O, ağsaqqal üçün müdriklik, din-iman sahibi olmaq, haqq-ədalətin keşiyində durmaq, yetkin, bütöv şəxsiyyətə xas olan xüsusiyyətləri özündə cəm etmiş insanlardan idi. Onu Lənkəranda tanımayan yox idi. Ağır oturuşu, duruşu ilə əsl ağsaqqal kişilərdən idi. İstər kömək üçün, istərsə də işlədiyi cəmiyyətlə bağlı hər hansı problemin həllində heç kəsi naümid buraxmırdı. Sakit, təmkinlə danışardı, imkan daxilində mövcud problemlərin həllinə çalışar, ona müraciət edənlərin qəlbinə yol tapmağı, onlarda ümid işığı yandırmağı bacarırdı. Lənkəran əhlinin yaxşı tanıdığı, əksəriyyətinin hörmətlə Aydın əmi çağırdığı Aydın Əhməd oğlu Məmmədov may ayının 19-da haqq dünyasına qovuşmuşdur.
O, 1934-cu il də Lənkəran şəhərində anadan olmuşdur. Əvvəlcə Lənkəran şəhər 7 nömrəli məktəbin 1-ci sinfinə getsə də, orta təhsilini şəhər 3 nömrəli orta məktəbində başa vurmuşdur. Sonra 1949-1952-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1961-ci ildə Azərbaycan Ovçular İttifaqının Lənkəran Ovçular cəmiyyətində 7 rayon üzrə inspektor vəzifəsində işə başlamışdır. Bundan sonra Aydın Məmmədov bütün ömrünü bu təşkilatın Lənkəranda fəaliyyətinin canlanmasına və inkişafına sərf etmişdir. Sonradan o, Lənkəran Ovçular cəmiyyətində mağaza müdiri, həmin təşkilatda Lənkəran Ovçular cəmiyyətinin Dayaq məntəqəsinin sədri vəzifəsində ömrünün sonuna kimi çalışmışdır. İşlədiyi müddətdə müxtəlif medal və çoxlu fəxri fərmanlarla təltif olunmuşdur.
Aydın Məmmədov ömür-gün yoldaşı Nəsibə xanımla beş övlad-3 oğlan, 2 qız dünyaya gətirib əsl vətəndaş kimi tərbiyə etmişlər. Övladlarının hamısı ali təhsillidir. Müxtəlif sahələrdə çalışırlar.
Oğlu Mühəndis Məmmədov uzun illər atası ilə birgə çalışmışdır. Digər oğlu Etibar Məmmədov bizneslə məşğuldur. Üçüncü oğlu Səbuhi Məmmədov 1-ci Qarabağ müharibəsi veteranıdır. Hazırda atasının yolunu davam etdirir. Ovçular cəmiyyətində işləyir.
Qızı Şaistə Mustafayeva kollecdə müəllim işləyir. Digər qızı Sevda Qasımova İngilis dili müəlliməsidir.
16 nəvəsi, 22 nəticəsi var.

Deyirlər, ölüm bu dünyadakı ömrümüzün sonu olsa da, heçliyə yox, əbədiyyətə aparan yoldur. Xatirələr isə bu dünyada bizdən sonra davam edən ömrümüzdür,- deyib aqillər. Aydın Məmmədov da onu sevənlərin, onu tanıyanların qəlbində həmişə xoş xatirələrlə qalacaqdır.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB