməlidir. Onlara mütləq rəhm və mərhəmətlə yanaşılmalıdır.
Məsələn, məişət həyatımızda, xüsusilə də kənd həyatında həyət-bacanı və mal-qaranı qorumaq üçün itdən istifadə edirik. İslam dinində evdə itin saxlanılması bəyənilmir. Amma həyət-bacada mal-qaranı qorumaq üçün it saxlamaq olar. İnsan mərhəmətlə yanaşa bilməyəcəyi heyvanı saxlamamalı və ona əziyyət etməməlidir.
Ümumiyyətlə, İslam dini canlıya olan mərhəməti tələb və təkid edir. Heyvanlara əziyyət vermək isə haram və günahdır. Allah bizi mərhəmət sahiblərindən qərar versin. Biz ətrafımızda olan bitkilərə belə mərhəmətlə, rəhmlə və ədalətlə yanaşmalıyıq. Allahın yaratdığı nə varsa, onlara sevgi və qayğı verməliyik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə