Azyaşlı uşaqların məşqdə ölümünə kim cavabdehdir? - ARAŞDIRMA

Azyaşlı uşaqların məşqdə ölümünə kim cavabdehdir? - ARAŞDIRMA

İdmanın insan həyatındakı vacib rolu günü-gündən daha yaxşı başa düşülür. Kompüter və televizorun həyatımıza daxil olması ilə uşaqlar idmandan uzaq oturaq həyat tərzinə keçid ediblər. Bəs, uşaqlar üçün idmanın faydaları nələrdir? Uşaqlara idman müəllimi seçərkən nələrə diqqət etməliyik? Övladlarımızı idmana minimum neçə yaşından yazdırmaq mümkündür? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Uşaqlar üçün idmanın faydaları

İdman uşağın psixoloji, sosial və fiziki inkişafına kömək edir. Fərdi idman növləri özünə inamın və məsuliyyət götürmə qabiliyyətinin inkişafına töhfə verərkən, komanda idmanı bir-birinə kömək etməyi və fərdi ambisiyaları idarə etməyə müsbət təsir göstərir.

İdmanla məşğul olan uşaq vaxtını düzgün istifadə etməyi öyrəndiyinə görə, məktəbdə uğur qazanır. Müntəzəm fiziki fəaliyyətlə uşağın gücü və dözümlülüyü artır, sümük inkişafına müsbət təsir edir, çəkiyə nəzarət əldə edilir. İdmanla, hərəkətsizlik və artıq çəki nəticəsində yetkinlik dövründə inkişaf edə biləcək ürək-damar xəstəliklərinin, diabetin və digər sağlamlıq problemlərinin qarşısını almaq olar.

İdmana başlamazdan əvvəl uşağın idmanla məşğul olmasına mane ola biləcək sağlamlıq probleminin olub-olmadığı qiymətləndirilməlidir. Uşağın yaşı, anatomik-funksional quruluşu və gücü nəzərə alınaraq hansı idman növləri ilə məşğul olmaq üçün uyğun olduğuna qərar verilir.

Hansı idman növü neçə yaşda olmalıdır?

5-7 yaş arası, yəni erkən uşaqlıq dövründə olan uşaqlar müntəzəm idman yerinə qaçış, tullanma, üzgüçülük kimi bütün bədən hərəkətlərini əhatə edən və böyük əzələ qruplarını işlədən fəaliyyətlərə üstünlük verməlidirlər. Yaradıcılığı və tədqiqatı inkişaf etdirən oyunlar və sadə fiqurlarla rəqs fəaliyyətləri dəstəklənməlidir. Bu yaş qrupunda uşaq daha çox fərdi olduğu üçün onları fərdi fəaliyyətə yönəltmək lazımdır.

Orta uşaqlıqda, yəni təxminən 8-9 yaşlarında yuxarıda qeyd olunan fəaliyyətlərdən əlavə velosiped sürmək, komanda idmanı, öyrənmə fəaliyyətləri Kompleks fiqurları əhatə edən əsas idman hərəkətləri və rəqs fəaliyyətləri başlana bilər. Bu yaş dövründə qrup fəaliyyətləri ola bilər. Komanda mübarizəsi liderliyin və şəxsi nizam-intizamın inkişafı üçün vacibdir. Hər bir uşağa rəhbərlik etmək şansı verilməlidir.

10 yaşından sonra yarış tərzi fərdi, komanda idmanları və qrup fəaliyyətləri şəklində ola bilər.

Xüsusi idman sahələri üzrə təhsil almaq üçün uyğun yaşlar

Gimnastika, futbol, ​​basketbol, ​​voleybol, atletika, tennis, xizək idmanı üzrə 9-11 yaş, güləş üzrə 12 yaş, velosiped idmanı üzrə 14 yaş, ağır atletika üzrə 15-16 yaş, boks üzrə 17 yaş.

Ailələrin öhdəlikləri nələrdir?

- İdman etməklə uşağınıza nümunə olun.
- Məktəbdə və ya kənarda ailə fəaliyyət proqramlarında iştirak edin.
- Uşağınızı həvəsləndirin və istiqamətləndirin.
- Uşağınızı düzgün tənqidlə dəstəkləyin.

Uşaqların anatomik, fizioloji və psixoloji inkişafı davam etdiyi üçün məşq proqramları yaradılarkən diqqətli olmaq lazımdır. Unutmayın ki, uşağın təhlükəsizliyi həmişə birinci yerdədir.

Uşağın dözümlülüyünü və bacarığını artırmaq üçün yeni fəaliyyətlər aşağı intensivliklə başlamalı və tədricən artırılmalıdır. Uşaqlarda termorequlyasiya sistemi dediyimiz mühitə uyğun bədən istiliyinin tənzimlənməsi sistemi tam inkişaf etmədiyi üçün çox isti və soyuq mühitlərdə idman edərkən orqanizmin uyğunlaşmasında çətinliklər yaşana bilər. Buna görə də, uyğun geyim və kifayət qədər maye qəbulu çox vacibdir.

Uşaqların həyata hazırlaşarkən ilk gördükləri və nümunə götürdükləri modellər valideynləridir. Valideynlər idmanla iç-içə olan sağlam həyat tərzini bir ailə kimi mənimsəyib, onu ailənin ictimai fəaliyyətinə çevirə bilsələr, uşaqlar bu vərdişi həm yetkin həyatına, həm də öz övladlarına ötürə bilərlər.

İdman uşaqları öz qabiliyyətlərindən xəbərdar edir. İdmanın uşaqlar üçün təkcə fiziki deyil, həm də sosial və psixoloji inkişaf baxımından çoxlu faydaları var. Unutmayın ki, idmana sərf olunan vaxt boşa getmir və valideynlər övladlarını idmana həvəsləndirməlidirlər.

- Bir sıra araşdırmalar göstərir ki, idmanla məşğul olan uşaqların məktəbdə uğurları məşğul olmayanlardan daha yüksəkdir.

- İdman uşaqlara nizam-intizam və məsuliyyət hissi verir.

- Duyğularını idarə etməyi öyrənirlər.

- Uşaqlar idman yarışlarında sürətli olmalı və tez qərarlar verməlidirlər. Bu səbəbdən idmanla məşğul olan uşaqlar qərar qəbul etmə, riyazi təfəkkür və imkanları sürətlə inkişaf etdirə bilirlər.
Hesablama kimi mövzularda da özlərini təkmilləşdirirlər.

- Uşaqların sosial bacarıqlarının inkişafında idmanın böyük rolu var. İdman dostluq münasibətlərini möhkəmləndirir, komanda işinin və əməkdaşlığın faydalarını öyrədir. Uşaqlarda idmanla yanaşı ünsiyyət bacarıqları da inkişaf edir. Uşaqlar bir komandanın üzvü olduqda, nöqsan tapmaqdansa konstruktiv olmağı, tənqid etməkdənsə paylaşmağı öyrənirlər. Uşaqların ilk növbədə kollektivə adaptasiyası artır, sonra yaxın ətrafı, dostları ilə ünsiyyəti yaxşılaşır. Bu səbəbdən, idmanla məşğul olan uşaqlar adətən daha sosial olurlar.

- İdmanla məşğul olmaq uşaqların özünə inamının artırılmasında böyük rol oynayır. Özlərinə inamları artdıqca həyat sevincləri də artır.

- Qabiliyyətlərini real şəkildə dərk edir və özlərini daha yaxından tanıyırlar. İdman onlara öz güclü və zəif tərəflərini kəşf etməyə imkan verir.

- Uşaqlar asudə vaxtlarından idmanla pozitiv şəkildə istifadə edirlər.

- İdmanla məşğul olmağın diqqətə də təsiri var. Araşdırmalar göstərir ki, idmanla müntəzəm məşğul olmaq diqqəti toplamaq qabiliyyətini artırır.

- Dırnaq yemə, yataq islatma, nəcis etmə, oğurluq, dərsdən yayınma və s. kimi davranış pozuqluğu olan uşaqlarda idman mühüm rol oynayır.

- Müntəzəm olaraq idman edən uşaqların immun sistemi digər uşaqlara nisbətən daha güclü olur. Bu səbəbdən uşaqların idmanla məşğul olması onların xəstəliklərlə daha az qarşılaşmasına şərait yaradır. Həmçinin, onlar artıq piylənmə kimi sağlamlıq problemləri yaşamırlar.

İdman ölümləri

Xatırladaq ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub. Qərara əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Dünyada idman ölümləri

- 20 oktyabr 2014-cü il tarixində Hindistanın Birma sərhədində yerləşən Xavzavl şəhərində oynanılan matçın 62-ci dəqiqəsində Bethlehem Vengthlang üçün vurduğu bərabərlik qolunu bir-birinin ardınca yuvarlanaraq qeyd edən Biaksangzuala qəfil yerdə qalıb. Komanda yoldaşlarının hərəkətsizliyi ilə diqqət çəkən futbolçu təcili olaraq xəstəxanaya yerləşdirilib. Qaldırıldığı xəstəxanada onurğa beyninin ağır zədələnməsi aşkarlanan gənc futbolçu 5 gün reanimasiya şöbəsində müalicə olunduqdan sonra dünyasını dəyişib.

- 2009-cu ildə dünya üçüncüsü olan ABŞ-dan olan uzun məsafəli üzgüçü Frensis Krippen 23 oktyabr 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə şəhərində keçirilən 10 km açıq havada üzgüçülük mövsümünün son mərhələsinə qatıldı. Meksikadakı əvvəlki yarışda qalib gələn Krippenin finiş xəttinə çata bilməməsi fərq edildikdən sonra axtarışlar başlayıb. Cəsədi finişin keçiriləcəyi sahildən təxminən 500 metr aralıda tapılan 26 yaşlı üzgüçünün 1,5 saat sonra ürəyində yaranan anomaliya və yarış şərtlərinin çətinliyi səbəbindən astma xəstəliyindən öldüyü müəyyən edilib.

- Jokey Frenk Hayes 4 iyun 1923-cü ildə ABŞ-ın Nyu-York şəhərindəki Belmont Parkında keçirilən su maneəli yarışının ortasında ürək tutmasından vəfat edib.

- Hayesin 35 yaşlı "Sweet Kiss" atı atlı yəhərində ölü yatarkən yarışı qazananda hadisə daha dramatik oldu. Hayes "ölüykən yarışlarda qalib gələn yeganə idmançı" kimi tanınır.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov: "2016-cı il təvəllüdlü Fərid Bakarovun ölməsi böyük faciədir. Azyaşlı uşağın dünyasını dəyişməsi çox ağrılıdır. Allah ona rəhmət etsin, valideynlərinə səbr versin.

İlk növbədə, belə hadisənin baş verməsi məsuliyyət yükünü məşqçinin üzərinə qoyur. İstər federasiyadan lisenziya almış, istərsə də peşəkər məşqçi məsuliyyət yükünü üzərindən götürmür. Belə ki, Mehman Xəlilovun sambo idman növü üzrə məşqlər keçdiyi 19 saylı orta məktəbdə uşaqla davranışı çox böyük faciədir. Məşqçilərin uşaqlarını onlara həvalə edən valideynlər qarşısında böyük bir öhdəliyi olmalıdır.

Hər bir valideyn xüsusilə də azyaşlı övladını məşqə yazdırarkən mütəmadi olaraq məşqlərə gəlib nəzarət etməli, öz övladları ilə danışmalıdır. Təəssüflər olsun ki, uşağın geri dönüşü üçün heçnə mümkün deyil. Bununla bağlı videoların yayılması aidiyyatı hüquq mühafizə orqanları tərəfindən cinayətin açılması təbii ki, hadisəni törədənin öz cəzasını almasına gətirib çıxaracaq. Onun qanun qarşısında cavabdehliyi olacaq.

Xüsusi olaraq onu vurğulamalıyıq ki, valideynlər məşq keçilən yerə, oradakı şəraitə və məşqçi ilə ünsiyyətə xüsusi önəm versin, bilgili olsunlar. Bu çox vacibdir.

Digər tərəfdən, bu yaş qrupunda məşq keçən məşqçilərin də zaman-zaman həm narkoloji, həm psixoloji, həm insanı, həm də məşqçi keyfiyyətlərini müəyyənləşdirən federasiyalar tərəfindən ixtisasartırma və nəzarət kursları olmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə