Məhkəmə ekspertlərinə şəhadətnamənin verilməsi üçün Ekspert-İxtisas Komissiyası yaradılacaq. SİA xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Qərara əsasən, Məhkəmə ekspertlərinə şəhadətnamənin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı məsələlərin həlli üçün dövlət orqanlarının hər birində 7 (yeddi) nəfərdən ibarət tərkibdə daimi fəaliyyət göstərən Ekspert-ixtisas komissiyası yaradılır.

Komissiyanın sədri, habelə komissiyanın sədrinin təqdimatı əsasında komissiya sədrinin müavini və komissiyanın digər üzvləri dövlət orqanının rəhbəri tərəfindən təsdiq edilir.

Komissiyanın tərkibinə məhkəmə ekspertizası idarəsinin rəhbəri, onun müavinləri, məhkəmə ekspertizası idarəsinin struktur qurumlarının rəhbərləri, 10 (on) ildən az olmayan iş stajına malik olan məhkəmə ekspertləri və elmi dərəcəsi olan şəxslər, habelə dövlət orqanının digər əməkdaşları daxil edilə bilərlər.

Komissiya üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən komissiyanın tərkibinə daxil edilə bilərlər.

Komissiyanın sədri məhkəmə ekspertizası idarəsinin komissiyanın üzvü olmayan əməkdaşları sırasından komissiyanın katibini təyin edir. Katib komissiyanın sədrinə hesabat verir.

Komissiyanın işinə 10 (on) ildən artıq müvafiq sahədə təcrübəyə malik olan mütəxəssislər cəlb edilə bilərlər.

Komissiyanın üzvləri komissiyanın səlahiyyətlərinə aid bütün məsələlərin həllində bərabər hüquqludurlar. Komissiya üzvlərinin hüquqları aşağıdakılardır:

-komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;

-komissiyanın iclaslarında iştirak etmək, komissiyanın işinin təşkilinə və baxılan məsələlərə dair fikir bildirmək, suallar vermək;

-komissiyanın qərarı, protokolu və digər sənədləri ilə tanış olmaq;

-qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.

Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:

-öz fəaliyyətlərində Qanunu, bu Qaydanı və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutmaq;

-. komissiyanın iclaslarını, üzrlü səbəb olduğu hallar istisna olmaqla buraxmamaq;

-komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;

-komissiya üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək, obyektiv və qərəzsiz olmaq;

-komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək;

-yaxın qohumları ilə bağlı məsələlər müzakirə edildikdə, habelə komissiya üzvünün obyektivliyinə və qərəzsizliyinə təsir göstərə biləcək digər hallarda özü-özünə etiraz etmək.

Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda dövlət orqanının rəhbəri tərəfindən vaxtından əvvəl xitam verilir:

-öz arzusu ilə komissiyanın üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

-barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dairməhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, habelə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə;

-. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətli olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

-dövlət orqanlarında qulluq keçməsinə və ya fəaliyyətinə xitam verildikdə;

-üzrsüz səbəbdən ardıcıl üç dəfə və ya il ərzində altı dəfə komissiyanın iclaslarında iştirak etmədikdə;

-bu Qaydada göstərilən vəzifələri yerinə yetirmədikdə;

-vəfat etdikdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş komissiya üzvünün yerinə yeni üzvün təyin edilməsi bu Qaydaya uyğun olaraq həyata keçirilir.

Komissiyanın işi aşağıdakı qaydada təşkil olunur:

-komissiyanın sədri komissiyanın işini təşkil edir, onun iclaslarına sədrlik edir. Komissiyanın sədri olmadıqda, sədrin səla- hiyyətlərini müavini, o, olmadıqda isə dövlət orqanı rəhbərinin qərarı əsasında komissiya üzvlərindən biri həyata keçirir;

-komissiyanın katibi komissiyanın iclaslarının proto- kollarını tərtib edir. Komissiyanın katibi olmadıqda, iclasların protokollarını komissiya üzvlərindən biri tərtib edir;

-komissiyanın sədri komissiyanın iclasının keçirilməsi gününü və vaxtını müəyyən edir;

-komissiyanın katibi iclasa ən azı 3 (üç) iş günü qalmış komissiya üzvlərinə və bu Qaydada göstərilən şəxslərə komissiyanın iclasının tarixi, yeri və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verir;

-komissiyanın iclası ən azı 5 (beş) üzvü iştirak etdikdə səlahiyyətlidir;

-komissiyanın iclasında baxılan məsələlər üzrə qərarlar qəbul edilir və həmin qərarlar komissiyanın iclasının protokolunda əks etdirilir. Komissiyanın iclasının protokolu sədr, komissiyanın iclasında iştirak etmiş digər üzvlər və katib tərəfindən, sədr və ya katib iclasda iştirak etmədikdə isə onları əvəz etmiş komissiya üzvləri tərəfindən imzalanır;

-. komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar bu Qaydanın 7.10-cu bəndində nəzərdə tutulmuş haldakomissiya üzvlərinin açıq səsverməsi və sadə səs çoxluğu ilə, digər hallarda isə verilmiş ballara uyğun olaraq qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledici sayılır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə olunur.

Komissiyanın işinə qanunsuz müdaxilə və təsir yolverilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə