“Bakı Metropoliteni inzibati məsuliyyətə cəlb edən qurum deyil” - QURUM RƏSMİSİ AÇIQLADI
“Metropoliten kifayət qədər fərqli və spesifik nəqliyyat növüdür. Bu səbəbdən Bakı Metropoliteni də daxil olmaqla metropolitendən istifadə qaydaları hər zaman xüsusi olur. Bakı Metropolitenindən istifadə qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqini tapır və bu qaydalara əməl olunması çox vacibdir. Çünki sərnişinin təhkükəsizliyinin prinsipial məqamı məhz qaydalara ciddi şəkildə riayət olunmasından asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, burada pozulan bəzi qaydalar zamanı vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi də nəzərdə tutulub: “Lakin Bakı Metropoliteni inzibati məsuliyyətə cəlb edən bir qurum deyil, yalnız sərnişindaşımanın təşkili ilə məşğuldur. Bu səbəbdən də metropolitendə əsasən maarifləndirici tədbirlər görülür.
Xüsusi olaraq qeyd olunması vacib məqam, vaqonların qapısının saxlanılması, bağlanmasını gecikdirməkdir. Bu metropolitendə ən çox müşahidə edilən qayda pozuntusudur. Hansı ki, bu problem birbaşa olaraq qatarlar arasında intervalın artmasına səbəb olur. Hər bir halda əsas təbliğat vasitələrimiz bu məsələlərə doğru yönəlir. Çünki sərnişinlər də metronun ən intensiv və intervalların ən qısa nəqliyyat vasitəsini olduğunu bilirlər. Bu səbəbdən bu qısa müddətdə saniyələrin də önəmi var. Sərnişinlərə müraciətlərimiz içərisində diqqətli olmaları vacib yer tutur. Çünki nizamlı hərəkətdə sərnişinlərin rolu olduqca böyükdür. Xüsusilə də qulaqcıqlardan istifadə edən sərnişinlər bir çox müraciətləri eşidə bilmirlər. Eyni zamanda sərnişinlərdən sanitar qaydalara riayət etmələrini tələb edirik. Çünki metropolitendə zibil qutuları olmur və bunu nəzərə almaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB