Aliment ödəməməyin cəzası nədir? - VƏKİL AÇIQLADI

Aliment ödəməməyin cəzası nədir? - VƏKİL AÇIQLADI

"Aliment latın sözü olan “alimentium” sözündən götürülmüş, mənası saxlama üçün vəsait, öhdədə olma deməkdir. Aliment hüquq münasibətlərinə görə ailənin bir üzvləri ailənin digər üzvlərini maddi cəhətdən təmin etməlidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yusif Allahverdiyev və Partnyorları vəkil bürosunun vəkili Murad Hüseynov deyib.

Onun sözlərinə görə, aliment öhdəliyi dedikdə əksər hallarda yalnız ata-ananın yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün vəsait ödəməli olmaları öhdəliyi başa düşülsə də, alimentin dairəsi təkcə bununla məhdudlaşmır: "Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində valideynlərin yetkinlik yaşına çatmayan uşaqları üçün ödəməli olduğu alimentdən başqa aliment öhdəliyinin digər formaları — əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ, maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərin əmək qabiliyyəti olan övladlarından aliment almaq hüququ, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvadın bir-birindən aliment tələb etmək hüququ, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment tələb etmək hüququ, 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvadın aliment tələb etmək hüququ, zəruri vəsaitə malik olan baba və nənədən yardıma ehtiyacı olan, yetkinlik yaşına çatmayan və öz valideynlərindən maddi yardım ala bilməyən nəvələrin aliment tələb etmək hüququ və s. kimi aliment növləri öz əksini tapmışdır.
Alimentin ödənilməməsi, məhkəmə qərarını icra edilməməsi cinayət və inzibati məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçiliyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin 528 ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxs, cəzasını çəkdikdən sonra aliment ödənilməsini davam etdirməlidir. Məsuliyyətə cəlbetmə heç bir halda aliment öhdəliyini aradan qaldırmır. Aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə