“Hamiləlik zamanı fiziki aktivlik həm ana, həm də doğulacaq körpənin sağlamlığı üçün çox faydalıdır. Belə ki, gündəlik idman hərəkətləri hamilə qadınların yuxu rejimini normallaşdırır, qan dövranını yaxşılaşdırmaqla dölün inkişafına və digər müsbət təsirləri var. Düzgün idman hərəkətləri hamiləliklə bağlı yaranan şişkinlikləri aradan qaldırmağa, doğuşun rahat keçməsinə, həmçinin doğuşdan sonrakı dövrdə ananın öncəki çəkisinə daha asan qayıtmasına kömək edir”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Mamalıq şöbəsinin elmi işçisi, mama-ginekoloq Tuğraxanım Əlinağıyeva bildirib.
Onun sözlərinə görə, pilates, yoqa, gündəlik gəzinti və üzgüçülük hamilə xanımlar üçün uyğun idman növləri hesab edilir: “Hamiləliyin ilk üç ayı riskli bir dövr olduğu üçün idman məşqlərinə hamiləliyin 12 həftəsindən sonra başlamaq məqsədəuyğundur. İdmana başlamazdan öncə həkimlərə müraciət etmək məsləhət görülür. Bəzi riskli durumlarda həkim idman qadağan edə bilər.
İdmanla məşğul olan hamilə qadınların artan kalori ehtiyacını ödəmək üçün bol zülal və kalsium, dəmir, fol turşusu ilə zəngin qidaların qəbulu vacibdir. Bağırsaqların normal fəaliyyətini təmin etmək üçün bol maye qəbulu və rasiona bitki tərkibli məhsullar, lifli qidalar əlavə etmək məsləhət görülür.
Bəzi idman növləri hamiləlik dövründə gələcək körpəyə birbaşa olaraq zərərli olmasa da, travma almaq, yıxılmaq, qarından zərbə dəyməsi təhlükəsi yarada bilər. Belə travmalar erkən doğuşa, düşüklərə, ciftin vaxtından əvvəl qopması kimi ciddi nəticələrə səbəb olduğu üçün futbol, döyüş növləri, atçılıq, xizəkçəkmə və gimnastika, ağırlıq qaldırma kimi qarındaxili təzyiqi artıran idman növlərindən hamiləlik dövründə tövsiyə olunmur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB