Azərbaycanda insan alveri ilə necə mübarizə aparılır? - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycanda insan alveri ilə necə mübarizə aparılır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ən prioritet məsələlərdən biridir. Çox təəssüflər olsun kİ, cəmiyyətdə insan hüquqlarını məhdudlaşdıran faktorlardan biri də insan alveridir. Ona görə də Azərbaycanda insan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu qanun çərçivəsində insan alverinə qarşı mübarizənin həm hüquqi, həm də təşkilati məsələlərinin tənzimlənməsi öz əksini tapıb: "Eyni zamanda, 2008-ci ildə fəaliyyətdə olan Avropa Şurasının insan alverinə qarşı konvensiyası var ki, Azərbaycan bu konvensiyaya da qoşulub. Məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının istismar olunması, eyni zamanda onlara qarşı zor tətbiq olunması kimi məsələlər bu qanunla vətəndaşlarımızın hüquqlarının qorunmasına şərait yaratsın. Qanun çərçivəsində müxtəlif kateqoriyalara ayrıca diqqət yetirilir ki, onlardan biri 18 yaşınadək olanlar və bu yaşdan yuxarı olanlara görə təsnifatlandırılıb. Bu da hər kateqoriyaya qarşı xüsusi diqqətin ayrılması məqsədi daşıyır".

Deputat sözlərinə belə davam edib: "Müqayisə üçün demək lazımdır ki, ölkəmizdə qanunun icrası ilə bağlı vəziyyət yaxşıdır və Azərbaycan cəmiyyətinin özünün bənzər hallara qarşı ictimai müqaviməti olduğuna görə, qanun pozuntularının sayı da çoxdur. Eyni zamanda, Azərbaycan ailə institutunun tarixə söykənən ənənələrindən gələn münasibətlər də insan alverinə qarşı mübarizədə bir növ Azərbaycan qanunlarını dəstəkləyir. Ona görə də bu məsələ dövlətin diqqət mərkəzində olduğu kimi daima ictimai münasibətlərimizin də maraq dairəsindədir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə