Məlum olduğu kimi yaxın dönəmdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mövzusu təzədən gündəmə gəlib. Medianı da yaxından maraqlandıran bu mövzuda siyasi ekspertlər müxtəlif fikirlər səsləndirib. Bəzilərinin fikrincə sülh mütləqdir, bəziləri isə tamam əksini düşünür.
Bəs görək şəhər sakinləri bu mövzu haqqında nə düşünür? SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.
Paytaxt sakini Zinyət Şahbazov: " Bizim üçün ən yaxşı variant məhz sülhün bağlanmasıdır. Lakin sülh sazişi bağlansa da düşünmürəm ki, nə vaxtsa Ermənistan tərəfi təxribatlarına son qoyacaq. Məncə, onlar həmişə eyni cür davranacaqlar. Sülh olsa belə bu yenə bir tərəfli olacaq. İlk fürsətdə Ermənistan sazişin şərtlərini pozacaq".
Paytaxt sakini Əli Yunusov: " Nə qədər Rusiyanın müdaxiləsi varsa, qətiyyən birdəfəlik sülhdən danışa bilmərik. Bizim region çox geostrateji və geocoğrafi yerdir. Əgər sülh müqaviləsi imzalansa, ruslar birbaşa Qafqazdan çıxacaq. Rusların Yaxın Şərq ölkələrinə quru yolları bağlanacaq. Rusiyanın yüz əlli milyon əhalisi var. Oradakı Amerika səfirliyində 400 işçi çalışır. Ermənistanın isə 3 milyon əhalisi olsa da, orada çalışan 3500 Amerika əməkdaşının çoxu xüsusi kəşfiyyat orqanlarının işçisidir".
Paytaxt sakini Taleh Məmmədov: " Mənə elə gəlir ki, Azərbaycan Prezidentinin səyi nəticəsində sülhə nail ola biləcəyik. Düşünürəm ki, müqavilədən sonra hər şey qaydasına düşəcək. Hissə-hissə hər şey öz həllini tapacaq. Çünki Ermənistanın başqa variantı yoxdur".
Paytaxt sakini Mirzəağa Məmmədov: "Məncə, Azərbaycan və Ermənistan arasında sülh baş tutmayacaq. Çünki həmişə bu müzakirə olunur, gündəmə gəlir. Lakin ermənilər heç cür ortaq yol tapmır və ədalətin tələb etdiyinə razı olmurlar. Onlar nə qanun tanıyır, nə də qayda. Sazişdən sonra yenə eyni şey olacaq. Yenə mülki əhaliyə hücum eləməyə, atəşkəsi pozmağa davam edəcəklər".
Paytaxt sakini Qızbəs Ağaməliyeva: " Onlar haqqında heç danışmaq belə istəmirəm. Məncə sülh imzalanmayacaq və imzalanmamalıdır da. Biz o qədər itki vermişik. Onların bizim torpaqlarımızı qaytarmamaq kimi variantları yoxdur. Bizim yumruğumuz da güclüdür, oğullarımız da güclüdür".
Paytaxt sakini Süleyman Cəfərov: " Açığı xalqımızın düşmənləri bütün dövrlərdə olub. Bundan sonra da olacaq. Düşünmürəm ki, sülh sazişi ermənilərin mənfur əməllərinə son qoyacaq. Onlar daha əvvəl necəydilərsə yenə elə qalacaqlar. Bu mübahisəsizdir".
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB