Manatlıq taksilərin aqibəti necə olacaq? - EKSPERT AÇIQLADI

Manatlıq taksilərin aqibəti necə olacaq? - EKSPERT AÇIQLADI

"Taksi daşımalarında "manatlıq taksi" deyilən bir termin yoxdur. Vaxtilə taksilər marşrut taksiləri modelini əsas götürürdülər. Ona görə belə bir termin insanlar arasında populyarlaşıb. Ümumiyyətlə taksi daşımalarında qayda-qanun tənzimləmək öhdəçiliyi Bakı Nəqliyyat Agentliyindən alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində olan AYNA-ya verildi. Səlahiyyətlər tam AYNA-ya verildikdən sonra yəqin ki taksi daşımalarında da böyük dəyişikliklər gözlənilir. Çünki taksi daşınmaları uzun müddətdi səliqəsiz formada, qayda-qanuna əməl olunmadan icra olunur. Bunu nizamlamaq üçün koordinasiya, nəzarət sistemi yaratmaq çox çətindir. Hazırda taksi daşımalarına təlabat yüksəkdir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Fərhad Eyyubov deyib.

O, qeyd edib ki, taksilərə qoyulan tələblər digər minik maşınlara qoyulan tələblərdən bir qədər fərqlidir: "Taksilər rənginə, minib-düşmə rahatlığına, içərisindəki avadanlıqlarına görə bir qədər fərqlənməlidir. Bir sözlə, rahat olmalıdır. Ona görə də bu sahədə bir sıra işlər görülməlidir. Ona görə də gələcəkdə BNA-nın səlahiyyətləri AYNA-ya verildikdə həmin məsələ üzərində mütləq düşünülməlidir. Çünki ən çox insanları, sərnişinləri narahat edən məsələlərdən bir bu taksi daşımalarında olan hərc-mərclikdir. Bu nöqteyi-nəzərdən manatlıq taksinin başqa bir modelini işlətmək lazımdır. Onları da xüsusi qayda-qanunla tərtib etmək vacibdir. Taksi daşımalarda uzun müddətdir çoxlu boşluqlar var. Sürücülərin seçilməsində müəyyən dəyişikliklər olmalıdır. Çünki taksi sürücüsü xüsusi keyfiyyətlərə sahib olmalıdır. Hər sürücü taksist ola bilməz. Buna görə xüsusi təcrübə, ünsiyyət mədəniyyəti olmalıdır, sərnişinlərlə ədəblə rəftar etməli, geyimləri yaxşı, üzləri qırxılı olmalıdır, hətta yeri gəldikdə xarici qonaqlarla danışmağı bacarmalıdır.

Gördüyünüz kimi ideal taksi sürücüsü üçün xeyli sayıda tələb var. Ona görə bu sahədə müəyyən düzəlişlər olmalıdır, kəskin addımlar atılmalıdır, yeniliklər edilməlidir. Sözügedən işlərə həm sərnişinlərin köməklik göstərməsi, həm taksi sürücülərinin, həm də buna nəzarət edən qurumların məsələ üzərində işləməsi vacibdir.

Unutmaq olmaz ki ölkəmizə gələn xarici qonaqlar bizim mədəniyyətimizi, davranışlarımızı taksiyə minən zaman görürlər. Bu sahədə böyük boşluqlar var. Bu problemin həll olması dövlət qurumlarından əlavə ictimaiyyətdən də asılıdır. Mənə belə gəlir ki, bunların üzərində ciddi iş getməlidir".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə