Naxçıvan Dövlət Universiteti ilə tanışlığımın ilkin təəssüratları
Bu yaxınlarda Naxçıvan Dövlət Universitetində (NDU) idman ixtisası üzrə təhsil alan nəvəm Məmmədov Elşənin təhsili, yaşayışı ilə maraqlanmaq, bəzi məişət problemlərini həll etmək məqsədi ilə Naxçıvana uçmalı oldum. Naxçıvanda əvvəllər də olmuşdum, amma yaz aylarında bu qədim diyara səyahət etməyin ayrı bir təəssüratı varmış. Qədimiliklə yenilik bir-birini əvəz edirdi, yaşıllıqlar göz oxşayırdı...
Universitetə getmək üçün çox da çətinlik çəkmədim. Ətrafı seyr edə-edə Universitetə necə çatdığımdan xəbərim olmadı. Nəvəmin təhsil aldığı fakultənin hansı korpusda olduğunu soruşdum. Məni gedəcəyim ünvana tez çatmağım üçün hərənin bir yardımı oldu. İçəri daxil oldum, Fakultənin dekanı Vəli Heydər oğlu Əliyevlə tanış oldum. İlk söhbətimdəcə aramızda elə bir xoş münasibət yarandı ki, elə bildim Vəli müəllimi sanki 100 ildir ki tanıyıram. Səmimi, gülərüz bir pedaqoq, müəllim təsiri bağışladı mənə. Qeyd edim ki, özüm də təhsil sahəsində uzun illər çalışmışam, müəllimlik peşəsinin nə olduğunu, nə qədər çətin və məsuliyyətli olduğunu çox yaxşı bilirəm.
Naxçıvan Dövlət Universitetindəki ab-havanın, təhsil mühitinin unikallığında bir nüansı da diqqətə almaq lazımdır. Bu qədim təhsil ocağına rəhbərlik edən şəxsin öz yerində olmasını əsas şərt kimi qəbul etdim. Məlum oldu ki, NDU-nun rektoru Elbrus Saleh oğlu İsayev "Beynəlxalq münasibətlər" kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktorudur. Onun rəhbərliyi altında elm və təhsil sahəsində Universitet böyük uğurlara imza atıb. Əsas meyar olan təhsil üçün NDU-da çox gözəl şərait yaradılıb.
Qeyd etmək yerinə düşər ki, Elbrus İsayev ictimai fəaliyyəti ilə paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasının doktorantı olmuş, Beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixi — tədqiqat sahəsi üzrə 2002–2006-cı illərdə "Böyük İpək yolu və Naxçıvan" adlı dissertasiyanı müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Bununla yanaşı, "Böyük İpək yolu və Naxçıvan" (2012), "V-XV əsrlər beynəlxalq ticarət və Azərbaycan" (2012) kitablarının, 2 meteodik vəsaitin, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin, 60-dan artıq elmi və publisistik məqalənin müəllifidir. ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, ingilis, rus, alman, fars, türk və koreya dillərində elmi əsərləri çap olunmuşdur.
E.İsayev ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə dayışaraq uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində, istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyəti ilə mühüm tədqiqatların müəllifi kimi tanınır.
Məlum oldu ki, Pedaqoji fakultədə Azərbaycanın demək olar ki, əksər bölgələrindən təhsil alanlar var. Vəli Əliyev bildirdi ki, tələbələrini böyük əksəriyyətinin təhsilindən, təlim-tərbiyyəsindən çox razıyıq. Onu da bildirdi ki, fakultədə müxtəlif idman növləri üzrə müxtəlif yarışlarda nəticələr əldə edən idmançılar az deyil.
Nəvəmin təhsili, təlim-tərbiyyəsi barədə soruşdum, razılıq etdi. Bildirdi ki, uzaq bölgələrdən gələn tələbələrə xüsusi qayğı göstərilir, onların dərsdən sonrakı fəaliyyətləri də diqqətdə saxlanılır. Tələbə yataqxanasında onlar üçün yaradılan şəraitin qənaətbəxş olduğunu, bütün imkanların yaradıldığını deyən Vəli müəllim bunu üçün dövlətimizə minnətdar olduğunu xüsusi qeyd etdi. Universitetin rəhbərliyinin də bu məsələdə daha həssas olduğunu deyən dekan təhsildə yüksək nəticənin əldə edilməsi üçün bunun cox vacib bir amil olduğunu xatırlatdı.
Vəli müəllimlə xeyli söhbətimiz oldu. Və bu söhbətdən sonra əldə etdiyim təəssürat bu oldu ki, nə qədər ki, işinin peşəkarı olan müəllimlərimiz, təhsilin inkişafında maraqlı olan pedaqoqlarımız var, ölkəmizin sabahı, gənclərimizin gələcəyi parlaqdır.
Məmmədhəsən MƏMMƏDOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB