9 May faşizm üzərində Qələbə günüdür. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib.
Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.
İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb. Bütün bunlara baxmayaraq bəzi insanlar 9 May Qələbə gününün qeyd olunması əleyhinədir. Bəs, görək şəhər sakinlərinin bu günə münasibəti necədir. SİA mövzu ilə bağlı şəhər əhalisi arasında sorğu keçirərək onların fikirlərini öyrənib.
Şəhər sakini Əli bayramov: “9 May Qələbə günü ilə bağlı düşüncələrim müsbətdir. Ümumilikdə qələbələr baş ucalığıdır. Fəxr edirik ki, belə dəyərli günləri qeyd edirik. Qazanılan qələbələrə sahib çıxmaq lazımdır. Qələbə həyat yaradıcılığı üçün önəmlidir. İndiki gənclər də bizim etimadımızı doğruldur. Onların qazandıqları yeni qələbələr bizə yaşamaq üçün ümid verir”.
Şəhər sakini Sevil Hümbətova: “Biz indiki zəmanənin gəncləriyik. Bizim gördüyümüz, yaşadığımız qələbə 8 Noyabr tarixində qazanılıb. 9 May Qələbə gününü nə qədər oxusaq, öyrənsək də, Qarabağımızın düşmən işğalından azad edildiyi günün canlı şahidi olmuşuq. Hər çətinliyi, hər gözəlliyi ilə biz o tarixi günü yaşamışıq. Ona görə də əsas Qələbə günümüzü 8 Noyabr hesab edirəm”.
Şəhər sakini Vidadi Əmikişiyev: “Ola bilər ki, 9 May tarixi Qələbə günü kimi qeyd olunur. Amma mənim üçün qələbə günü 8 Noyabrdır. İki qələbə günü olmaz deyə düşünürəm. Bizim ordumuzun Qarabağı azad etdiyi gün sevincli günümüzdür. Qəmli ürəyimiz yalnız həmin gün rahatlıq tapdı”.
Şəhər sakini Lamiyə Zeynalova: “Məncə, 9 Mayın Qələbə günü kimi qeyd olunması lazım deyil. Çünki ölkə olaraq bu bizim qalibiyyətimiz hesab olunmur. Bir azərbaycanlı olaraq mən bu günün qeyd olunmasının əleyhinəyəm. 8 Noyabr varkən niyə 9 Mayı Qələbə günü kimi qeyd etməliyik?! Vətənpərvərliyimizi 8 Noyabr günü göstərməliyik”.
Şəhər sakini Sərraf Baxışov: “Əlbəttə ki, 9 May Qələbə günü də qeyd olunmalıdır. Çünki həmin vaxtda da igidlərimiz mübarizədə can qoyublar. Amma təbii ki, mənim üçün əsas qələbə günü 8 Noyabrdır. Şükürlər olsun ki, Allah bizə o günü yaşatdı. Qələbəmiz tarixə yazıldı. Dünyaya sübut etdik ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Şəhər sakini Zəhra Rəhani: “Düşünürəm ki, əgər bu qələbədə bizim dövlətimizin, eyni zamanda xalqımızın payı varsa, təbii ki, qeyd olunmalıdır. 8 Noyabr gününü də, 9 Mayı da qeyd edə bilərik. Qələbələrimizin sayının çox olmasının bir ziyanı yoxdur. Əksinə biz bu tarixləri unutmamalı və unutdurmamalıyıq ki, bütün dünya bizim dövlətimizin qüdrətindən xəbərdar olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB