Hotellər və restoranlar Assosiasiyasının, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyyətinin sədri Samir Dübəndinin SİA-ya verdiyi özəl müsahibəsini təqdim edirik:
- Şadlıq saraylarının hansı öhdəlikləri var?
- İlk olaraq qeyd edim ki, təntənəli məclislərin keçirilməsi xalqımızın folklorik keçmişinin göstəricisidir. Ad günləri, kiçik toylar, nigah mərasimləri bunun ən gözəl nümunələridir. Belə mərasimlərdə göstərilən xidmətlər banket xidmətləri sektoruna daxildir. Toy mərasimləri xüsusən Sovet hakimiyyəti dağıldıqdan sonra şadlıq saraylarında keçirilməyə başlayıb. Bu gün fəaliyyət göstərən şadlıq sarayları müəyyən qaydalara riayət etməyə məcburdurlar. Bunlara servis qaydaları, yeməklərin keyfiyyət standartları kimi resurslar aiddir. Lakin bir çox şadlıq sarayı bu qaydalara əməl etmir. Məsələn, şadlıq saraylarında çox vaxt süfrəyə xidmət edən işçilər günəmuzd işçilər olur. Bu da əlbəttə, xidmətin keyfiyyətini aşağı salır, çünki bu adamların işi ofsiantlıq deyil.
- Hazırda şadlıq saraylarında nə kimi problemlər var?
- Biz hamımız toy mərasimlərində oluruq. Bunu hamımız təsdiq edərik ki, bir çox şadlıq sarayında göstərilən xidmət çox aşağı səviyyədədir. Həmin müəssisələrə qonaq olarkən biz işin mətbəx hissəsini görmürük. Əsasən şadlıq sarayının masa xidmətçiləri ilə kontaktda oluruq. Bununla belə çox vaxt masaya xidmət göstərən işçilərin heç də hamısı standartlara cavab vermir, düzgün servis qaydalarına riayət etmirlər. Bununla yanaşı mən Azərbaycan Ekoturizm Assosiasiyasını da təmsil etdiyim üçün ekoloji bir məsələyə də diqqət çəkmək istəyirəm. Məni ən çox narahat edən məsələlərdən biri şadlıq saraylarındakı tullantılardır. Ən yaxşı halda, toy bitdikdən sonra yır-yığış zamanı personal artıq qalan yeməkləri özləriylə "qənimət" kimi aparır. Bu əslində digər hala nəzərən daha yaxşıdır, çünki bəzən bu qida qalıqları tullanılır. Çox az halda isə heyvanlara verilir. Ümumi mənzərə qənaətbəxş deyil. O cümlədən manqallardan çıxan tüstülər birbaşa havaya buraxılır. Halbuki ən azından bu tüstüləri filterdən keçirib sonra havaya buraxmaq olardı.
- Hoteldə toy etməklə şadlıq sarayında toy etməyin fərqi nədir?
- Şadlıq saraylarından fərqli olaraq hotellərin personalı şadlıq sarayının personalından fərqlənir. Belə deyək, hotellərdə əsasən işçilər təsadüfi insanların arasından seçilmir. Hotellərdə çox az günəmuzd işçi çalışır. Belə işçilərin mənfi hal sayılmasının səbəbi, bayaq da qeyd etdiyim kimi onların təcrübəsi az olur, rəhbərlik qarşısında məsuliyyət daşımırlar. Bunun nəticəsində də göstərilən xidmətin keyfiyyəti aşağı düşür. Hotellərdə vəziyyət bir qədər fərqlidir. Hotel dedikdə əlbəttə konfrans, banket xidmətləri göstərmək imkanları olan hotellərdən danışırıq. Bunlar brend olan, böyük hotellərdir. Onlar beynəlxalq hotel idarə etməsinin sistemindədirlər və onların standartlarıyla işləyirlər. Buna görə göstərilən xidmətin keyfiyyəti qorunub saxlanılır.
- Şadlıq sarayları ilə əməkdaşlığınız hansı səviyyədədir?
- Düşünürəm ki, bu sahədə bir sıra qaydalar, tələblər, standartlar məsələlərində işlər görməliyik. Biz hotellərlə, restoranlarla əməkdaşlıq edirik, lakin şadlıq sarayları ilə işləyə bilmirik. Biz istəyirik ki, onların bacarıqlarını artıraq, personallarına təlim verək, məsləhətlər, yeniliklər, təkliflər irəli sürək. Biz onlara maraqlı təkliflər edirik, lakin fəaliyyət göstərdiyimiz ildən bəri onlarla sağlam bir münasibətimiz formalaşmayıb. Səbəblər isə personalın, hətta idarə heyyətinin tez tez dəyişməsidir. Onlar hesab edirlər ki, hər şeyi düz bilirlər və düz edirlər. Lakin yaxından incələyəndə görürük ki, problemləri saymaqla bitmir.
- Hotellər restoranlardan başqa nəylə üstündür?
- Şadlıq sarayları da müəyyən qədər interyer, dizayn məsələlərinə fikir verir, lakin hotellər bu cəhətdən daha üstün, daha möhtəşəmdir. Hoteldə təkcə toy mərasimləri yox, tədbirlər, konfranslar da keçirilir. Menyu və servis çeşidliliyinə diqqət yetirsək həm hotellərdə, həm şadlıq saraylarında "tabldot" adlanan servis növündən istifadə olunur. Məsələn, 80-100-120 manatlıq menyular olur. Toy sahibi onlardan istədiyini seçir və yeməklər ardıcıllıqla masaya verilir. Restoranlarda isə əsasən "alakart" adlanan servis növündən istifadə olunur, hansı ki müştərilər yeməklərini menyudan seçirlər. Şadlıq saraylarında vaxta qənaət etmək, xərci azaltmaq baxımından əsasən "tabldot" üsulundan istifadə olunur. Hotellərdə masa xidmətçiləri qonaqlara yeməyi porsiya ilə təqdim edir. Bu halda itki və tullantı, qida israfçılığı azalır. Bütün hallarda hotellər şadlıq saraylarına nisbətdə daha təmkinli, daha peşəkar, sistematik xidmət göstərirlər. Yerli hotellərin bir çoxu xarici firmalarla əməkdaşlıq edir, onların təcrübələrini praktiki olaraq həyata keçirirlər.
- Hotellərdə toy etmək təxmini neçəyə başa gəlir?
- Qiymət məsələsinə gəldikdə isə beş ulduzlu hotellərdə qiymət 170-230 manat aralığındadır. Şadlıq saraylarında isə qiymət xeyli aşağı olur. Ancaq qiymətin aşağı olması o demək deyil ki xidmət də bu qədər aşağıda olmalıdır.
- Sonda nə demək istəyərsiz?
- Əgər bizim yazımızı hansısa şadlıq sarayı sahibi, personalı oxuyursa onlara üz tutub demək istəyirəm ki, əgər bazardakı düzgün rəqabətə tab gətirmək, xalqımızın gözəl adətini düzgün formada yaşatmaq istəyirlərsə müştərilərinin rəylərinə, tələblərinə bir az qulaq assınlar, bizim kimi təşkilatlara üz tutsunlar. Onlara təklifim odur ki, işə götürdükləri personallara diqqət etsinlər, menyularını düzgün tərtib etsinlər, israfın qarşısını almağa çalışsınlar. Biz də çalışacayıq ki gələcəkdə şadlıq saraylarının bu mənfi cəhətlərini aradan qaldıraq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB