Uşaqlar 1 iyun haqqında nə bilir? - SORĞU

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bu günün 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. SİA mövzu ilə bağlı azyaşlılar arasında sorğu edərək onların bu günlə bağlı fikirlərini öyrənib.

4 yaşlı Timur Boqatiryov: “1 iyun uşaqlar bayramıdır və bu gün uşaqlara hədiyyələr verilməlidir. Səbrsizliklə hədiyyələrimi almaq üçün bayramı gözləyirəm. Mənim ən sevdiyim oyuncaq dinozavrdır. Qeyd edim ki, dinozavr kolleksiyam var. Hətta geyimlərim də dinozavrlıdır. 1 iyun da kolleksiyama daxil etmək üçün yeni bir dinozavr gözləyirəm.

Həmçinin, 1 iyun ailəmlə birlikdə əylənməyə gedəcəyik. İlk olaraq gəmi turu edib, daha sonra isə əyləncə mərkəzlərində birlikdə zaman keçirəcəyik”.

7 yaşlı Damla Musazadə: “Azərbaycanda uşaqlara qayğının ən böyük örnəyini Ulu öndər Heydər Əliyevin timsalında görmək olar. Ümummilli liderimiz demişdir ki, “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqları və gəncləridir”.

Hər bir uşaq kimi bütün bayramları sevsəm də, uşaqlar gününü daha çox bəyənirəm. Hər bayram anam-atam mənə müxtəlif hədiyyələr alaraq sevindirir. Bura oyuncaq və yeni geyimlər daxildir. Mən isə daha çox gəzməyə getməyi sevirəm. Bu bayram da parka gedəcəyik”.

4 yaşlı Nail Sadıxov: “Bayram olacağı üçün çox sevincliyəm. Çünki atam mənə və qardaşlarıma yeni oyuncaqlar alacaq. Bu gün bizim günümüzdür. Bolca əylənməli və anın dadını çıxarmalıyıq. Hal-hazırda bağçaya gedirəm. Yəqin ki, bağçamızda da 1 iyunu qeyd edərək bizi sevindirəcəklər”.

6 yaşlı Lalə Heydanlı: “Ad günüm və 1 iyun mənim ən sevdiyim gündür. Çünki həmin gün nə istəsəm atam-anam edirlər.

İstəyirəm bu bayram valideynlərim məni parka dondurma yeməyə aparsın. Çünki bu mənim ən sevdiyim əyləncə növüdür. Hər gün anamdan bu bayram planımızın nə olduğunu soruşuram”.

3 yaşlı Şamil Əyyublu: “1 iyun günü istəyirəm ən sevdiyim yeməklər bişirilsin. Ən bəyəndiyim hədiyyə isə oyuncaq avtomobildir. Düzdür, evdə avtomobillərim çoxdur. Amma yenisi olsa daha yaxşı olar”.

6 yaşlı Mehtab Əyyublu: “İki il bundan öncə olsa idi daha çox hədiyyə olaraq gəlinciklər filan istəyərdim. Məktəbə yollandıqdan bəri diqqətimi daha çox əlavə oxu kitabları çəkir. Ona görə də valideynlərimdən bu tipdə hədiyyələr arzu edirəm.

Qeyd edim ki, Ümummmilli liderimiz Heydər Əliyev demişdir ki, “Uşaqlara qayğı hər bir vətəndaşın borcudur”. Bu da onun uşaqlara verdiyi dəyərin nümunəsidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə