"Efirlər heç də ürəkaçan vəziyyətdə deyil" - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycanda bu gün efirlər heç də ürəkaçan vəziyyətdə deyil. Efirlərdə maarifləndirici verlişlərin sayı az qala sıfır həddindədir". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.
Onun sözlərinə görə, efirlərdə yüngül və mənasız verlişlərin o qədər çoxdur ki, insan hərdən təəccüblənir ki, "Doğurdanmı bizim efirlərimiz Azərbaycanın zəngin mədəniyyətinin aynasıdır?!": "Axı, bu danışıq, ifadələr və ritorika bizim mədəniyyətimizin göstəricisi ola bilməz. Axı, televiziya verlişləri həm də həmin millətin və cəmiyyətin mədəniyyətinin aynasıdır. Biz doğurdanmı belə xalqıq?! Çox təəssüfedici məqamdır".
Mail Yaqub sözlərinə belə davam edib: "Siz mənə deyin ki, neçə Azərbaycan televiziyasında ailə psixologiyasına aid verliş var? Azərbaycanda boşanmaların sayı az qala 50 faizə çatır. Neçə radioda və televiziyada verlişlər var ki, insanların baxış saatının çox olduğu zamanlarda ciddi verlişlər hazırlansın? Söhbət ciddi və savadlı verlişlərdən gedir. Mən yalançı psixoloqların danışdığı verlişləri nəzərdə tutmuram.
Ancaq biznes maraqları güdülür. Təbii ki, yüngül verlişlərə baxan kütlənin sayı çoxdur. Bəs, məsələ belə qalmalıdır? Yoxsa fərqli baxış olmalıdır? Ona görə də Azərbaycanda televiziya proqramlarına ciddi baxış olmalıdır. Heç kim demir ki, televiziyada əyləncə olmasın. Xeyr, əyləncə də olsun. Dünyanın bütün yerlərində əyləncəli verlişlərin sayı ciddi verlişlərdən çoxdur. Qoy, bizdə də olsun. Amma biri də var ki, bu verlişlər bütün efiri doldurur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə