Dünyada media azadlığı necə görünür? - MEDİA KAPİTANLARI ARASINDA SORĞU

Dünyada media azadlığı necə görünür? - MEDİA KAPİTANLARI ARASINDA SORĞU

Bütün dünyada olduğu kimi, bu gün Azərbaycanda da 3 may Ümumdünya Mətbuat Azadlığı Günü qeyd edilir. Bu günün qeyd edilməsi beynəlxalq ictimaiyyətə, o cümlədən, bizə də imkan verir ki, söz və ifadə azadlığı, medianın sərbəst fəaliyyəti ilə bağlı məqamlara nəzər salaq, mövcud çətinliklərin aradan qaldırılması yollarını müəyyənləşdirək. SİA mövzu ilə bağlı media nümayəndələri arasında sorğu keçirib.

Mətbuat Şurasının sədri Rəşad Məcid: “1993-cü ildə BMT-nin Baş Məclisi YUNESKO-nun təklifini nəzərə alaraq, may ayının 3-nü “Ümumdünya Mətbuat Azadlığı günü” elan etdi.

Ulu Öndər Heydər Əliyev medianın özünütənzimləmə strukturunun olmasına ciddi önəm verirdi. Təsadüfi deyil ki, Mətbuat Şurasının təsis edildiyi Azərbaycan jurnalistlərinin 2003-cü il martın 15-də keçirilmiş birinci qurultayına təbrik məktubu da ünvanlamış, qurultayın işinə uğurlar arzulamışdı. Ulu öndər Heydər Əliyev mətbuata dəstəyinə görə “Jurnalistlərin dostu” adını qazanmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərin media siyasətinə sadiqliyini nümayiş etdirməkdədir. Buna görə üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Media təmsilçilərimiz bu fikrə gələrkən, dövlətimizin başçısının ölkədə bütün sahələrdə olduğu kimi, media sahəsində də apardığı geniş miqyaslı islahatları nəzərə alıblar. İsahatlar bu gün də davam edir. Məlum olduğu kimi, ötən il “Media haqqında” Qanun qəbul edildi. Medianın İnkişafı Agentliyi sənədin icrası istiqamətində mühüm addımlar atmaqdadır. Bu addımlar, həm media fəaliyyəti ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini, həm də mövcud sahədə nizam-intizam mühitinin formalaşdırılmasını rəhbər tutmaqdadır.

Biz jurnalistlər çalışmalıyıq ki, ölkəmizdə söz və ifadə azadlığı ilə bağlı mövcud əlverişli mühit xalqımızın, dövlətimizin inkişafı naminə ayrı-ayrı məqamların nəzərə alınmasını şərtləndirsin. Söz azadlığından sui-istifadə meylləri aradan qalxsın. Hesab edirəm ki, mənfi halların aradan qalxması sözün çəkisini daha da artıracaq və onunla daha çox hesablaşanlar olacaqdır. Nəzərə alaq ki, bu hesablaşma, eyni zamanda, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi baxımından müstəsna əhəmiyyət daşıyan faktordur”.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli: "3 may Beynəlxalq Mətbuat Azadlığı Günü 1991-ci ildə Vindhuk bəyənnaməsinin qəbul edilməsi ilə başlayır. Bəyənnamənin mahiyyəti odur ki, jurnalistika və KİV subyektləri müstəqil, azad və təhlükəsiz fəaliyyət göstərməlidirlər. Bu bəyənnamə ilə onların təhlükəsizliyinə təminat verilir, azad və müstəqil fəaliyyət göstərmələri qərara alınır. Həmçinin, bəyənnamənin qəbul olunmasının səbəbi var. Bildiyimiz kimi, jurnalistika artıq riskli peşələr sırasına daxil olur. Təəssüf ki, jurnalistlər öz peşə fəaliyyətlərini təhlükəsiz və müstəqil şəkildə icra etməkdə çətinlik çəkirlər. Təsadüfi deyil ki, beynəlxalq jurnalist təşkilatlarının hesablamalarına görə, təkcə son 30 il ərzində, yəni 1990-ci ildən 2020-ci ilə qədər dünyada 2 min 800-ə yaxın jurnalist öz peşə fəaliyyətini yerinə yetirərkən qətlə yetirilib. Bu onu göstərir ki, jurnalist əməyi asan demək deyil. Onların fəaliyyətlərinə təhdidlər olur və fiziki xəsarətlər alırlar.

Sevindirici haldır ki, Azərbaycanda jurnalistlərin təhlükəsiz, azad və müstəqil fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Buna ilk olaraq Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təminat verir. Azərbaycan yeganə ölkələrdəndir ki, burada KİV-in inkişafı, jurnalistlərin sosial qayğılarının aradan qaldırılması üçün həm də xüsusi konsepsiya qəbul olunub. Bütün bunlar onu göstərir ki, Azərbaycan jurnalistikanın azad və müstəqil fəaliyyət göstərməsi üçün münbit ölkələrdən biridir. Arzu edək ki, dünyanın bütün ölkələrində jurnalistlərin azad və müstəqil fəaliyyət göstərməsi təmin edilsin".

"Şərq" qəzetinin Baş redaktoru Akif Aşırlı: "Azadlıq misli məna kəsb edir. Medianın bəlli qayda və qanunları var. Bu qanunlar çərçivəsində media öz funksiyalarını həyata keçirir.

Hər ölkədə medianın azadlıq səviyyəsi eyni deyil. Çox təəssüflər olsun ki, Azərbaycanda media azadlığı ilə bağlı dünyada bəzi qərəzli media təşkilatları obyektiv fikir irəli sürmürlər. Onlar reytinq cədvəlində Azərbaycanı həmişə aşağı yerlərdə göstərirlər. Halbuki, Azərbaycanda bu gün azad söz və azad media üçün münbit şərait var. Həmçinin, informasiya resursları əlçatandır və medianın müxtəlif sahələri üzrə problemlərlə yanaşı inkişaf da var.

Hesab edirəm ki, media azadlığı günü ilə bağlı keçirilən tədbirlərdə mövqeyimizi ortaya qoyduq. Bu gün biz medianın yeni bir inkişaf mərhələsindəyik və media haqqında yeni qanun qəbul olunub, Medianın müxtəlif sahələri üzrə inkişaf proqramları var ki, bunlar da uğurla həyata keçir.

İnanıram ki, yaxın gələcəkdə media qarşısına qoyduğu vəzifələri, daha doğru, düzgün, obyektiv və cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etməyi bacaracaq".

Media eksperti Azər Həsrət: "Əlbəttə dünyada və Azərbaycanda media azadlığının durumunu müqayisə edə bilərik. Belə baxanda müxtəlif beynəlxalq qurumlar reytinqlər tərtib edir. Bu reytinqlərdə bir qayda olaraq Azərbaycanı aşağı yerlərdə göstərirlər. Guya bizdə media azadlığı, mətbuat azadlığı aşağı səviyyədədir. Amma biz özümüz də yetərincə dünyanı tanıyırıq, bilirik, dünyanın aparıcı ölkələrindən tutmuş ən geridə qalmış ölkələrinə qədər hamısında medianın nə durumda olduğu ilə bağlı yetərincə məlumatlıyıq və müşahidələrimiz, müqayisələrimiz onu deməyə əsas verir ki Azərbaycanda mətbuat azadlığı əslinə qalanda bir sıra beynəlxalq qurumların iddia etdiyi kimi aşağı səviyyədə deyil, əksinə daha yüksək səviyyədədir. Yəni elə ölkələr var ki həmin ölkələr belə baxanda demokratik sayılır, media azadlığına hörmət edən sayılır, bunlar haqqında bəh-bəhlə danışılır. Amma biz içəridən o ölkələrə baxanda görürük ki Azərbaycan mediası onların mediasından daha azaddır. Bu ölkələr sırasında hamıdan öndə gələn məsələn Fransadır. Yəni burada jurnalistlərin döyülməsi, həbs edilməsi hətta jurnalistlərin can güvənliyinin olmaması, terror hadisələri bütün bunlar baş verir. Amma nə sirrdirsə reytinqlərdə biz görürük ki Fransa həmişə yüksək səviyyədədir, Azərbaycan ki burada faktiki olaraq terror hadisəsi yoxdur, jurnalistlərin can güvənliyi problemi yoxdur, media azadlığı yetərincə təmin edilir. Yəni istənilən şəxs Prezidentə qədər hər kəsi tənqid edə bilir. Biz sən demə media azadlığı məsələsində aşağı yerdəymişik. Əlbəttə ki bu qərəzdən irəli gəlir. Ümumilikdə isə mən müqayisə üçün deyim ki Azərbaycan media azadlığı indeksinə görə dünyanın ən azından ilk 30 ölkəsi sırasında olmalıdır. Yəni bunu şəxsi müşahidələrim əsasında, şəxsi qənaətim əsasında deyirəm. Çünki yetərincə təcrübəm var, dünya ölkələrini gəzmişəm, dünyanın sağında-solunda Afrikası, Cənubi Amerikası, istər Şimali Amerikası olsun, istərsə də Uzaq Avstraliya olsun, Uzaq Şərqi Asiya olsun, Avropa ölkələri bütün bu ölkələrdə medianın durumu ilə bağlı hər halda gündəlik məlumatlar alıram və aldığım məlumatlar onu deməyə əsas verir ki Azərbaycanda başqa ölkələrdə olduğu qədər təhlükələr və təhdidlər eyni zamanda məhdudiyyətlər yoxdur. Belə olan şəraitdə bizim ölkəmiz mən hesab edirəm ki ən azı ilk 30-luqda yer ala bilər və almalıdır".

Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar Məmmədli: "Dünyada və Azərbaycanda media azadlığı səviyyəsi təxminən eyni səviyyədədir. Söhbət qlobal yanaşmadan gedirsə, ənənəvi mətbuat sosial şəbəkələrə artıq neçə ildir ki, öz operativliyi və geniş areala yayılmağına görə uduzur. Artıq dünya mətbuatında əsas məsələ budur ki, mətbuat azadlığı sosial şəbəkədə daha ifrat formada jurnalistlərin etik qaydalarını pozaraq yayılır. Amma bu heç də o demək deyil ki, media azadlığı yalnız bundan ibarətdir. Media azadlığı medianın əsas prinsipinə əməl edərək yayınlanmalı olan xəbərlərdir. Amma təəssüflər olsun ki, biz bunun şahidi olmuruq. Mətbuat həyatımızın bir parçasıdır. İnformasiyasız nə cəmiyyət, nə də dövlətlər yaşaya bilməz. Bu faktdır"

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə