"Onlara inanan yeniyetmələr təcrübəsizdir" - QURUM RƏSMİSİ AÇIQLADI
“Yeniyetmələrin və uşaqların qaçırılması, yaxud itkin düşməsi ilə bağlı daxili işlər orqanlarına daxil olan müraciətlərə son dərəcə həssaslıqla yanaşılır. Həmçinin, bu istiqamətdə dərhal polis əməkdaşları tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
Onun sözlərinə görə, daxili işlər orqanlarında itkin düşənlərin tapılması üçün bütün lazımi texniki vasitələr var: "Bu texniki vasitələrlə həmin uşaqları zorla qaçıranlar, yaxud valideynlərin etinasız yanaşması səbəbindən itkin düşmələri ilə bağlı onların tapılması və aidiyyatı üzrə təhvil verilməsi üçün əməliyyat texniki tədbirlər həyata keçirilir. Bu tədbirlərdə də son dərəcə yeni texnologiyalardan istifadə etməklə polis əməkdaşları işi həyata keçirir.
Biz vətəndaşlara və valideynlərə dəfələrlə müraciət etmişik ki, övladlarının sosial həyatına və sosial şəbəkələrdən istifadə edilməsi hallarına diqqətlə yanaşsınlar, onları daim nəzarətdə saxlasınlar”.
Nurlan Əliyev sözlərinə belə davam edib: “Son zamanlar apardığımız müşahidələr də onu göstərir ki, sosial şəbəkələr vasitəsilə bəzi neqativ əməllərə meylli olan şəxslər azyaşlıların etibarından sui- istifadə edərək onları aldadırlar. Onlara inanan yeniyetmələr də təbii ki, təcrübəsizdir və düşünmədən edilən təkliflərə gedirlər.
Bəzi hallarda da görürük ki, yetkinlik yaşına çatmayan qızları guya evlənmək məqsədi ilə aldadıb evlərindən qaçmağa sövq edirlər. Bu istiqamətdə polis əməkdaşları tərəfindən məktəblərdə və təhsil ocaqlarında maarifləndirici tədbirlər həyata keçirilir. Belə hallarda vətəndaşlar diqqətli olsunlar, heç kimə inanmasınlar, tanımadıqları şəxslərlə danışmasınlar və onların dediyi sözləri dərhal valideynlərinə çatdırsınlar. Əgər, görsələr ki, hüquqa zidd əməl varsa bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng etsinlər və polisə məlumat versinlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB