Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında gənc yazar, partiyanın fəal üzvü Aynur Ədilin müəllifi olduğu Azərbaycanın Milli Qəhrəmanı, 2020-ci il Tovuz döyüşləri zamanı cəsurcasına şəhid olmuş İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş “Atama məktub” kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tədbir iştirakçılarını salamlayaraq kitabın müəllifini yeni uğuru münasibətilə təbrik etdi. Təşkilat sədri bildirdi ki, bu gün gənclərimizin öz qəhrəmanlarını unutmaması ilə yanaşı onların təbliğatında birbaşa iştirak etməsi gələcək nəsillərin də vətənpərvər ruhda yetişməsinə zəmindir. Samir Vəliyev qeyd etdi ki, ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qurulmuş güclü ordumuzun İlqar Mirzəyev kimi yüzlərlə, minlərlə igid, qəhrəman zabitlərə sahib olması hər birimizdə qürur hissi yaradır. O bildirdi ki, YAP Nərimanov rayon təşkilatı olaraq gənclərin bu kimi təşəbbüslərini daim dəstəkləyir və onların Azərbaycanın gələcəyi naminə attıqları hər bir addımı alqışlayırlar.
YAP Nərimanov rayon təşkilatının fəal gənci, gənc yazar, “Mənim qəhrəmanım” və “Atama məktub” kitablarının müəllifi Aynur Ədil çıxış edərək kitab haqqında ətraflı məlumat verdi. O bildirdi ki, istər ilk kitabı, istərsə də Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunan ikinci kitabı Azərbaycan xalqının vətənpərvər zabitləri və qəhrəman oğulları haqqında yazılıb. Müəllif hər bir kitabında vətənpərvər, cəsur, döyüşkən xalqa və güclü, inkişaf etmiş dövlətə sahib olduğunun şahidi olduğunu qeyd edib. Yazar qeyd edib ki, gənc olaraq Vətənə olan sevgisini öz qələmi ilə hər zaman işıqlandıracaq və bu yolla öz yaşıdlarını, gələcək nəsilləri Vətənpərvər ruhda yetişməsində, eyni zamanda, milli qəhrəmanlarımızın təbliğatının davamlı olmasında əlindən gələni əsirgəməyəcəkdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Hikmət Babaoğlu, Naqif Həmzəyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri - Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə çıxış edərək gənc yazarın bu təşəbbüsünü müsbət dəyərlindirklərini dilə gətirdilər. Natiqlər bildirdilər ki, belə vətənpərvər və təbliğatçı gənclərin yetişməsi gələcəkdə də ölkəmizin, dövlətimizin gücünün artmasına əsas olacaqdır. Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından danışmışlar.
Sonda Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev çıxış edərək gənc yazara bu təşəbbüsünə görə təşəkkür edib və milli qəhrəman – atası İlqar Mirzəyevin şəxsi keyfiyyətlərinnən, Vətən uğrunda hər zaman canından keçməyə hazır zabit olduğunu vurğulayıb. Milli qəhrəmanın oğlu bildirib ki, 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan İlqar Mirzəyevin itkisi ailələri üçün nə qədər ağır olsa da, bir o qədər də qürurlu, şərəflidir. Şəhidin oğlu Elvin Mirzəyev də öz növbəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın hər bir şəhid ailəsi kimi onların ailəsini də hər zaman xüsusi diqqətdəsaxladıqlarına görə minnətdarlığını qeyd edib, atası kimi özünün də Vətənin müdafiəsi üçün canından keçməyə daim hazır olduğunu bildirib.
Sonda tədbir iştirakçılarına gənc yazar Aynur Ədilin imzalı kitabı təqdim olunub və xatirə şəkli çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB