“Dövlətin uşaqlara göstərdiyi diqqət və qayğı ən yüksək səviyyədədir“ - DEPUTAT DANIŞDI

“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il Azərbaycanda yüksək səviyyədə qeyd olunur. Çünki ölkəmizdə uşaqlara münasibət, qayğı, uşaqların təhsili, tərbiyəsinin təmin olunması, qorunması və müdafiə edilməsi dövlətimiz üçün prioritet məsələlərdən biridir.Azərbaycan 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul olunan və uşaqların inkişaf, müdafiə, iştirakçılıq, yaşamaq hüquqlarını təsbit edən Konvensiyaya qoşulub. Milli Məclis tərəfindən 1998-ci il mayın 19-da “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin imzaladığı 22 dekabr 2008-ci il tarixli Sərəncama əsasən 2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilib: “Bununla yanaşı, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların inkişafı və sağlam böyüməsi istiqamətində bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilib, mükəmməl qanunvericilik bazası mövcuddur. Milli Məclis tərəfindən uşaqların yaşayış şəraitinin yaxşılaşdırılması, təhsil, idman, səhiyyə və s. digər sahələrdə mühüm əhəmiyyətə malik qanunvericilik aktları qəbul olunub.

Bu gün Azərbaycanda dövlətin uşaqlara göstərdiyi diqqət və qayğı ən yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işləri xüsusi vurğulamaq istəyirəm. Ölkə başçısı cənab İlham Əliyev uşaqların hərtərəfli şəxsiyyət kimi formalaşmasını, təlim-tərbiyəsini, firavan və sağlam böyüməsini, onların rifah halının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqları daim diqqət və qayğı ilə əhatə etməsi, internat məktəblərini və uşaq evlərini ziyarət etməsi, bu istiqamətdə yorulmaz fəaliyyəti danılmazdır və təbii olaraq hər birimiz üçün örnəkdir, nümunədir.

“Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur, dövlətin, hökumətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur”, - demişdi Ümummilli LiderHeydər Əliyev. Ulu Öndərimiz çıxışlarının birində uşaqlara olan sevgisini, gənclərə inamını belə ifadə etmişdi: “Mən inanıram ki, uşaqlar, bizim balalarımız, Azərbaycanın bugünkü gəncləri Azərbaycanın gələcəkdə dəyərli, layiqli vətəndaşları olacaqlar, müstəqil Azərbaycanı qoruyacaqlar, inkişaf etdirəcəklər, irəliyə aparacaqlar və yüksəklərə qaldıracaqlar”.

Ümummilli Liderimizin müdrikcəsinə və uzaqgörənliklə söyləmiş olduğu bu sözlər sanki bugünkü Azərbaycan gəncliyi üçün deyilmişdi. Çünki bu gün qürur duyacağımız, ölkəmizi dünyada təmsil edəcək layiqli gənclərimiz, Vətənimizi qoruyacaq qəhrəman əsgər və zabitlərimiz var! Müstəqil Azərbaycanın gələcəyi olan uşaqlar sabahın qərar verən şəxsiyyətləri,cəmiyyətin gələcək üzvləridir. Onları müdafiə etmək, qorumaq isə hər birimizin borcudur”.

Bütün xəbərlər Facebook səhifəmizdə