"Ən böyük çətinlik xətlərin "28 May" stansiyasında birləşməsidir" - QURUM RƏSMİSİ AÇIQLADI
"2008-ci ildə Bakı Metropoliteninin əsas inkişaf istiqamətlərinin müəyyən edilməsi üçün cənab Prezidentin sərəncamı ilə xüsusi tədbirlərə başlanıldı. Üç il ərzində metropolitenin əsas inkişaf istiqamətləri müəyyən edilərək, geniş miqyasda sorğular aparılıb. Bura insanların əsas axın istiqamətləri, şəhərin inkişaf tempi, bir sözlə şəhərdə olan müəssisələr, təhsil ocaqları və s. nəzərə alınmaqla yekunda bu gün mövcud olan Bakı Metropoliteninin konseptual inkişaf sxemi 2011-ci ildə ölkə başçısı tərəfindən təsdiq edilmişdir. Həmin sxemə uyğun olaraq hazırda Bakı Metropoliteninin bənövşəyi xəttinin dördüncü yeraltı və yaxud ümumən beşinci stansiyası inşa olunur. Həmin konseptual inkişaf sxeminin əsas prioritetləri xətlərin ayrılması, dairəvi xəttin yaradılması idi". Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Bakı şəhərinin baş planı üzərində iş aparılır: "Bura nəinki metro, ümumilikdə şəhərin əsas inkişaf istiqamətləri müəyyən olunması daxildir. Bu işdə Bakı Metropoliteni də daxil olmaqla nəqliyyatın inteqrasiya olunmuş sisteminə xüsusi yer ayrılır.
Bakı Metropoliteni konseptual inkişaf sxeminə əsasən müəyyən edilmiş vəzifələr məhz Bakı şəhərinin hazırlanan baş planında da yer alıb və orada xüsusi olaraq xətlərin ayrılması məsələsi qeyd edilib. Bu gün Bakı Metropoliteninin istər sərnişin sıxlığı, istər sərnişin məmnunluğu baxımından üzləşdiyi ən böyük çətinlik xətlərin məhz "28 May" stansiyasında birləşməsidir. Yaşıl və qırmızı xətlər bu stansiyadan sonra "Həzi Aslanov" stansiyasına qədər bir xətt üzrə hərəkət edir. Ümumiyyətlə dünyada metro təcrübəsində qəbul edilmiş prinsiplərə görə, xətlər ayrı, müstəqil fəaliyyət göstərməlidir. Bu layihəni həyata keçirmək üçün müəyyən mərhələlər var.
İlkin olaraq "Dərnəgül" stansiyasından "Koroğlu" stansiyasına qədər üç stansiyanın və "Xətai" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər olan dörd stansiyanın inşası nəzərdə tutulub. Xətlər ayrıldıqdan sonra hər bir xəttin müstəqil və ən minimal intervallarla hərəkətini təmin etmək üçün "İçərişəhər" stansiyasından sonra daha iki stansiyanın inşası lazımdır. Qatarların intensivliyinin təmin edilməsi üçün stansiyaların arxasında dönmə kameraları adlandırdığımız qurğu olur. Yəni qatar bir yoldan, digər yola keçib əks istiqamətdə hərəkət etməlidir. Bunun üçün də "İçərişəhər" stasiyasından sonrakı iki stansiyanın inşası nəzərdə tutulub. Bu xətlərin ayrılması layihəsinin özünün də daxilində məhz "Dərnəgül" stansiyasından sonra "Koroğlu"ya qədər olan üç stansiyanın inşası əsas məsələdir. Çünki bu üç stansiyasının inşası bu gün Bakı Metropolitenində bütün məsələlərə optimal yanaşmağa imkan verəcək. Xətlərin ayrılması layihəsi tam həyata keçirildikdən sonra isə qarşıda duran əsas vəzifələrdən bir dairəvi xəttin yaradılması olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB