Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamının icrasına başlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsmanın, Ədliyyə Nazirliyi yanında ictimai şuranın, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə KİV nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 6, 7, 9, 10, 11, 15, 16 saylı və digər cəzaçəkmə müəssisələrində və Probasiya Xidmətdə həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin ediblər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.
Ədliyyə Nazirliyinin nümayəndələri, Penitensiar Xidmətin və Probasiya Xidmətinin rəhbərliyi, Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən yeniyetmələr, qadınlar və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim ediblər.
Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhkumlara və onların ailə üzvlərinə təbriklərini çatdırıb, bu humanist aktın əhəmiyyəti barədə danışıblar. Vurğulanıb ki, bu Ulu Öndər Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyevin milli həmrəyliyə istiqamətlənmiş növbəti addımıdır. Dövlətimizin başçısı bu Sərəncamı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və Ümummilli Liderin 100 illik yubileyi münasibətilə imzalanan əfv Sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırladaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına töhfəsini verəcəklərinə inandıqlarını bildiriblər.
Bildirilib ki, son illər Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin mayın 8-də imzaladığı əfv Sərəncamı da bu humanizm aktlarının tərkib hissəsidir.
Qeyd edək ki, Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Əfv olunan şəxslər arasında xarici ölkə vətəndaşları və qadınlar da var.
Bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul edilmiş Əfv Sərəncamının mayın 10-dək icra olunması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB