Madriddəki “Cibeles” fəvvarəsi Azərbaycan Bayrağı ilə işıqlandırılıb

Madrid Şəhər Şurası mayın 28-də Azərbaycanda qeyd olunan Müstəqillik Günü münasibətilə şəhərin simvolik rəmzlərindən hesab olunan “Cibeles” fəvvarəsini Azərbaycan Bayrağı ilə işıqlandırıb. İspaniyanın paytaxtında ilk dəfə Azərbaycan Bayrağı mayın 30-da axşam saatlarından fəvvarənin üzərinə proyeksiya edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq münasibətlərini təcəssüm etdirən belə bir xoş təşəbbüsə göstərilən dəstəyə görə Madrid meriyasına təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra İspaniya Krallığı bu tarixi nailiyyəti tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub.

“Cibeles” fəvvarəsi təkcə Madridin deyil, həm də ölkənin sevilən ən çox tanınmış tarixi simvollarından biridir. Fəvvarənin yerləşdiyi meydan şəhərin mərkəzi hissəsi olmaqla yanaşı, həm də yerli insanların istirahət üçün toplaşdığı əsas məkanlardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə