Prezidentin Əfv Sərəncam ilə bağlı şəhər sakinlərinin TƏƏSSÜRATLARI - SORĞU
Məlum olduğu kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.
Bu Azərbaycanın müstəqillik tarixində imzalanan ən irimiqyaslı sərəncamdır. Əfv sərəncamına əsasən düz 801 nəfər əfv olunub. SİA məsələylə bağlı şəhər sakinləri arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik:
Paytaxt sakini Yavər Musabəyov:
"Bu bizim istər məhkumlarımızın, istər onların yaxınlarının böyük ümidlə gözlədiyi bir sərəncam idi. Onlar da bu vətənin oğul və qızlarıdır. Hər kəs xəta edə bilər, əsas odur bu xətalar təkrarlanmasın, tutduqları əməldən peşman olsunlar. Bildiyimə görə 800-dən artıq məhkum əfv olundu. Bütün azad olunanlara can sağlığı arzu edirəm. Qalanlarının da tez zamanda azadlığa buraxılmasını diləyirəm".
Paytaxt sakini Aytac Ağazadə:
" Mən bu addımı çox yüksək qiymətləndirirəm. Bir dövlətin suverenliyi, humanistliyi, demokratikliyi məhz bu cür addımlarla müəyyən olunur. Nəticə etibarilə hamımızın başına iş gələ bilər. Sözsüz ki, bu sərəncam imzalananda məhkumlara individual yanaşılıb. Cəmiyyətə yenidən adaptasiya ola biləcək, əməlindən həqiqətən peşman olan məhkumlar seçilib. Ona görə də burada heç bir qüsur görmürəm, əksinə, məncə, çox müsbət bir addımdır".
Paytaxt sakini Murad Məhəmmədli: "Məncə, çox yaxşı qərardır. Onların da ailəsi, gözləyəni var. Bunu çox humanist addım kimi dəyərləndirirəm. Bundan gözəl nə ola bilər ki?! Bizim millətimiz ağıllı millətdir. Hamının başına iş gələ bilər. Heç kim sabaha qarantiya vermir. Həmin məhkumların cəmiyyətə qazandırılmasından vacib heç nə yoxdur".
Paytaxt sakini Telli Mehdiyeva: " Bu sərəncamı çox müsbət dəyərləndirirəm. Əsasən də qadın məhkumlar adına çox sevinirəm. Xüsusən uşaqları evdə gözləyən analar üçün sevincliyəm. İstəyərəm ki, bu tipli sərəncamlar tez-tez imzalansın. Mənim yaxınlarımın arasında məhkumluq həyatı yaşamış olan insan yoxdur, ancaq onları çox gözəl başa düşürəm. Elə gələcək gəlsin ki, bu cür sərəncamlara heç ehtiyac qalmasın, cəzaçəkmə müəssisələrində bircə nəfər belə vətəndaşımız olmasın. Gələcəyimiz elə xoş, elə gözəl keçsin ki, bu cür sərəncamlara heç lüzum olmasın".
Paytaxt sakini Rüfət Nəbiyev: " Belə deyim ki, cənab Prezidentin qərarına hər bir vətəndaş kimi hörmətlə yanaşıram. Dustaqları gözləyən yaxınları, bu yolda əziyyət çəkən ailələri var. Bu sevindirici haldır ki, onlar tez zamanda yaxınlarına, ailələrinə qovuşurlar. Hər bir insana öz evi doğmadır. Onları başa düşmək, geri qazanmaq lazımdır".
Paytaxt sakini Səma Abdullayeva:
"Məncə, bu sərəncam çox lazımlı idi. Yerində atılan addımdır. Daha gözəl Azərbaycan üçün məhkumlarımız azalmalıdır. Üstəlik bu tipli addımlar cəmiyyətdə sevinclə qarşılandığı üçün ölkəmizin cinayət aktı statistikası da aşağı düşər. Çünki ümidsizcə azad olunmağı gözləyən məhkum birdən-birə əfv qərarına əsasən azadlığa çıxdıqda, təkrar cinayət törətməyə onun vicdanı yol vermir. Yekun olaraq fikirlərim çox müsbətdir".
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB