AİLƏ: “Mən”dən “biz”ə keçid TƏHLİL

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü il sentyabrın 20-də qəbul etdiyi qərarla 15 may tarixini “Beynəlxalq Ailə Günü” elan etdikdən sonra bu tarix 1994-cü ildən bütün dünyada qeyd olunur. 15-21 may aralığı isə “Ailə həftəsi” kimi qəbul edilib. Ailənin qorunması və möhkəmləndirilməsi məqsədilə təsis edilən bu həftə çərçivəsində cəmiyyətin bütün təbəqələrinin ailə haqqında maarifləndirilməsi, ailəyə dəstək fəaliyyətlərinin təşviq edilməsi, ailələrdə tərəflərin sosial məsuliyyətlərini yerinə yetirməsinə köməklik göstərilməsi, habelə ailələrə sosial, psixoloji yardımın göstərilməsi həyata keçirilir.

İnsan ailəsinə, ailə cəmiyyətə adaptasiya olur

Sürətlə dəyişən dünyamızda insanın yaxşı və ya pis yaşaması onun ən yaxın mühiti ilə münasibətindən asılıdır. İnsanın ən yaxın mühiti onun evi və ailəsidir. Əgər bu dünyaya gəlmişiksə bütün insanlar fərd və ya ailə olaraq daim dəyişən bu dünyaya uyğunlaşmalıdırlar. Dünyada baş verən bütün yeniliklər və dəyişikliklər ailələrdən yan keçmir.

Sosial-iqtisadi strukturda baş verən dəyişikliklər bilavasitə və dolayısı ilə ailəyə də təsir göstərir, onu müəyyən dəyişkliyə məruz qoyur. Sosial-maddi çətinliklər olarsa boşanma, əxlaqi-mənəvi problemlər olarsa xəyanət halları da məhz kənar təsirlərin gücü ilə yaranır. Ona görə də ailə məsələsi müzakirə olunarkən, baş verənləri araşdırmaq, problemə onların fonunda lazımdır. Ailənin yaşadığı cəmiyyətdə baş verən dəyişikliklər də ailəyə mütləq təsir vasitəsidir.

Ailə insanın ən dərin tərbiyəvi təsirlər aldığı, çox şeylər öyrəndiyi, həyata hazırlaşdığı bir məktəbdir. Ailə dünyaya məsum və neytral xarakterlə gələn uşağın həm fərdi, həm də sosial-mədəni status qazandığı bir məkandır. Uşağın şəxsiyyəti bir növ ailə tərbiyəsidir. Övladlarının şəxsiyyətini verdikləri tərbiyə ilə inşa edən ailələr bununla həm də mənsub olduqları millətin şəxsiyyətini və taleyini inşa etmiş olurlar. Bu səbəbdən ailə tərbiyəsinin istiqaməti böyük məsuliyyət deməkdir. Ailə olduqda artıq “mən” yerinə “biz” deməyə başlayırıq, “mənim” olan şeylər “bizim” olur, bütövlük olur. Ailələrimiz bizi öz ailəmizə hazırlayanda bunu aşılayırlar.

Möhkəm ailə = güclü dövlət

Ailə valideynlər və uşaqlardan ibarət ən kiçik sosial quruluşlu müəssisədir. Ailə cəmiyyəti təşkil edən institutların əsasını təşkil edir. Sosiallaşma zamanı insan üçün sosial həyat nə qədər vacib və zəruridirsə, sosial bir cəmiyyətin özəyini təşkil edən ailə institutu da bir cəmiyyət üçün bir o qədər önəmlidir. Bu mənada ailənin möhkəmlənməsi üçün atılacaq hər bir addım böyük əhəmiyyət kəsb edir. Çünki güclü ailə quruluşu ilə güclü cəmiyyət arasındakı bağ bir-biri ilə düz mütənasibdir.

Milli ailənin ən mühüm rolu nəslin davamını təmin etmək, onların daha yaxşı tərbiyəsini həyata keçirmək, sosial yükünü paylaşmaq, mənəvi dəyərlərini yaşatmaqdır. Lakin ailənin sadaladığımız bu fəaliyyətinin davam etdirilməsi tərəflərin ahəngdarlığından, uyumundan da asılıdır. Emosional, sosial, maddi, mənəvi və əxlaqi şərtləri yerinə yetirməklə ideal bir ailə qurmaq olar. Əksi süqut olacaq.

Gənclər evlənmək və birlikdə bir ailə qurmaq qərarına gəlməzdən əvvəl fərd olmaq üçün yetkinliyə çatmalı və ailə asılılığından qurtulmalıdırlar. Bunu bacarmayan biri üçün yeni ailə qurmaq məsuliyyəti ağır ola bilər. Son illərdə qadınlara qarşı zorakılıq, erkən nikahlar və boşanma nisbətlərinin yüksələn şkala üzrə dəyişməsi dərhal müdaxilə tələb edən aktual məsələlərdən bəlkə də ən birincisidir. Ailə qurmağa tələsən, hələ sərbəst qərar verə bilməyən, fərd olaraq formalaşmayan insanların qurduğu ailələrin özülü də möhkəm olmur. Axı ailə kiçik dövlətdir, təməlində laxlama oldusa, bu, cəmiyyəti təhlükə altına qoyacaq.

Azərbaycanda ailə olmaq...

Əslində, ənənəvi azərbaycanlı ailəsindəki parçalanma, nəsillərarası fərqlər, boşanmaların çoxalması, vətəndaş nikahlarının və atasız uşaqların getdikcə artması bir qədər gözlənilməz oldu. Müxtəlif səbəblərdən ailə anlayışının dəyişməsi və problemlərin getdicə böyüməsi indi cəmiyyətin probleminə çevrilib. Ailə həyatının fərdin sosial inkişafı baxımından həyati əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, qeyri-sağlam və bədbəxt ailələrin yetişdirəcəyi gələcək nəslin o qədər də sağlam olmayacağını təxmin etmək olar. Cəmiyyətin təməli ailə olduğu üçün xoşbəxt və sağlam nəsillər yetişdirməkdə maarifləndirmənin əhəmiyyətli rol oynadığını vurğulamaq vacibdir.

Azərbaycan kimi mental dəyərlərin, milli ənənələrin var olduğu ölkələrdə ailə quruluşu əhəmiyyətlidir. “İdi” desək daha doğru olardı bəlkə də. İndi aşınma ailələrdən də yan keçməyib. Vətəndaş nikahı 10 il əvvəl nadir rastlanan vəziyyət idisə bu gün normal qarşılanır. Atasız uşaqlar, anasının himayəsində böyüyən körpələr günü-gündən artır.

Ailədaxili münasibətlər sosial problemdir və dolayısı ilə bütün cəmiyyətin problemidir. Ailədə gərginlik varsa, öncə sosioloji tərəfləri araşdırılmalıdır. Psixoloji problemlərin çoxu əslində sosioloji problemlərdən doğur. Ailədə, uşağın böyüdüyü mühitdə vəziyyət necədirsə, uşaq da o xarakterdə böyüyür. Əgər ailədə mehribanlıq, səmimiyyət, xoş davranış, ata-ananın bir-birilə adil münasibəti, qarşılıqlı hörmət yoxdursa, demək, cəmiyyətin daha bir problemli fərdi yaranır.

Hər xalqın, hər millətin dəyərlər sistemi var. Cəmiyyətin özülünü də bu dəyərlər təşkil edir. Köklü dəyəri, ənənəsi olan cəmiyyətlər yüzilliklərin sınağından çıxıb günümüzə qədər sarsılmaz qala bilib, təməlində sarsıntı olan cəmiyyətlərdə isə ən xırda problemlər böyük dağıntılar yarada bilir. Ailələrin təməlinin əsas sütunu qadındır. Milli düşüncədə qadın ailənin ikinci fərdi, ərindən sonra söz haqqı olan biri kimi qəbul edilir. Lakin təcrübə və statistika göstərir ki, qadın kişidən tez böyüyür, həm fiziki, həm də əqli-psixoloji baxımdan.

Qadınların ən ağır ailə yükünü rahatlıqla çiyinlərində saxlamaq kimi fövqəladə bacarığı var. Əslində, məhz o bacarıq sayəsində ailələrin uzunömürlülüyü təmin olunurdu. Lakin qadınlar zəhmətlərinin qarşılığını görmədikləri, öldürüldükləri, zorakılığa, vəhşətə, xəyanətə məruz qaldıqları üçün daha daşın altına əllərini qoymurlar. Buna görə də ailə institutunda çoxdan proqnozlaşdırılan o sarsılmaz, artıq başlayıb. Boşanma statistikası çox şeyi etiraf edir, əslində...

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə