Müasir Azərbaycanın ideya müəllifi, memarı və qurucusu Heydər Əliyevin 100 illiyilə əlaqədar olaraq, Azərbaycanın hər yerində və bir sıra xarici ölklərdə silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə dahi Heydər Əliyevin böyük xidmətləri təhlil olunur və yada salınır. Bir daha məlum olur ki, Ulu Öndər həqiqətən də Azərbaycan xalqının son yüz ildə yetişdirdiyi ən böyük siyasi və dövlət xadimdir.
2009-cu ildən fəaliyyət göstərən və bu gün respublikanın ən aparıcı özəl səhiyyə ocaqlarından olan Bioloji Təbabət Klinikasında (İnteqrativ Təbabət) Ulu Önədər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq çox maraqlı və yadda qalan bir tədbir keçirilib.
Aparıcı, Bioloji Təbabət Klinkasının həkimi Lamiyə Nəbibəyli tədbiri açıq elan edəndən sonra Azərbaycan himni səsləndirilib. Sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir Heydər Əliyevə həsr olunan çox maraqlı sənədli filmlə davam edib.
Sonra aparıcı tədbirdə ilk öncə tibb elmləri doktoru, professor, İnteqrativ təbabətdə Elmi araşdırmalar mərkəzinin rəhbəri Fikriyyə İbrahimliyə söz verib. Fikriyyə həkim Ulu Öndərin birinci və ikinci hakimiyyəti dövründə Azərbaycan səhiyyəsində apardığı böyük işlər haqqında danışıb. İkinci hakimiyyəti dövründə özəl səhiyyəyə yaşıl işıq yandırmasından və bu səhiyyə sahəsinə bacardığı kimi kömək etməsindən danışıb.
Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə azərbaycanlı gənclərin keçmiş Sovetlər Birliyinin ən aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi, Azərbaycan ədəbiyyatına, incəsənətinə, idmanına göstərdiyi böyük xidmətlər haqqında danışıb. İkinci hakimiyyəti dövründə Azərbaycanda vətəndaş qırğınının qarşısını alması haqda öz fikirlərini deyib.
Söz terapevt, tibb elmləri namizədi Mirəsgər Əsgərova verilib. O, Bioloji Təbabət Klinikası və ümumiyyətlə ümummili lider Heydər Əliyevin Azərbaycan səhiyyəsindəki xidmətləri haqqında tamaşaçılara çox maraqlı məlumatlar verib. Nəğməkar şair Abil İslamın sözlərinə bəstəkar Elşən Nicatın yazdığı “Ulu Öndər” mahnısı səslənib.
Sonra Abil İslam Heydər Əliyevə həsr etdiyi bir neçə yazısı haqqında danışıb. Bədii qiraətçi Ülviyyə Göyçaylı Abil İslamın Heydər Əliyevə həsr etdiyi şeirini söyləyib. Sonra isə söz, Planeta MMC-nin təsisçisi və direktoru, Bioloji Təbaəbət Klinikasının yaradıcısı Elxan Yaqubova verilib. O, Ulu Öndər Heydər Əliyevlə bağlı maraqlı çıxışı ilə yadda qalıb:
- Bildiyiniz kimi Azərbaycanda birinci Bioloji Təbabət Klinikası Bakı şəhərində 2009-cu, sonralar isə 2012-ci ildə Göyçay, 2013-Sumqayıt və 2018-ci ildə Masallı şəhərlərində Azərbaycan Səhiyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyətə başlayıb. Biz bütün bu uğurları məhz Azərbaycan müstəqillik qazanandan sonra əldə etmişik. Bütün bu işlərin də kökündə dahi rəhbər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etməyə gəldiyi dövrlə bağlıdır. Amma mən bir qədər əvvələ getmək istəyirəm. Bilirsiniz ki, Sovet Ordusunun Bakıda törətdiyi qanlı 20 yanvar faciəsinə etiraz əlaməti olaraq dünya radiolarına, televiziyalarına verdiyi çox tutarlı, tənqidi fikirlərinə görə ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyində tutduğu postdan istefa verib və doğulduğu Naxçıvana qayıtmışdı. Xalqın iradəsi ilə 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri seçilmişdi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Bir tərəfdə Talış-Muğan Respublikası yaratmaq istəyənlərin, digər tərəfdə Surət Hüseynovun başçılığı ilə Gəncə hadisələrini törədənlərin niyyəti dövləti parçalamaq, milləti bir-birinə qarşı qoymaq idi. Təbii ki, o dövrün alim, həkim, yazıçı, deputat, müəllim və sairədən ibarət bir qrup ziyalısı belə qərara gəldi ki, ölkəni bu bəladan yalnız Heydər Əliyev kimi qüdrətli siyasətçi, güclü zəka sahibi, xalqını, millətini sevən bir rəhbər qurtara bilər. Beləliklə, xalqın da təkidi ilə dahi rəhbər, böyük siyasətçi Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ilə qədər Azərbayçan Respublikasının Prezidenti olan Heydər Əliyev həmişə xalqımızın müstəqilliyini, Azərbaycanın güclü orduya malik, iqtisadi cəhətdən qüdrətli, dünyanın inkişaf etmiş dövlətləri arasında söz sahibi olmasını istəyirdi və bu məqsədləri üçün yorulmadan mübarizə aparırdı.
Hakimiyyətə gəlişinin ilk günündən Ümummilli Lider Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, dinimizə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir. Xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən, məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi, Qurban və Ramazan bayramlarının rəsmi qeyd olunması buna parlaq misallardır. Təbii ki, Azərbaycanın müstəqilliyi hər şeydən öndə idi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Mayın 28-i isə Respublika günü elan edildi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində elm və təhsildə, ordu quruculuğunda, iqtisadiyyatda, mədəniyyət sahəsində bir sıra uğurlu islahatların əsası qoyuldu. Onun bilavasitə rəhbərliyi, diqqəti və dəstəyi sayəsində səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, çoxsaylı islahatlar aparıldı. İlk növbədə, səhiyyənin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması daim diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə Milli Məclis “Əczaçılıq fəaliyyəti haqqında”, “Özəl tibbi fəaliyyət haqqında”, “Tibbi sığorta haqqında” və bir sıra digər qanunlar hazırlayıb və təsdiq edib. Ölkə Prezidentinin “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 13 mart 1998-ci il tarixli Sərəncamı səhiyyənin bütün sahələrində islahatların daha geniş və daha sürətli aparılmasına şərait yaradıb.
Aparılan islahatlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən genişmiqyaslı təşkilati və müalicə-profilaktika tədbirləri nəticəsində ölkədə xəstələrin sayı kəskin surətdə azalıb. Məhz bu islahatlar sayəsində respublikamızda uzunömürlülük və reprodiktivlik göstəriciləri xeyli yaxşılaşıb, həyat keyfiyyətinin yaxşılaşdırılması tempinə görə isə Azərbaycan indi dünyanın qabaqcıl ölkələri sırasındadır. Səhiyyə sistemində aparılan uğurlu islahatlardan biri də dövlətin ölkədə özəl səhiyyənin inkişafına geniş imkanlar yaratması idi. Bir sahibkar kimi bu imkan və şəraitdən biz də yararlandıq və Respublikamızda əzəl səhiyyənin təməlini quranlardan biri kimi 2009-cu ildə Bioloji Təbabət Klinikasının fəaliyyətinə start verdik. Sonra Sumqayıt, Göyçay və Masallıda da klinikalar açdıq. Hər birində müasir texnologiyaya cavab verən aparatlar, vətəndaşlara beynəlxalq standartlara uyğun tibbi xidmət göstərmək üçün hər cür şərait var. Daha bölgələrdə yaşayan insanların əlavə xərc çəkib paytaxta gəlmələrinə ehtiyac yoxdu. Həkimlərimiz həftənin müəyyən günlərində bölgələrdə fəaliyyət göstərən klinikalarımızda pasientləri qəbul edirlər. Özəl səhiyyənin inkişafına dəstək proqramı paralel olaraq ölkədə tibbi turizmin inkişafına da dəstək vermiş oldu. İndiyə qədər müalicə üçün İran, Türkiyə, Almaniya və digər ölkələrə üz tutan pasientlər indi xəstəliklərinin çarəsini burda tapırlar. Hətta bir çox ölkələrin vətəndaşları da müalicə üçün Azərbaycanı, əsasən də Bioloji Təbabət Klinikalarını seçirlər. Çünki həmin xəstələr həkimlərimizin apardığı fərqli müalicənin uğurli nəticəsini görürlər.
Məhz buna görə də Bioloji Təbabət Klinikası onlar üçün ümid qapısıdır. Bax, bütün bunların ideya müəllifi məhz Ulu Öndərimiz Heydər Əliyev olub. Ona görə də xalqımız onu çox sevir. Nə qədər Azərbaycan xalqı olacaq, o qədər də Ümummili liderimiz Heydər Əlirza oğlu Əliyev olacaq.
Zeynəb GƏNCƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB