İkinci regional xor müsabiqəsi başlayıb

Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə iyunun 3-də Füzuli rayon Aybasanlı kənd Uşaq Musiqi Məktəbində “Günəşə qovuşmaq istəyirəm mən” adlı ikinci regional xor müsabiqəsinə start verilib. SİA-nın xəbərinə görə, yarışma “Heydər Əliyev İli”nə həsr olunub.

Müsabiqənin adı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın “Günəşə qovuşmaq istəyirəm mən!” misrasından götürülüb.

Yarışmada uşaq musiqi, incəsənət məktəblərinin xor kollektivləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Regional İdarənin rəisi Faiq Xudanlı müsabiqə iştirakçılarını təbrik edib, kollektivlərə uğur arzulayıb. Müsabiqənin birinci mərhələsində 7 uşaq musiqi, incəsənət məktəbinin xor kollektivi münsiflər qarşıdında hesabat verib.

Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovanın, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovun yer aldığı münsiflər heyəti hər bir kollektivin çıxışına böyük həssaslıq və tələbkarlıqla yanaşıblar.

Müsabiqə iyunun 7-də Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbində davam etdiriləcək və iyunun 13-də Horadiz şəhərində Muğam Mərkəzində qaliblərin konserti ilə yekun vurulacaq.

Xatırladaq ki, regional idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərində xor dərslərinin tədrisinin səviyyəsinin yüksəldilməsi, xor sənətinin inkşafında gənc nəslin iştirakının təmin olunması, professional xor sənətinin öyrənilməsi və təbliği, uşaqlarda bu sahəyə maraq yaratmaq məqsədi ilə keçirilən birinci regional xor müsabiqəsi 2022-ci ildə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə