Oğuzun Xaçmaz kənd 1 nömrəli tam orta məktəbinin 140 illiyi qeyd olunub

Mayın 25-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Oğuz rayonu M.F.Axundzadə adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin 140 illik yubiley tədbiri keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, YAP rayon təşkilatının, rayon Təhsil sektorunun nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, məktəbin məzunları, müəllim və şagirdlər iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə kənddəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin direktor əvəzi Kəmalə Şıxıyeva çıxış edərək, təhsil ocağının yaranma tarixi, keçdiyi inkişaf yolu, qazandığı uğurlar barədə danışıb.

Oğuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev, YAP rayon təşkilatının sədri Saleh Məhərrəmov və digər çıxış edənlər məktəb kollektivini 140 illik yubiley münasibətilə təbrik edib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülmüş strategiyanın dayandığını diqqətə çatdırıb.

Tədbirdə şagirdlərin ifasında mahnı və şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Sonda məktəbin bir qrup qabaqcıl müəlliminə və təhsildə fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə