“Elmi əsaslı psixoloji testlərin adaptasiyası böyük bir prosesdir“ - PSİXOLOQ DANIŞDI

“Elmi əsaslı psixoloji testlərin adaptasiyası böyük bir prosesdir“ - PSİXOLOQ DANIŞDI

“Ümumiyyətlə, sosial şəbəkələrdə təqdim olunan psixoloji testlər çox vaxt elmi əsaslara söykənməyən və populyar testlər olur. Qeyd edə bilərəm ki, bu tipli testlərə nəzər salsaq içərisində az bir qisminin elmi əsaslı olduğunu müşahidə edə bilərik. Çünki elmi əsasa malik testlərin müəyyən bir strukturu və hazırlanma qaydası vardır. Bu da təbii ki, müəyyən bir zaman alır. Bu tipli testlərdə mütləq şəkildə ilkin hazırlıq mərhələsi olur, yəni testin hazırlanması, hesablanması, suallardakı psixoloji nüansların nəzərə alınması və s. qeyd etmək olar. Həmçinin suallar elə professionallıqla və bu işə agah olan insanlar tərəfindən hazırlanmalıdır ki, hər bir sual müəyyən dərəcədə də olsa insanların psixoloji vəziyyətlərinin nə yerdə olduğunu aşkarlamağa kömək etsin”.

Bu sözləri SİA-ya açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, PhD Elnur Rüstəmov bildirib.

Onun sözlərinə görə, başqa sözlə izah etsəm, hər bir sual insanın psixoloji durumundakı bir problemin tapılmasına yönəlməlidir: “Məsələn, 20 maddəli bir test tərtib edilir və bu testdəki suallar, maddələr bir neçə problemin aşkar edilməsinə yönləndirilməlidir. Ona görə də elmi əsaslı psixoloji testlərin adaptasiyası həm müəyyən bir zaman alır, həm də böyük bir prosesdir. Ölkəmizdə demək olar ki, bu testlərin heç biri hələ tam şəkildə adaptasiya olunmayıb. Qeyd etdiyim kimi bu proses həm çətin, həm də zaman alan proses olduğu üçün orda tərcümə, əks tərcümədən tutmuş onların hər biri müxtəlif statistik proqramlardan keçir, yoxlanılır, dəqiqləşdirilir. Eyni zamanda sorğular keçirilir və burda konkret say tərkibi var, məsələn: 2000 nəfərlə bu sorğu keçirilməlidir. Artıq bu proseslərdən sonra araşdırma aparılır və yenidən baxılır ki, bu sorğu və keçirilən test Azərbaycan reallığına nə dərəcədə uyğun gəlir. Beləkliklə, psixoloji testin hazırlanması, sorğu keçirilməsi və s. bu şəkildə böyük bir prosesdən keçməklə öz təstiqini tapır. Əksinə sosial şəbəkələrdə psixoloji testlər başlığı adı altında qarşılaşdığımız testlər isə bir çox hallarda tərcümə olunmuş, populyar qismən də elmi-populyar testlərdir. Həmçinin, o tip testlərdə hesablama qaydası sadə olur və çox zaman bu hesablamanı proqramın özünün etdiyini görə bilərik. Bu tip testləri işləyən, sualları cavablandıran insanlarda konkret olaraq hər hansı bir psixoloji narahatçlığın olub- olmamasını demək bir az çətindir və əsaslı da olmaya bilər. Belə testlərin müxtəlif sosial şəbəkələrdə yerləşdirilməsi məqsədinə də toxunmaq istərdim. Burada çox zaman məqsəd belə deyək, insanların qısa zaman ərzində öz psixoloji durumu və ya əhvali-ruhiyyəsi haqqında ilkin məlumat əldə etməsidir. İnanlar bu tipli testlərə güvənə bilərmi? -sualı verilsə, mən bildirərdim ki, xeyr güvənə bilməzlər. İnsanların bu testlərdən keçməsində, əlbəttə heç bir problem yoxdur. Ancaq bu testlərə aludə olmaq, inanaraq insanların hər hansı psixoloji problemlərinin, narahatlıqlarının olması düşüncəsinə qapılmaq doğru bir düşüncə və yanaşma üsulu deyil.“

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə