Qadının məzarı niyə kişininkindən daha dərin qazılır? - DİN XADİMİ AYDINLIQ GƏTİRDİ

Qadının məzarı niyə kişininkindən daha dərin qazılır? - DİN XADİMİ AYDINLIQ GƏTİRDİ

"Dini rituallar məcburi və ixtiyari olmaqla iki yerə ayrılır. Məcburi dini ritual rəhmətə gedənin yuyulması, kəfənlənmasi və namaz qılınaraq dəfn olunmasıdır. Lakin dəfn zamanı təhlükəsizlik nəzərə alınmalıdır. Keçmişdə beton tökmək, daş hörmək kimi şeylər olmadığı üçün sadəcə torpaq qazılaraq dəfn həyata keçirilib". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, islamşünas Hacı Ağasəid Yaqubov deyib.

Onun sözlərinə görə, torpağa dəfn olunduqda yer qazılıb, içində bir rəf düzəldilib və yenidən üzərinə torpaq tökülüb: "Ona görə də qəbri həm palçığın aşağı çatmaması, həm vəhşi heyvanlara əlçatan olmamağı üçün dərin qazırdılar. Bu nöqteyi-nəzərdən qadınlar daha həssas olduğu üçün onları kişilərə nisbətən daha dərinə dəfn edirdilər. Bu, dünyəvi məsələ ilə əlaqədardır".

Din xadimi bildirib ki, digər tərəfdən qadının abır və isməti kişidən daha çoxdur: "Allah-təala Qurani-Kərimdə buyurur ki, sizi qəbirlərinizdən dirildəcəyik. Dini ədəbiyyatlarda da qeyd olunur ki, hər bir insan öz qəbrində ayağa qalxacaq. İnsan övladı sadəcə bir kəfən parçası ilə dəfn olunduğu üçün qadını sinəsi görünməyəcək dərinlikdə basdırırlar ki, qiyamətdə ayağa qalxdıqda naməhrəm yerləri görünməsin. Kişilər isə göbəyə qədər örtülü olmalıdır. Buna görə də qadınlar daha dərin dəfn olunur. Bu isə axirətlə əlaqədar olan bir məsələdir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə