Uşaqlarımız niyə özgüvənsizdir?

- PSİXOLOQ AÇIQLADI
Uşaqlarımız niyə özgüvənsizdir?

"Hər bir cəmiyyətin özünəməxsus psixoloji problemləri var. Bizim də cəmiyyətin, uşaqlarımızın əsas psixoloji əngəllərindən biri özünəinamsızlıq, özgüvənsizlikdir" bu ifadələri SİA- ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı işlədib.

O bildirib ki, mən bir psixoloq kimi statistik məlumatlara əsaslanaraq deyə bilərəm ki, bizim uşaqlarımızın ən əsas problemi məhz özünəqapanıqlıq və özgüvənsizlikdir: "Unutmaq olmaz ki, özünəqapanıqlıq, aqressiya və başqa bir sıra problemlər özünəinamsızlığın vizual göstəricisidir. Daxilən özgüvənsiz olan uşaqlarda ünsiyyətdən imtina, dərs oxumamaq, asosiallığa meyillilik, kəkələmək, smartfonlara, planşetlərə meyillilik kimi əlamətlər müşahidə olunur. Bunların əsas səbəbi olan özgüvənsizlik aradan qaldırılsa, nəticələr də aradan qalxacaq. Hər bir valideyn uşağıyla gün ərzində 20 dəqiqə vaxt keçirməlidir. Əfsus ki bizim valideynlər uşağın yaxşı yerdə oxumasına, yeməyinə-içməyinə, geyiminə həssaslıqla yanaşsalar da bu tip məsələlər ikinci planda qalır. Uşaqlar mənəvi cəhətdən də qidalanmalıdır. Valideyn mütləq uşaqla ən azı 20 dəqiqə, telefona baxaraq, başqa işlə də məşğul olaraq yox, interaktif dialoqa girməlidir. Bu proses ən kiçik yaşdan, 15-16 yaşına qədər intensiv davam etdirilməlidir.

Psixoloqun sözlərinə görə biz başa düşməliyik ki, uşaq bizi anlamır, ona aqressiv davranmaqla heç bir yaxşı nəticə əldə etmək olmaz: "Hazırda cəmiyyətimizdə valideynlərin bu məsələlərlə başa çıxa bilməməsi də olduqca normal haldır. Çünki gənclərimiz psixoloji olaraq evliliyə, valideyn olmağa hazır olmadan evlənirlər. Biz hazırda bir çox valideyndən "sən niyə ana-ata olmusan?" deyə soruşsaq onlar bizə tutarlı cavab verə bilməyəcək, valideyn olmaqlarına individual səbəb gətirə bilməyəcəklər. Bu da gələcəkdə inanılmaz böyük problemlər çıxarır. Bizim valideynlər uşaqlıqlarında yaşadıqları travmaları öz övladları ilə bərpa edirlər. Məsələn, valideynlərin öz ana-ataları onlara az oyuncaq alıbsa, onlar uşaqlarını oyuncaq yağışına tuturlar. Burda həddi aşmaq halları müşahidə olunur və bu hər zaman pis nəticələr verir. Beləliklə kor-koranə yetişdirilmiş bir fərd cəmiyyətə daxil olur. Əlbəttə valideyn bu məsələləri bilməyə bilər, lakin öyrənməlidir, peşəkar dəstək almalıdır. Yenə dönə-dönə qeyd edirəm valideynlər uşaqlarını tanımırsa, uşaqda hər hansı psixoloji problem varsa, valideyn sağlam fərd yetişdirməyin qaydalarını bilmirsə mütləq mütəxəssisə müraciət etməlidir".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə