Mayda toy edib-etməməyin səbəbləri BƏLLİ OLDU - SORĞU

Mayda toy edib-etməməyin səbəbləri BƏLLİ OLDU - SORĞU

“May ayında toy etməzlər”, “may çıxdı, vay çıxdı” kimi ifadələr yəqin ki, hər kəsə tanış gəlir. Bəs tez-tez eşitdiyimiz bu fikirlərin əsası varmı? SİA məsələ ilə bağlı ekspertlərin fikirlərini təqdim edir:

AMEA Folklor İnstitutunun elmi işçisi İlhamə Qəsəbova: “Əslində may təbiətin gözəlliyi baxımından toy keçirilməsi üçün ən yaxşı ay ola bilər. Çünki may ayı bolluq və bərəkəti ilə digər aylardan seçilir. Keçmiş dövrlərdə toy etmək üçün ayların heç bir fərqi yox idi. Lakin Sovet ideologiyasında ermənilərin qondarma düşüncələri formalaşmışdı. Guya 24 aprel türklərin ermənilərə soyqırım törətdiyi gündür və yas mərasiminin çıxmasını gözləmək də may ayının sonlarına təsadüf edir. Buna görə də “may çıxdı, vay çıxdı” kimi fikirlər insanların beyninə yeridilmiş, əslində heç bir əsası olmayan düşüncələrdir. Lakin son dönəmlərdə artıq insanlar daha düzgün düşünür və may ayının əslində toy etmək üçün ideal aylardan olduğunun fərqinə varıblar”.

Yazıçı-kulturoloq Aydın xan Əbilov: “May ayı kənd təsərrüfatı işlərinin ən qızğın çağıdır. Buna görə də vaxtilə məhz toy, el şənliklərini may ayına salmırdılar. Bununla da insanları öz işlərindən uzaqlaşdırmamış olurdular.

Digər tərəfdən isə may ayı xristianlıqla bağlı bir çox bayramların keçirildiyi aydır və hörmət əlaməti olaraq Azərbaycan xalqı toy, bayram şənliklərini ertələyərdilər. Məsələnin tibbi tərəfi də var. Belə ki, qışdan çıxan insanlarda immun zəifliyinin səbəbiyyət verdiyi bəzi xəstəliklər olurdu. Bu isə evlənən şəxslərin sağlam övlad dünyaya gətirə bilməyəcəyi kimi səciyyənləndirilirdi. İstənilən halda “may ayında toy etməzlər” fikri xalqın keçdiyi təcrübə nəticəsində formalaşıb”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: “Mayda toy etməzlər” fikrinin heç bir dini əsası yoxdur. Bununla bağlı araşdırma aparmışam. İnsanların mayda toy etməmə səbəbi əslində qışdan yeni çıxmaq və meyvə, tərəvəzin tamamilə yetişməməsidir. Məhz buna görə də adətən payız fəslində toy edənlər daha çox olur. Bəzi günləri çıxmaq şərtilə insanlar istədikləri zaman ailə həyatı qura bilərlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə