Depressiya hansı əlamətlərlə özünü büruzə verir? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

Depressiya hansı əlamətlərlə özünü büruzə verir? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Depressiya insanın özünü psixoloji cəhətdən yaxşı hiss etmədiyi, çox uzun müddət davam edə bilən və gündəlik həyata təsir edə bilən bir psixoloji xəstəlikdir. Motivasiyanın olmaması, dəyərsizlik hissləri, bədbinlik, bədbəxtlik, günahkarlıq hissi, ölüm və intihar düşüncələri depressiyanın əlamətlərindəndir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, depressiya cəmiyyətdə ən çox rast gəlinən psixoloji pozuntulardan biridir: "Araşdırmalara görə, ümumi əhali arasında həyatda ən az bir dəfə rastlaşma nisbəti yüzdə 15-20 % arasındadır.

Qadınlarda depressiya kişilərə nisbətən demək olar ki, iki dəfə çox olur. Hər 4 qadından birinin və hər 10 kişidən birinin həyatında ən azı bir dəfə depressiyaya düşdüyü bildirilir.

Depressiya əlamətlərinə aşağıdakılar daxildir:

1. Daim kədərli və ya depressiv əhval-ruhiyyə
2. Zövq aldığı fəaliyyətlərdən əvvəlki kimi zövq almamaq
3. Pəhrizlə əlaqəli olmayan çəki itkisi və ya artımı
4. Çox yatmaq və ya yatmaqda çətinlik çəkmək
5. Enerji itkisi
6. Bədbinlik və ya acizlik hissləri
7. Dəyərsizlik hissi
8. Demək olar ki, hər şeydə özünü günahkar hiss etmək
9. Düşünmək, konsentrasiya etmək və qərar qəbul etməkdə çətinlik
10. Təkrarlanan ölüm və ya intihar düşüncələri
11. Cinsi istəksizlik
12. Özünə qarşı dəyərin azalması

Depressiya diaqnozu bir mütəxəssis tərəfindən qoyulmalı və müalicə edilməli olan psixoloji bir xəstəlikdir. Depressiyada olduğunu düşünən insan mütləq bir mütəxəssisdən kömək almalıdır.

Dərman terapiyası və ya psixoterapiya depressiyanın müalicəsində fəal şəkildə istifadə olunan üsullardır. Bu iki üsul ayrı və ya birlikdə tətbiq oluna bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə