Bu istiqamətlərdə nəzərat-profilaktik tədbirlər həyata keçirilir - ARAZ ƏSGƏRLİ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 20 Yanvar dairəsi və “Şamaxinka” adlanan istiqamətdə nəzarət-profilaktik tədbirlər həyata keçirir. SİA xəbər verir ki, bu barədə Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, tədbirlərin görülməsində əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir: “Şimal qapısından şəhərə daxil olan nəqliyyat axınının düzgün idarə olunması və nəqliyyatın fasiləsizliyinə, eləcə də təhlükəsizliyinə xələl gətirən halların aradan qaldırılması üçün birlikdə zəruri tədbirlər başlanılıb. Ərazidəki problemləri birlikdə təhlil etdikdən sonra görüləcək işlər həm də sərnişinlərin nəqliyyat ehtiyaclarını düzgün planlaşdırmağa kömək edəcək. Bu tədbirlər davamlı şəkildə keçiriləcək.
Nəticədə, qanunsuz sərnişindaşımaların, həmin şəxslərin yolların hərəkət istiqamətini zəbt etməsinin və dayanma-durma qaydalarının pozulmasının qarşısı alınacaq. Bundan əlavə, gündəlik şəhərdaxili marşrutları icra edən ictimai nəqliyyatın infrastrukturuna problem yaradanlara və eləcə də, şəhərlərarası daşımaları qanunsuz həyata keçirənlərə qarşı da tədbirlər nəzərdə tutulub”.

Əsas hədəf 20 yanvar dairəsi ətrafından Sumqayıt, Xırdalan şəhərləri və müxtəlif qəsəbələrə qeyri-qanuni sərnişin daşınması ilə məşğul olanların Avtovağzal metrostansiyası və Avtovağzal nəqliyyat mübadilə mərkəzinə yönəldirilərək ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə