"Bəzi şadlıq evlərində süni qiymət artımı müşahidə olunur" - QURUM RƏSMİSİ AÇIQLADI
“Uzun sürən pandemiya dalğasından sonra şadlıq saraylarında canlanma müşahidə olunur. Hətta ənənəvi olaraq toyların az, bəzi hallarda isə ümumiyyətlə keçirilmədiyi aylarda sifarişlərin qeydə alındığının şahidi oluruq. Həmçinin qeyd edim ki, şadlıq evlərində bahalaşma var. Bunun bir neçə səbəbi var. İlin əvvəlindən etibarən demək olar ki, bir sıra qida məhsullarının qiyməti bahalaşıb. O cümlədən, kommunal xərclərin artması da bahalaşmaya təsir göstərən amillərdəndir. Bunu da unutmaq olmaz ki, ölkədə orta əməkhaqqı artıb”. Bu sözləri SİA-ya açıqlamasında DAİR Otellər və Restoranlar Assosasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.
Onun sözlərinə görə, digər tərəfdən təbii ki, bəzi şadlıq evlərində fürsətçilik halları da müşahidə edilir: “Yəni, süni qiymət artımı olur. Bu halda tövsiyə edərdik ki, göstərilən xidmətin keyfiyyətinə diqqət yetirsinlər. Bəzi hallarda qiymətin baha olmasına baxmayaraq gözlənilən keyfiyyət müşahidə olunmur”.
S.Dübəndi sözlərinə davam edərək bildirib ki, bundan əlavə bir vacib məsələni də qeyd etmək lazımdır: “Bugünkü gündə şadlıq saraylarının çoxunda israfçılığa yol verilir. Bu gün bizim göstərdiyimiz xidmət növü peşə dilində “table d’hote” adlanır, hansı ki sifarişçi tərəfindən öncədən menyu seçimi olur və daha sonra həmin yeməklər hazırlanır. Bu halda porsiya üzrə xidmət göstərilmir. Qalan yeməklər bir çox hallarda atılır. Bir sözlə, israfçılıq halları baş verir. İllərdir, məsləhət görürük ki, şadlıq sarayları daha səmərəli xidmət növlərindən istifadə etsinlər. Ümumilikdə hesab edirəm ki, xidmət prosesləri təkmilləşməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB