Ölkədə dilənçiliyin forması dəyişib? - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

Ölkədə dilənçiliyin forması dəyişib? - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

Son vaxtlar ölkədə dilənçiliyin forması dəyişib. Belə ki, əvvəl dilənçilər insana yaxınlaşıb pul istəyirdilərsə, indi əllərində nəsə tutub satırlar. Bu halların qarşısı necə alınmalıdır? SİA mövzu ilə bağlı Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib.

Onun sözlərinə görə, bütün bunlar yaxşı hal deyil: "Məsələ ilə bağlı tədbir görmək lazımdır. Bəs, bu tədbir necə olmalıdır? Bəlkə bəzi adamların, həqiqətən də, buna böyük ehtiyacı var. Ona görə də bu insanlar saxlanmalı, yoxlanmalı və dəqiq bilinməlidir ki, onların həqiqiətən ehtiyacı varsa, Sosial Müdafiə Fondunun xətti ilə kömək edilsin. Yəni, ölkənin vətəndaşıdır və onu ölüm-dirim ayağında qoymaq düzgün deyil".

Əhməd Qəşəmoğlu sözlərinə belə davam edib: "Bir də var ki, imkanı olan adamdır, amma dilənçilik edir. Bu halda onlara sərt cəza verilməlidir. İndi yaşla qurunu ayırd etmək olmur.

İnsanlar dilənçilik etməkdən qorxmalıdır. Yəni, insan ağır vəziyyətdədirsə, xüsusi bir büro olmalıdır ki, ona yardım edilsin. Bu büro Sosial Müdafiə Fondunun nəzdində ola bilər. Adam ora müraciət etməlidir ki, "Mənim yaşayış üçün heç bir imkanım yoxdur və bircə əlacım dilənməyə qalıb". Əlində də hər hansı bir kağızı olmalıdır ki, sübutu olsun. Bu halda həmin adam dilənirsə, onun günahı yoxdur. Çünki bu insan yaşamaq istəyir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə