"Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən işçinin əsas iş yeri üzrə əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda o, həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yusif Allahverdiyev və Partnyorları vəkil bürosunun vəkili Murad Hüseynov deyib.
Murad Hüseynov sözlərinə belə davam edib: "Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əgər işçi əvəzçilik üzrə əlavə iş yerində əsas iş yeri üzrə əmək müqaviləsində nəzərdə tutulan iş saatından sonra işləyəcəksə, bunun üçün əsas işyerindəki işəgötürəndən razılıq almaq tələbi yoxdur. Əvəzçilik üzrə iş əsas iş yerindəki iş saatında olacaqsa, işçi bu halda əsas iş yeri üzrə işəgötürəndən razılıq almalıdır.
Əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin 89-cü maddəsi ilə müəyyən edilmiş normanın (8 saat) yarısından çox olmamaqla – işçi ilə əlavə iş yerindəki işəgötürənin razılığı ilə müəyyən edilir.
Əlavə iş yerində çalışmaq istəyən işçiyə aşağıda qeyd edilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir:
1) Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.
2) Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Yəni həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
Onu da qeyd edək ki, bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilir ki, 2014-cü ilin iyulun 1-dən istifadəyə verilən elektron informasiya sistemi bir şəxslə iki və daha artıq iş yerində bağlanmış əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməsində heç bir məhdudiyyət yaratmır.
Elektron İnformasiya Sistemi proqram təminatı hazırlanarkən bu məqam nəzərə alınıb. Yəni, hər hansı şəxslə əsas iş yerində bağlanmış əmək müqaviləsi bildirişi qeydiyyatdan keçirilərkən bu iş yeri sistemdə də onun əsas iş yeri kimi əksini tapır. Əlavə iş yerində bağlanmış əmək müqavilələri bildirişi isə sistemdə onun əlavə iş yeri kimi qeydiyyatdan keçirilir. Bütün hallarda Elektron İnformasiya Sistemində işçinin yalnız bir əsas iş yeri qeydiyyatdan keçir və sistem əlavə iş yerinin də əsas iş yeri kimi qeydiyyatdan keçirilməsini təmin etmir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB