Son zəng: XATİRƏ, YOXSA İSRAFÇILIQ? - ARAŞDIRMA

Son zəng: XATİRƏ, YOXSA İSRAFÇILIQ? - ARAŞDIRMA

Son zəng Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram və məktəbdə dərs ilinin qurtardığı gündür. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur.

Əvvəlki zamanla müqayisədə müasir gənclər Son zəngə xüsusi atəşfəşanlıqla hazırlıq görürlər. Belə ki, fərqli rəqslər öyrənilir, xüsusi geyimlər tikilir, hər sinif özünə uyğun mahnı yazdırır və oxuyur, məzun lentaları hazırlatdırılır və daha nələr nələr... Bəziləri bütün bunları artıq xərc olaraq görsə də, kifayət qədər həvəs edib hazırlaşanlar da az deyil.

Bütün bu hazırlıqlardan sonra isə bahalı restoralarda hər sinif öz məzun gününü qeyd edir. Ora da xüsusi məclis geyimləri, ayaqqabı, qızlar üçün saç, makiyaj, dırnaq və s. kimi xərclər çıxır.

Bəs, bütün bunlar artıq məsrəfdirmi? Əvvəlki Son zəng ilə indikilər arasında hansı fərqlər var?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi: "Son zəng keçirilməsinin spesifik xüsusiyyəti var. Yəni, hər kəs istəyir ki, təkrarı olmayacaq bu anı yaddaqalan etsin. Buna görə də həmin günü hərə fərqli formatda keçirir.

Kemişdəki Son zəng ilə bu günü müqayisə etsək, bir çox fərqlər var. Bu fərqlərdən başlıcası müasir dövrün gəncləridir. Onlar məzun gününü daha təmtəraqla qeyd etməyə üstünlük verirlər.

Burada diqqətə alınacaq məqam ondan ibarətdir ki, şagirdlər təhlükəsizlik qaydalarına, sağlamlıqlarına və qidalarına maksimum riayət etsinlər. Bu amillər mütləq nəzərə alınmalıdır. Əlbəttə, böyük atəşfəşanlıq etmək kimi hallar, məncə, doğru deyil. Bunu başqa ideal üsullarla da əvəz etmək olar.

Əvvəllər Son zəng məktəb daxilində qeyd olunurdu. Burada müəllimlər, şagirdlər və birincilər öz ürək sözlərini deyirdilər.

Bütün məzunlara uğurlar arzu edirik. Onlar artıq yeni həyata atılırlar. Onların təhlükəsizlik qaydalarına maksimum riayət etmələrini istəyirəm. Çüniki bura qədər bir çox xoşagəlməz hallarla qarşılaşmışıq".

Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub: "Ümumiyyətlə, təkcə Son zənglə bağlı deyil, bütün digər mərasimlərdə də get-gedə təmtəraq çoxalır. Bu, təəssüfedici bir haldır. İsraf artır. Təbii ki, bu, bəzi ailələrin rifah səviyyəsinin artması ilə də əlaqədardır. Yəni, yüksək maddi təminatı olan ailələr təmtəraqlı mərasimlərin keçirilməsində qabağa düşür, öncül olurlar. Bu təmtəraq tədricən dəb halını alır. Digər insanlar da bu dəbə uyğun rəftar etməli olurlar. Onlar çalışır ki, dəbə ayaq uydursunlar və borc-xərcə girmək bahasına bunları edirlər.

İsrafçılıq baş alıb gedir. Son zəng də bura aiddir. Təbii ki, məzun gününü qeyd etmək çox yaxşıdır və xatirə qalacaq bir gündür. Amma bu, israfla olmamalıdır. Ümumiyyətlə, cəmiyyətimiz və insanlarımız öyrənməlidir ki, israfa yol vermək olmaz. Hətta maddi imkan yaxşı olsa belə, israf bütün hallarda yaxşı bir şey deyil".

11-ci sinif şagirdi Taleh Dəmirçiyev: "Hamı kimi biz də 14 iyun Son zəngə hazırlıq görürük. İllər çox tez keçir. Heç inanmazdım ki, artıq məzun olacağım günə belə az vaxt qalıb.

Məlum gün üçün fikrimizdə 3 növ rəqs etməyi nəzərdə tutmuşuq. Onlardan biri milli, ikincisi gürcü, digəri isə valsdır. İkisini konkret seçmişik, qalıb gürcü rəqsi. Həmçinin, Məzun günü üçün kətan şalvar, ağ köynək və ağ ayaqqabı da almışıq. Düzdür, abituriyent hazırlıqları ilə birlikdə bunları etmək çox çətindir. Amma insan dünyaya bir dəfə gəlir və bu günü də bir dəfə yaşayır. Ona görə hər şey ürəyimizcə olmalıdır.

Sinifin bütün uşaqları Son zəng tədbirində iştirak edəcək. Amma təbii ki, rəqsə gəlməyən istisna şagirdlər də var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə