Günəş eynəyi alarkən nələrə diqqət edilməlidir? - ARAŞDIRMA

Günəş eynəyi alarkən nələrə diqqət edilməlidir? - ARAŞDIRMA

Hamıya məlumdur ki, günəş eynəkləri günəşli gündə yolda və ya suda görməni asanlaşdırır. Amerika Oftalmologiya Akademiyasına görə, düzgün günəş eynəyi taxmaq həm də qısa və uzunmüddətli göz zədələrinə səbəb ola biləcək ultrabənövşəyi (UV) şüalara qarşı böyük bir müdafiədir.

Günəş eynəkləri çölə çıxarkən həyatımızı asan və rahat edir, UV şüalarından kritik qoruma təmin edir. Parlaq günəşli bir gündə günəşin zərərli şüalarından qorunmadan çöldə qalsanız, bu, gözlərinizin səthinə zərər verə və göz xəstəlikləri riskini artıra bilər.

Maraqlısı odur ki, gözlərin qorunmasına böyük məbləğdə pul xərcləmək lazım deyil. Yüksək qiymət həmişə gözləriniz üçün ən yaxşı qorunma və üstün keyfiyyətə zəmanət vermir. Bəs, günəş eynəyi alarkən nələrə diqqət etməliyik?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Gün eynəyi seçərkən bu məqamlara diqqət edin:

- Eynəyin şüşəsi ultrabənövşəyi şüaların qarşısını almalıdır

Günəş şüaları ultrabənövşəyi radiasiyanı insan gözlərinin qavramadığı və hiss edə bilmədiyi sürətlə yayır. Gözümüzü günəşdən qorumağa imkan verən gün eynəkləri ultrabənövşəyi şüalardan qoruyucu xüsusiyyətə malik və gözümüzə uyğun olmalıdır. Keyfiyyətli gün eynəklərində şüşənin rənginin tünd və ya açıq rəngindən çox ultrabənövşəyi işığı blokada etməsi vacibdir. Günəş eynəklərinin ultrabənövşəyi şüaları maneə törətdiyinə dair sertifikatı olmalıdır. Normalda, hər bir eynək müxtəlif dərəcələrdə UV-ni blok edə bilər, lakin effektiv UV bloklanması üçün xüsusi örtüklərdən istifadə edilməlidir. Günəş eynəyinin işığın qarşısını alan gücü UV200, UV400 və UV600 kimi ifadələrlə göstərilir. Xüsusilə dəniz kənarında və xizək sürərkən minimum UV400 qoruma ilə günəş eynəklərindən istifadə edilməlidir.

- CE (Conformité Européene) sertifikatı olmalıdır

Eynək taxdığınız zaman bulanıq görməməli və detallar itməməlidir. Keyfiyyətli gün eynəklərinin etibarlı qeydiyyat sertifikatı olmalıdır. 1995-ci ildən Avropa İttifaqı standartlarına uyğun keyfiyyətli eynəklərin üzərində CE (Conformité Européene) yazısına rast gəlinir. CE sertifikatı məhsulun minimum təhlükəsizlik tələblərinə uyğun olduğunu bildirir. Eynək alarkən eynəyin ləkəli olmasına, şüşədə cızıqların, qabarcıqların və əyriliklərin olub-olmamasına diqqət yetirilməlidir.

- Eynəklər şaquli xəttdə fokuslanmalıdır

Keyfiyyəti başa düşməyin başqa bir yolu eynək taxdıqdan sonra şaquli xəttə diqqət yetirməkdir. Bu halda nömrəsiz gün eynəklərini hərəkət etdirdiyiniz zaman görüntü yerindən tərpənmir. Eynəyi bir az yuxarı-aşağı, sola-sağa hərəkət etdirdiyimiz zaman bu xəttdə oynama və ya qırılma varsa, o eynək yaxşı deyil.

- İşıq udma dərəcəsi uyğun olmalıdır

İstifadəçi təlimatlarındakı “işıq udma dərəcəsi” obyektivdən kənardan gələn işığın nə qədər udulduğunu, nə qədər əks etdirdiyini və nə qədər içəri keçdiyini ifadə edir. Şəhər mühitində 40-50 faiz, günəş şüalarının daha dik olduğu dağlıq bölgələrdə 50-70 faiz, dəniz sahillərində və xizək sürərkən 80-85 faiz udma uyğundur.

- Bütün bahalı eynəklər keyfiyyətli demək deyil

Keyfiyyətli gün eynəyinin keyfiyyət və UV bloklayıcı sertifikatları olmalıdır. Bahalı gün eynəklərinin gözlərinizi adekvat qoruyacağı həmişə doğru deyil. Bəzən linzaların 100% UV bloklanması varsa, daha ucuz günəş eynəkləri bahalı variantlardan daha faydalı ola bilər.

- Güzgülü və ya qütblü eynəklərin olması əlavə qorunma təmin etmir

Güzgülü eynəklərin gözə daxil olan işığın bir hissəsini əks etdirdiyi üçün xüsusilə sıx işığın olduğu dəniz kənarında üstünlük verilir. Güzgü örtükləri gözə gələn işığı azaldır, ancaq UV bloklama sürətinə təsir göstərmir.

- Saxta gün eynəyindənsə, onu istifadə etməmək daha yaxşıdır.

- İri eynəklərə üstünlük verin

Günəş eynəkləri nə qədər çox qoruyursa, günəşin gözlərə zərəri bir o qədər az olur. UV şüalarının yan tərəfdən gözün içərisinə daxil olmasını azaltmağa kömək edən böyük ölçülü eynək və ya əyri kənarları olan eynəklər almağı düşünün. Günəş eynəkləri ilə nə qədər çox qorunsanız, günəş şüaları gözlərinizə bir o qədər az zərər verə bilər. Ona görə də gün eynəyi alarkən gözlərinizi tam əhatə edən eynək seçməyə çalışın. Bu, gözə daxil olan UV şüalarının miqdarını minimuma endirməyə kömək edəcək. Daha böyük günəş eynəyi seçərkən, onları günəş altında uzun saatlar taxacağınız üçün yaxşı uyğunluq və rahatlığa üstünlük verməyi unutmayın.

Bəzi xüsusi xüsusiyyətlər

Günəş eynəyinizdə ola biləcək bir çox əlavə xüsusiyyətlər var. Əsas UV qoruma ilə yanaşı, linzalarınızda üstün filtrlər və örtüklər seçə bilərsiniz. Bunlar, adətən, daha yaxşı görmə keyfiyyəti və gözləriniz üçün üstün qoruma təmin edir. Hər şeydən əvvəl, hansı xüsusiyyətlərin ehtiyaclarınıza daha uyğun olduğuna qərar verməlisiniz.

Şüşə örtüyü

Bir neçə örtükdən ibarət bu nazik təbəqələr gözə daxil olan işığın miqdarını azaltmağa kömək edə bilər. Onlar yüksək parıltılı atmosferlərdə çox səmərəlidir.

Qradient rəngli linzalar siz aydın görəndə günəşdən gələn parıltını kəsməyə kömək edir. Bu linzalar sürücülük üçün xüsusilə uyğundur. Lakin qarda və ya dəniz sahilində çətin istifadə olunur.

Doğru bildiyimiz səhvlər:

• Eynəyi paltarın ucları ilə təmizləmək, təsadüfən çantaya və ya cibə atmaq ən çox edilən səhvlərdəndir. Bu səhvlər şüşədə mikro cızıqlara səbəb olur. Bu görünməz cızıqlar zamanla görmə keyfiyyətini pisləşdirir.
• İstifadə edilmədikdə eynəkləri orijinal qutusunda saxlamaq lazımdır. Təmizləmə axar su, sabun və ya təchiz olunmuş mikrofiber parça ilə aparılmalıdır.
• Kontakt linza taxan insanlar, linzaları UV filtrli olsa belə, günəş eynəyi taxmalıdırlar. Günəş eynəkləri kontakt linza taxanların tez-tez qarşılaşdıqları quru gözlərdən qoruyur.
• Günəşin çox sıx olduğu mühitlərdə gözümüzü günəş eynəyi və üzlük papaq dəstəyi ilə günəş şüalarının arzuolunmaz təsirlərindən qorumalıyıq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə