“Mövsümündə yeyilməyən meyvə-tərəvəz xərçəng xəstəliyinə səbəb olur” - MÜTƏXƏSSİS DANIŞDI

“Mövsümündə yeyilməyən meyvə-tərəvəz xərçəng xəstəliyinə səbəb olur” - MÜTƏXƏSSİS DANIŞDI

“Mövsümündə yeyilməyən meyvə-tərəvəzlərin insan orqanizminə bir çox təsirləri var, hər bir meyvə-tərəvəzin mövsümündə qəbul edilməsi daha məqsədəuyğundur. Çünki öz mövsümündə, təbii şəkildə yetişdirilən meyvə-tərəvəzlərdə əlavə qoruyucu maddələrdən istifadə olunmur. Belə olan halda onların qida dəyəri, tərkibi müxtəlif elementlərlə daha zəngin olur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, mövsümündə olmayan meyvə-tərəvəzlərin isə insan orqanizminə demək olar ki, bir faydası dəymir: “Çünki onları mövsümləri xaricində yetişdirə bilmək üçün həddindən artıq antibiotiklər, kimyəvi dərmanlardan istifadə olunur. Bu cür meyvə-tərəvəzlərin qida dəyəri olduqca az olur, yığıldıqdan sonra isə demək olar ki, yox dərəcəsinə çatır. Belə olan halda həmin qidaların qəbulu bir çox insanlarda allergik reaksiyalar şəklində özünü göstərir. Bundan əlavə baş ağrısı, ürək bulanma kimi əlamətlərlə də səciyyələnir. Davamlı olaraq bu cür məhsulları istehlak edən insanlarda xərçəng xəstəliyinin yaranma riski çox olur. Eyni zamanda mövsümündə olmayan meyvə-tərəvəz qəbulu erkən yaşda saç tökülməsinə də səbəb ola bilir. Bütün bunlar nəzərə alınaraq, mövsümündə olmayan meyvə-tərəvəzlərdən istifadə edilməsi tövsiyyə olunmur. Xüsusilə də hamilə xanımlar bu məsələyə diqqət etməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə