Sondan əvvələ: göydən üç alma düşdü... RESENZİYA

Sondan əvvələ: göydən üç alma düşdü... RESENZİYA

Həmişə göydən üç almanın düşməsinə uşaq nağıllarının sonunda rast gəlmişik. Hələ nağılların sonluğunun üç alma ilə bitdiyini biləndən sonra hər dəfə səbirsizliklə gözləmişik ki, nağıl söyləyənlər göydən üç almanı düşürsünlər və bizlər də öz payımızı ala bilək...

Bu dəfə isə göydən üç alma uşaqlığımızın nağıllarının sonundan əvvəlinə gəlib. Belə ki, Pərvanə Rasimqızının “Göydən üç alma düşdü” adlı yeni broşür-kitabı nəşr olunub. Üç almanı elə əvvəldən uşaqlara hədiyyə edən kitab gözəl illüstrasiyası, dizaynı, nəfis tərtibatı ilə göz oxşayır. Elə uşaqlara da bu lazım deyilmi? Əlbəttə, onlar üçün lazım olan da budur, vacib olan da.

Elə söhbətin bu yerində bir haşiyə çıxmağı özümə borc bilirəm ki, son dövrlər uşaqlarımızı saatlarla kompüter qarşısında əyləşdirib, əllərinə smartfon telefonlar verib başını qatmağa çalışırıq. Onları bütün sosial şəbəkələrin baş qəhrəmanına çevirmişik. Uşaqların həm şirin-şəkər hərəkətlərini, həm də sözəbaxmayan, dərs oxumaq istəməyən hallarını çəkib sosial şəbəkələrdə nümayiş etdiririk. Bu isə heç də yaxşı hal deyil. Biz uşaqlarımızı internet aləmindən kənar tutmaq əvəzinə, onlarla bağlı videoları hazırlayıb bu şəbəkələrə yerləşdirməklə onların həyatı ilə oynayırıq. Kompüter və smartfon telefonlardan istifadə üçün saatlarla vaxt verməklə onların uşaqlığını əllərindən alırıq. Əslində vaxt ayırıb onlara nağıl oxumalıyıq, saatlarla təmiz havada gəzdirməliyik. Özümüzün oynadığımız oyunları onlara təlqin etməliyik. Lakin təəssüflər olsun ki, bunların heç birini etmirik. Çox halda uşağın səsi çıxmasın deyə telefonu əlinə verib sakitləşməsini istəyirik ki, işimizin arxasınca arxayın gedək. Nəticədə isə uşaqların nitqində qüsur yaranır, gözlərinin sağlamlığını itirir, beyni vaxtından əvvəl formalaşır. Telefonda baxdığı cizgi filmləri mentalitetimizə uyğun olmadığı üçün uşaqların aqressivləşməsi, bu aqressiyalar ilə böyüməsi, baxçada, məktəbdə hegemonluq etməsi, sinif yoldaşları ilə anlaşa bilməməsi ilə nəticələnir. Sonda nə baş verir? Biz onları xəstəxanalara, loqopetlərə, psixoloqlara aparmalı oluruq. Özümüz öz əlimizlə övladlarımızın sağlamlığını əlindən alıb, sonra da öz ayaqlarımızla xəstaxana və digər sağlamlıq mərkəzlərinə gedən yollarda sürünürük.

Bax, Pərvanə Rasimqızı bütün bu söhbətimizin əksinə olan bir ədəbiyyat qoyub ortaya. Uşaqları yersiz əyləncələrdən uzaq tutmaq, onları şəkillərlə əyləndirmək, nağıllarla böyütmək üçün gərəkli olan bir vəsait ərsəyə gətirib. Müasir dövrümüzdə ölkəmizdə uşaqlar üçün yazılan kitabların yox dərəcəsində olduğunu nəzərə alsaq, yeni nəşr çox təqdirəlayiqdir.

Broşür-kitabdakı 14 nağılın hər biri hadisələrin məzmun seçimi, cərəyanı, kuluminasiya nöqtəsinin marağı ilə diqqət çəkir. Böyüklərə sayğını, dost və rəfiqə ilə gözəl münasibətləri, paylaşmağı, həmrəyliyi, vətənpərvərliyi, heyvanlarla dostluğu, onları qorumağı aşılayan nağılların hər biri uşaqların xarakterinin, dünyagörüşünün formalaşmasında böyük əhəmiyyətə malikdir.

2-8 yaş uşaqlar üçün nəzərdə tutulan kitabı təbii ki, hərfləri tanımadıqları və yenicə öyrənməyə başladıqları üçün valideynlər, böyüklər oxumalıdırlar. Bax bu cəhətin özü daha təqdirəşəyandır. Çünki müəllif bununla uşaqları pis alışqanlıqdan xilas etməyə cəhd göstərir. Valideynlərə, böyüklərə hazırladığı kitabla demək istəyir ki, uşaqları onlar üçün əlverişli olmayan vərdişlərdən uzaqlaşdırın, onlara kitab, nağıl oxuyun. Onların sağlam böyüməsinin qeydinə qalın. Uşaqları aqressiv böyüməsinə səbəb olan bütün vasitələrdən qoruyun.

Müəllif kitabda özü haqqında məlumat verməsə də, bir qədər də onun barəsində söhbət açaraq demək istəyirəm ki, gənclik yollarında addımlamaqda olan Pərvanə Rasimqızı əmək fəaliyyətinə Təhsil İstitutunda (əvvəki Təhsil Problemləri İnstitutu) böyük elmi işçi kimi başlayıb, burada istedadlı uşaqlarla iş şöbəsində çalışıb. Hətta institutun “Elmi nəşrlər” jurnalinda bir neçə dəfə məqalələri də dərc olunub. Daha sonra isə ailə vəziyyəti ilə əlaqədar olaraq “Kiçik mələklər” tədris və inkişaf mərkəzində erkən inkişaf, həm də ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməyə başlayıb. Artıq beş ildir ki, uşaqlarla işlədiyinə görə, necə deyərlər, onların istək və arzularına yaxın olduğu və sağlamlıqlarının, düzgün böyümələrinin qeydinə qaldığı üçün nağıllar yazmağa başlayıb. Sonda isə onu broşür şəklində dərc etdirib.

Müəlliflə söhbət zamanı bildirdi ki, müasir dövrdə uşaqların izlədiyi cizgi filmlərindən fərqli olaraq kitabdakı nağıllarda qorxunu və onun yaratdığı aqressiyanı aşılayan heç bir hal yoxdur. Əksinə uşaqların maraq dairəsinə yaxın, onların yaşına və düşüncə tərzinə uyğun nağıllar yer alıb və nağılların ssenarisinin hər biri üçün pedaqoq və psixoloqlardan məsləhət alınıb, onların rəyi üstün götürülüb.

Beləcə əlimizdə uşaqlarımıza böyük bir hədiyyə var. Kitabı vərəqlədikcə düşünürəm ki, uşaqların əlindən telefonu alıb əvəzinə bu kitabı- “Göydən üç alma düşdü”nü onlara hədiyyə edən müəllif özü bir ana kimi nə qədər xoşbəxtdir... Çünki uşaqlarımızın bu kompüter dünyasından xilasını düşünmək heç də hamının ağlına gələn məsələ deyil. Odur ki, müəllifi təbrik edir və uğurlar arzulayıram. Bir sirri də açıqlamaq istəyirəm ki, nağıllar kitabının ardı olacaq, hələ üstəlik müəllif hekayələrlə də gələcəkdə uşaqların görüşünə gələcəkdir.

Yeni kitabınız xeyirli olsun, Pərvanə xanım. Qoy hər kəs gələcəyimiz olan uşaqların sağlam təfəkkürlə böyüməsi üçün sizin kimi öz töhfəsini versin. Bizim buna çox ehtiyacımız var.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə